Cəbhə bölgəsində işğal edilmiş torpaqlarımızın azad edilməsi uğrunda ordumuzun düşmənlə müharibədə əldə etdiyi şanlı qələbələrin fonunda polis əməkdaşları da arxa cəbhədə həm ölkə ərazisində elan edilən hərbi vəziyyət, həm də ki, gözlə görünməyən düşmən olan koronovirusla mübarizədə yorulmadan xidmətlərini davam etdirirlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, infeksiyanın ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə elan edilən xüsusi karantin rejimi qaydaları çərçivəsində polis əməkdaşları tərəfindən nəzarət-profilaktik tədbirlər mütəmadi olaraq davam etdirilir. Virusa yeni yoluxma hallarına yol verməmək, infeksiya ilə mübarizədə əldə edilən müsbət nəticələrin qorunub-saxlanılması üçün tətbiq olunan karantin rejiminin tələblərinə əməl edilməsi xidmətə cəlb olunan əməkdaşlar tərəfindən daim nəzarətdə saxlanılır. Qapalı yerlərdə, ictimai nəqliyyatda, mağazalarda və iaşə obyektlərində polis əməkdaşları tərəfindən insanlar arasında profilaktik söhbətlər aparılaraq onlara sanitar-epidemioloji normalara əməl etməyin, sosial məsafənin təmin edilməsinin, eləcə tibbi maskadan istifadənin zəruriliyi barədə daim tövsiyələr verilir.
Bu məqsədlə paytaxt ərazisində mütəmadi olaraq həyata keçirilən reydlər zamanı qapalı məkanlarda sosial məsafəni gözləməyən, tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etməyən şəxslər qanunvericiliyə uyğun olaraq, inzibati məsuliyyətə cəlb olunublar. Tədbirlər nəticəsində alıcıların içəriyə maskasız daxil olmasına göz yuman obyekt sahibləri də məsuliyyətə cəlb ediliblər.
Paytaxt, eləcə də digər rayon və şəhərlərdə karantin qaydlarına əməl olunmasını təmin etmək məqsədi ilə polis əməkdaşları tərəfindən nəzarət bundan sonra da mütəmadi olaraq davam etdiriləcək.
Qeyd edək ki, COVID-19 infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2020-ci il 2 noyabr saat 06:00-dək uzadılıb.