MilliTV.az
ATƏT Parlament Assambleyası (PA) rəhbərliyinin 2 sentyabr 2020-ci ildə keçirilən iclasında qurumun Büro üzvləri Ermənistanın Azərbaycanın işğal altında olan ərazilərinə Livan ermənilərinin qanunsuz köçürməsi və işğalçı ölkənin Azərbaycana qarşı törətdiyi təxribatların son aylarda daha da intensivləşməsindən narahatlıqlarını bildiriblər.
XeberOxu.Az-ın məlumatına görə, ATƏT PA-nın rəsmi internet səhifəsində Assambleyanın Bürosunun onlayn iclasına dair dərc olunan press-relizdə (https://www.oscepa.org/news-a-media/press-releases/2020/pa-leaders-meet-online-for-discussions-on-assembly-activities-international-priorities-and-challenges-facing-osce) qeyd olunub ki, təşkilatın prezidenti Georgi Tsereteli iclasda ATƏT regionunda davam edən münaqişələr, Dağlıq Qarabağ münaqişəsində son bir neçə ayda baş verən eskalasiya, Gürcüstan ərazisində davam edən qanunsuz sərhədləşmə prosesi və Ukrayna ərazilərinin qanunsuz işğalının davam etməsi məsələlərinə toxunub.
Eyni zamanda, Büro üzvləri ATƏT PA-nın Ermənistan-Azərbaycan münaqişəsinin həlli prosesinə töhfə verməsi üçün mövcud perspektivləri, ABŞ və Belarusdakı son durumu və COVID-19 pandemiyasının yaratdığı fəsadların aradan qaldırılmasının əhəmiyyətini müzakirə ediblər.
Press-relizdə deyilir ki, Ermənistan-Azərbaycan münaqişəsinə dair cari vəziyyətə toxunan ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev Büro üzvlərinə prezident Tsereteli və bir sıra ölkələrin ATƏT PA-dakı nümayəndə heyətlərinin rəhbərlərinə ünvanladığı məktublar barədə məlumat verib. ATƏT PA-nın vitse-prezidenti bildirib ki, bu məktublarda Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq hüququn və 1975-ci il Helsinki Yekun Aktının prinsiplərinə uyğun olaraq ədalətli həllinə dəstək göstərməyə çağırış əksini tapıb. Büro iclası ilə bağlı ATƏT PA-nın mətbuata yaydığı rəsmi açıqlamada qurumun vitse-prezidentinin Ermənistanın işğal olunmuş ərazilərdə qanunsuz məskunlaşdırma siyasətinə etirazı əksini tapıb: "Vitse-prezident Azay Quliyev Beyrut şəhərində baş verən son partlayışdan sonra Ermənistanın erməni mənşəli livanlıların Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə köçürülməsi haqqında məsələ qaldırıb və bu barədə narahatçılığını ifadə edib".
Xatırladaq ki, ATƏT PA Bürosunun sentyabrın 2-də keçirilən iclasında qeyd olunan məsələlərlə yanaşı Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi Tovuz təxribatı və Rusiya Federasiyasının Ermənistanı silahlandırması faktları da müzakirə olunub.
ATƏT PA-nın Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi təxribatçı fəaliyyətinə münasibət bildirməsi beynəlxalq ictimaiyyətin işğalçı ölkəyə daha adekvat qiymət verməsi və ölkəmizin ədalətli mövqeyinin müdafiəsi baxımından xüsusi önəm kəsb edir.
Xeberoxu.az