Axtarış...

Pandemiyanın gətirdiyi daha bir bəla: Ərzaq bahalaşır - TƏHLÜKƏ

Pandemiyanın gətirdiyi daha bir bəla: Ərzaq bahalaşır - TƏHLÜKƏ

Avqust ayında dünyada ərzağın qiymətləri bahalaşıb. Sputnik Azərbaycan xəbər verir ki, şəkər, bitki yağı və taxılın qiymətləri iyul ayına nisbətən artıb, bununla da qlobal taxıl məhsullarının qiymətləri illik rekord göstəricisinə çatmaqda davam edir. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) yayımladığı hesabata əsasən, qlobal ərzaq qiymətləri, güclü tələbin və dolların zəifləməsi səbəbindən ardıcıl olaraq üçüncü aydır ki, avqust ayında da artmaqda davam edib.

Bəs, maraqlıdır dünya ərzaq böhranı təhlükəsi ilə üzləşə bilərmi? Dünyada ərzağın bahalaşması Azərbaycanda qiymətlərə necə təsir edəcək?

İqtisadçı Cəfər İbrahimli Sputnik Azərbaycan-a deyib ki, dünyada ərzaq qiymətlərinin bahalaşmasının səbəblərindən biri də pandemiya ilə bağlıdır:

"Pandemiya davam edərsə, ölkələrarası idxal-ixrac əməliyyatlarında yenidən məhdudiyyətlər yarana bilər. Yəni dünya bazarlarında müddətli alış-satış müqavilələrində qiymət dəyişikliyi müşahidə olunur. Amma Azərbaycanda və dünyanın əksər ölkələrində ərzaq təhlükəsi yoxdur. Xammal sahəsində, emal sənayesində fəaliyyətlər normal şəkildə davam edir. Digər tərəfdən, iqlim dəyişikliyi ilə bağlı da məhsullar üçün təhlükə görünmür. Yəni dünyada ərzaq böhranı təhlükəsi real görünmür".
O bildirib ki, Azərbaycan kənd təsərrüfatı sahəsində bəzi məhsulları (əsasən buğda və s.) idxal edir: "Bunları yaxın ölkələrdən (Rusiya, Qazaxıstan) idxal etdiyimiz üçün təhlükə yoxdur. Çünki həmin ölkələrlə yaxın münasibətlərimiz var, onlarda istehsalda, idxal-ixracda məhdudiyyətlər yoxdur. Eyni zamanda pandemiyanın ən ağır dövründə belə Azərbaycanda yerli istehsal davam edib. Bizdə xammal istehsalı, emal sektoru daimi işləyib və ciddi bir təhlükə və kəsinti yaranmayıb".

Tacirlər və İstehsalçılar Birliyinin rəhbəri Sevgim Rəhmanov isə Sputnik Azərbaycan-a deyib ki, Azərbaycan dünyada bahalaşan ərzaq məhsullarını idxal edirsə, bu, bizim bazarda qiymətlərə təsir edəcək: "İdxal olunan malların qiymətləri qalxan kimi yerli sahibkarlar da yerli malların qiymətini bahalaşdırırlar. Bu, aksiyomadır. Digər tərəfdən, əsas odur ki, mal qıtlığı olmasın. Mal bol olanda, tələbat az olduqda qiymət aşağı düşür. Məsələn, bu il yayda pomidor 3-4 dəfə 30-50 qəpiyə düşdü sonra 1,5-2 manata qalxdı. Qiyməti bazar özü tənzimləyir. Qiymət, çeşidindən asılı olmayaraq mala olan tələbatdan asılıdır".

O bildirib ki, dünyada ərzaq böhranı gözlənilmir:

"Hər bir dövlətin ərzaq ehtiyatı var. Məsələn, un hər il anbarlara yığılır. Hər 11 aydan bir unun vaxtı keçməsin deyə çörək zavodlarına verilir. Sonra təzə unu anbarlara qoyurlar. Azərbaycanın ərzaq ehtiyatı 5 ilə bərabərdir. Amma elə ölkə var ki, ərzaq ehtiyatı 20-30 ilə bərabərdir. İndi pandemiya olduğu üçün elə vaxt olur ki, nəqliyyatda çətinliklər olur. Nəqliyyatda çətinlik olmasa, bizim idxalda bir problemimiz yoxdur".
Qeyd edək ki, FAO-nun taxıl qiymət indeksi, iyul ayından etibarən 1,9 faiz artaraq 2019-cu il avqust ayındakı dəyərindən orta hesabla 7 faiz artım göstərib və burada dənli bitkilər və taxıl məhsulları ilk sırada yer alıb. Darı məhsulunun qiymətləri Çinin böyük idxal tələbi səbəbindən 8.6 faiz artıb və keçən ilə nisbətən burada 33.4 faiz artım müşahidə olunur. Qarğıdalı qiymətləri, Ayova ştatındakı son məhsul azlığının tədarükə təsir edəcəyinə dair narahatçılıqlar bu məhsulun 2,2 faiz artmasına səbəb olub. Düyünün beynəlxalq qiymətlərində də mövsümdən asılı olan səbəblər və Afrikadan bu məhsula olan tələbin artması ilə yüksəlmə müşahidə edilib.

FAO şəkər qiymətləri indeksi əvvəlki aya nisbətən 6,7 faiz artaraq, dünyanın ikinci ən böyük şəkər ixracatçısı olan Avropa İttifaqı və Tailanddakı əlverişsiz hava şəraitləri və Çinin güclü idxal tələbi nəticəsində istehsalın azalmasına səbəb olub. FAO bitki yağı qiymət indeksi başda palma yağı olmaqla soya, günəbaxan və kolza yağları daha çox tələbata əsasən 5.9 faiz artıb.

Gözlənilən budur ki, daha böyük həcmdə düyü və taxıl məhsulları tədarükü ilə canlanan 2020/21-ci illərdə dünya taxıl ticarəti, 2019/20 illərindəki səviyyəsindən 1,6 faiz daha çox, 441,4 milyon ton səviyyəsində olacaq.
Text-to-Speech

DİNLƏ






Şərh yaz