Milliinfo.az
Yaxın vaxtlarda Türkiyə Respublikasının böyük şəhərlərindən biri ilə Gəncə avtomobil zavodunun yığdığı elektrobusların satışı ilə bağlı razılığa gəlinməsi nəzərdə tutulur.
Bu barədə XeberOxu.Az-a Gəncə avtomobil zavodu İstehsalat Birliyi Müşahidə Şurasının Sədri Xanlar Fətiyev verib. Onun sözlərinə görə, artıq şəhər rəhbərliyi ilə Gəncə avtomobil zavodunun nümayəndələri arasında ilkin danışıqlar yekunlaşdırılıb.
“Bu gün bütün dünyada həm ekoloji baxımdan, həm də yanacağa qənaət baxımından çox sərfəli olan elektrobuslardan istifadəyə başlanılmışdır. Gəncədə yığılan, 83 sərnişinin daşınmasını reallaşdıra biləcək elektrobuslar 26 oturacaqla, kondensionerlə, həmçinin məlumat monitoru və video nəzarət sistemi ilə təmin olunub. 60 kilometr/saat sürətlə hərəkət edə biləcək elektrobusun akkumulyatoru şəhər rejimində RGZP/G/300KW 600V-EN doldurma stansiyası tərəfindən 6 dəqiqə ərzində tam doldurulur və enerji bərpa olunur. Bu avtobuslar həm dizayn baxımından, həm də ətraf mühitin yanacağın kirli tullantılarından qorunması kimi vacib ekoloji baxımından çox sərfəli və əhəmiyyətlidir. 2019-cu ildən Gəncədə müasir dizayna malik “E-321” markalı elektrobuslarının yığımına başlanmışdır” deyə Xanlar Fətiyev əlavə edib.
Azərbaycanın şəhər və rayonlarına elektrobusların uyğunlaşması məsələsinə gəlincə müşahidə şurasının sədri bildirdi ki, istər Bakı və Abşeronda, istərsə də Gəncə və Sumqayıtda, o cümlədən də digər şəhər və rayonlarda elektrobusların fəaliyyəti və effektiv çalışması üçün bütün lazımı şərait var:
“Bu gün ölkəmizin bütün şəhər və rayonları dövlət başçısı İlham Əliyevin diqqət, qayğısı sayəsində günü gündən böyüyür, inkişaf edir, gözəlləşir, müasirləşir. Təbii ki, hər gün yaşıllaşan və ekoloji baximdan təmiz şəhərə çevirməyə çalışdığımız yaşayış yerlərində ekoloji baxımdan çox vacib olan elektrobusların xəttlər üzrə istifadəyə verilməsi çox məqsədəuyğun olardı. Təsadüfi deyil ki, bu yaxınlarda dövlət başçısının göstərişi ilə ölkəmizdə birinci “Yaşıl şəhər” layihəsi Gəncə şəhərində həyata keçiriləcək. Ümid edirik ki, Gəncə avtomobil zavodunun yığdığı elektorbuslar bu layihənin bir hissəsi ola biləcək” deyə Xanlar Fətiyev qeyd edib.