ATƏT Parlament Assambleyasının (PA) Qırğızıstanın paytaxtı Bişkek şəhərində keçirilən payız sessiyasında əsas müzakirə mövzusu “Etimad və regional əməkdaşlıq vasitəsilə sərhəd bölgələrində yeni çağırış və təhlükələrlə mübarizə” olub.
“Report” xəbər verir ki, müzakirələrdə çıxış edən ATƏT PA-nın rəhbərliyi və Qırğıstanın xarici işlər naziri regionada olan təhlükələrdən və onların aradan qaldırılması yollarından danışıblar.
Sessiyada çıxış edən Azərbaycan nümayəndə heyəti rəhbərinin müavini, deputat Tahir Mirkişili regionda təhlükəsizliyin pozulmasında əsas təhlükə mənbəyi olaraq işğalçılıq, etnik təmizləmə və ərazi bütövlüyünü pozulması olduğunu qeyd edib.
O, Ermənistanın Azərbaycana qarşı 25 ildən çox davam edən işğalçılıq siyasətinin qarşısının alınmasının bütün region üçün mühüm əhəmiyyət kəsb etdiyini bildirib: “Bu gün Azərbaycan ərazisinin 20 faizi işğal altında, əhalinin isə hər doqquz nəfərindən biri məcburi köçkündür. Bu fakt həm də Azərbaycanda prioritet olan insan kapitalının inkişafına mane olur”.
Ermənistanda hökumət dəyişikliyindən sonra Dağıq Qarabağ münaqişənin ədalətli həllinə müəyyən ümidlər yarandığını deyən T.Mirkişili sonrakı proseslərin və Ermənistanın yeni rəhbərliyinin ziddiyyətli bəyanatlarının münaqişənin həllinə zərbə vurduğunu və bunun regionda yeni təhlükəlli situasiya yaratdığını qeyd edib.
Deputat qeyd edib ki, regional təhlükəsizliyə nail olmaqda əsas məqsədlər kimi daxili sabitlik, vətəndaş həmrəyliyi, cəmiyyətdə həmrəylik, multikulturalizm, dinlər arası və xalqlar arası dialoqdur: “Buna nail olmaqda hər bir ölkəni Azərbaycanın təşəbbüslərini dəstəkləməyə çağırıram”.