Məktəblərdə məsafədən (distant) təhsil forması tətbiq edən məsul qurumlar, nədənsə adi vətəndaşların bunu reallaşdırmaq üçün maddi və texniki cəhətdən güclərinin çatıb-çatmayacağını düşünmür. Nə də olsa, hər bir azərbaycanlı ailənin, xüsusən də iki, hətta, üç uşağın məktəbə getməsi halında, onlayn dərslər üçün lazım olan texnikanı almaq imkanı yoxdur. Bunun üzərinə internetin idealdan çox-çox uzaqda olan keyfiyyətini də əlavə etsək, ölkənin təhsil müəssisələrində məsafədən təhsilin başlaması ilə vəziyyətin necə olacağı artıq indidən proqnozlaşdırılan bir mənzərədir.
AYNA-ya müraciət edən bir sıra valideynlər kompüter və planşet alınması ilə əlaqədar maddi çətinlik çəkdiklərini deyirlər. Məsələn, paytaxtın Suraxanı rayonunda yaşayan Elvira Məmmədovanın sözlərinə görə, oğlu və qızı eyni vaxtda onlayn dərs keçirlər: “İkisini də kompüterlə necə təmin edəcəyimi bilmirəm. Bir qohumumdan planşet borc almışam. Yaxşı bir cihaz ailəmizin büdcəsi üçün ağır yükdür. Bir çox texniki problemləri olan ucuzlardan istifadə etməksə əlverişsizdir. Üstəlik, internetin evdə işləmək səviyyəsi videokonfrans üçün tamamilə yararsızdır. Onlayn təhsilin başlanğıcından bəri mənzilimizdəki internet praktik olaraq işləmir”.
Qaradağ rayon sakini Cəmilə Həsənova də eyni problemlərdən şikayətçidir: “Tədris ilinin əvvəlinə qədər dərslərin necə olacağını bilmirdim. Və sonra birdən iki uşağımın qismən onlayn təhsil alacağı ortaya çıxdı. Təcili olaraq borc almalı və uşağın biri üçün köhnə kompüteri təmir etməli oldum. İkincisinə isə, özümə də iş üçün çox lazım olan telefonumu verirəm”.
Bakı sakini Fariz Əhmədovun sözlərinə görə, evdə sabit telefon xətti olmadığına görə, qonşunun Wi-Fi-ına qoşulması üçün xeyli dil tökməli olub.
İbtidai sinif şagirdlərinin valideynləri, çoxuşaqlı və aztəminatlı ailələrin əksəriyyəti planşet və kompüter çatışmazlığından şikayətlənirlər. Şikayətlərin çoxu internetin çox aşağı keyfiyyəti ilə bağlıdır. Valideynlər bu sürətin tədris ili başlayandan bəri kəskin dərəcədə pisləşdiyini bildirirlər. Yeri gəlmişkən, elektrik enerjisinin kəsilməsi ilə bağlı da şikayətlər var.
Azərbaycan İnternet Forumunun (AİF) prezidenti Osman Gündüzün AYNA-ya şərhinə görə, əgər qonşu ölkələrdə olduğu kimi məsafəli təhsilin təşkili üçün lazımlı texniki və texnoloji dəstək üçün büdcədən vəsait ayırması hökumət üçün çətindirsə, başqa bir çıxış yolu var: “Belə bir alternative variant xarici onlayn mağazalarda fərdi istifadə üçün bir kompüter alışı üçün rüsumsuz limitin azaldılması ola bilər. Bu vəziyyətdə vətəndaşlar mağazalarımızdakı orta səviyyəli noutbuk üçün 1500-2000 manat ödəmək məcburiyyətində qalmayacaq, onu iki dəfə ucuz ala biləcəklər - xarici elektron mağazada poçtla çatdırılma ilə 500-600 manata. Uzaqdan təhsil üçün tələb olunan smartfonlarla da vəziyyət eynidir - bu texnologiyanın hamısı onlayn olaraq ölkə daxilindən daha ucuz qiymətə əldə edilə bilər”.
Ancaq bunun üçün hökumət fərdi istifadə üçün idxal olunan malların gömrük limiti ilə bağlı rezonans doğuran NK305 sərəncamını yenidən nəzərdən keçirməlidir. Xatırladaq ki, Azərbaycan Nazirlər Kabineti son qərarı ilə bu il sentyabrın 20-də qüvvəyə minəcək “Fərdi şəxslər tərəfindən güzəştli və sadələşdirilmiş mal keçirilmə qaydaları”nda dəyişikliklər etdi. Respublikanın gömrük ərazisinə hər təqvim ayı ərzində bir dəfə güzəştli qaydada gətirilə bilən malların ümumi dəyəri 1500 dollardan 800 dollara endirilib. Bundan əlavə, beynəlxalq bağlamalar vasitəsi ilə çatdırılan mallar üçün rüsumsuz hədd 1000 dollardan 300 dollara qədər, üç dəfə endirildi.
“Düşünürəm ki, hökumət ya köhnə rüsumsuz həddi saxlamalı, ya da şəxsi istifadə üçün beynəlxalq bağlamalar vasitəsilə çatdırılan kompüter və planşetlər üçün rüsumsuz həddi 700 dollara qaldırmalıdır. Nəticədə, hökumət məsafədən təhsil üçün texniki dəstəyi maliyyələşdirmək məcburiyyətində qalmayacaq. Bu iş heç olmasa, əhalinin ən həssas qruplarına kömək etməklə məhdudlaşdırıla bilər. Burada qeyd etmək lazımdır ki, məsələn, Qazaxıstan hökuməti bu il məsafədən təhsilin təşkili üçün büdcədən 150 milyon dollar ayırdı. Təhsil Nazirliyimiz isə müəllim və şagirdlərdən texniki və texnoloji dəstəklə bağlı alınan məlumatları hələ də izləyir və öyrənir”, - Gündüz bildirib.
Bəs, Təhsil Nazirliyində məsafəli təhsilin texniki dəstəyi barədə nə düşünürlər? Qurumun mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov AYNA-ya qısaca olaraq bunu deyib: “Məktəblər uyğun bir IT infrastrukturuna sahibdir və nazirlik onlara bütün mövcud imkanlardan istifadə etmək lazım olduğunu tövsiyyə edib”.
İnternetin keyfiyyətinə gəlincə, sən demə, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin problemlərdən xəbəri yoxmuş. Belə ki, Nazirlik mətbuata verilən məlumata görə, “Baktelekom”un 24 saat xidmət göstərən 155 saylı zəng mərkəzinə şəbəkə problemləri ilə bağlı kütləvi şikayət gəlməyib...