Axtarış...

Qazax Sement Zavodunda ÖZBAŞINALIQ - GİLEY



İşçi xəstə olduğu üçün işə gedə bilməyib, işəgötürən isə həmin günün axşamı işçinin əmək müqaviləsinə xitam verib. Bunu AYNA-ya ünvanlandığı müraciətində Qazax rayon sakini Hüseynov Ural Hüseyn oğlu yazıb.

Vətəndaşın sözlərinə görə, o, 24.08.2020-ci il tarixində özünü yaxşı hiss etmədiyindən, işə deyil, həkimə getməli olub. Həmin gün səhər saat 9-a işləmiş vəziyyətlə bağlı rəhbərliyinə bildirib, 10-a işləmiş isə İnsan Resursları Şöbəsinin rəhbəri ilə telefonla danışıb və səhhəti ilə bağlı həkimə getdiyini deyib. Bununla bağlı iş yerinə məlumat versə də, axşam saat 5-də evinə göndərilən məktubla, Əmək Məcəlləsinin 72-ci maddəsinin A bəndinə əsasən, işinə xitam verildiyi öyrənib.

“2019-cu ilin iyul ayında Qazax Sement Zavodunda mühasib kimi işə düzəlmişəm. 2020-ci ilin may ayında rəhbərlik tərəfindən administrasiya bölməsinə administrator təyin olunmuşam. Mən bu işə keçmək istəməsəm də, əks halda işdən çıxarılacağımla bağlı təhdid edildiyimə və niyyətlərini aydınlaşdırmq istədiyimə görə razılşadım. Mühasibatlıqda işlədiyim müddətdə neqativ hallarla bağlı dəfələrlə iradımı bildirmişəm. İşdən çıxarılanda Vüqar Süleymanovla görüşmək istədiyimi bildirmişdim, amma o, görüşdən imtina edərək, “o, kimdir ki, mən onunla görüşüm?!” deyib. Administarsiyada işlədiyim müddətdə mənə qarşı psixoloji təzyiqlər olub. Mən ehtiyatda olan zabitəm. Qardaşım və iki xalam oğlu şəhiddir. Biz ölkəmiz, millətimiz, xalqımız, milli-mənəvi dəyərlərimizin qorunması üçün yaşayırıq. Yuxarıda qeyd etdiyim kimi mühasibatlıqdakı neqativ hallar milyon manatlarla ölçülən cinayət əməlləridir. Bu barədə cənab Prezident və aidiyyəti qurumlara müraciət olunacaq. İş yerimin dəyişdirilmə səbəbini də bu halları bildiyimlə əlaqələndirirəm, başqa səbəb tapa bilmirəm”, - U.Hüseynov müraciətində bildirib.

Məsələ ilə bağlı Qazax Sement Zavodu ilə əlaqə saxladıq. Müəssisədən Hikmət Əliyev adlı şəxs AYNA-ya dedi ki, işçi məzuniyyət günü bitdikdən sonra iş günü ərzində işə gəlməyib: “Belə olan halda bizim daxili prosedur qaydalarımız var. İşçi iş yerinə gəlmədikdə təbii ki, onunla İnsan Resursları maraqlanmalıdır. Ural Hüseynovun evinə xəbərdarlıq üçün rəsmi bildiriş göndərilib. Bildirilib ki, işçi hansı səbəbdən dolayı işə gələ bilmədiyi haqda iş yerinə məlumat versin. Üzrlü səbəblərlə bağlı bizim daxili prosedur qaydalarımızda ərizə forması var. Həmin ərizə forması bütün işçilərimizdə var. Yəni, o ərizə forması yazılıb, bizim ünvanımıza göndərilə bilərdi ki, mənim səhhətimdə belə bir problem var və mən işdə olmayacam”.

“Sözsüz ki, işə götürən də bütün günü gözləyib. Qanunvericiliyə uyğun olaraq işçi üzrsüz səbəblərdən işdə olmadıqda, bu, onunla bağlanmış əmək müqaviləsinə xitam vermək üçün əsasdır. O, xəstəliklə əlaqədar bülletenin açılması ilə bağlı hər hansı məlumat təqdim etməyib. Əgər bülleten açılsaydı, sözsüz ki, işəgötürən bunu nəzərə alardı. Ural Hüseynov 24 avqust səhər işdə olmalıydı. Həmin gün axşam günün sonunda ona bildiriş göndərilib. Əgər bundan sonra bizə rəsmi ərizəsini təqdim etsəydi ki, “mən xəstəyəm”, o zaman işəgötürən onu nəzərə alacaqdı. Və xəstəlik vərəqəsi neçə günlük açılıbsa, həmin gündən sonra təqdim etməyi gözləniləcəkdi. İşçi işdən əsassız yayınıb və bu, qanun pozuntusu sayılır. Əmək Məcəlləsi necə nəzərdə tutursa, o qaydada addım atmışıq”, - müsahibimiz vurğulayıb.

H.Əliyevin sözlərinə görə, əgər işəgötürən baş vermiş halı kobud pozuntu hesab edirsə, işçi ilə bağlı istənilən qərarı verə bilər: “İş saat 8-də başlayır. İşçi saat 10-12-yə qədər iş yerinə xəbər verməyə borclu idi. Lakin heç bir məlumat verməyib. Bundan əvvəl də sözügedən işçi problemli işçi olub. Mütəmadi olaraq intizam qaydalarını pozub, bununla bağlı da işəgötürən özü tərəfindən kollektiv müqavilənin şərtinə görə təqdimatla Həmkarlar Komitəsinə müraciət edib. Bildirilib ki, burada intizamsızlıq var, işçi nizam-intizam qaydalarını pozur, amma biz buna tədbir görmürük. Xahiş edirik, işçi ilə izahati iş aparılsın”.

Ural Hüseynovun mühasibatlıqdakı qanun pozuntularını bildiyinə görə işindən uzaqlaşdırıldığı ilə bağlı iddiasına gəldikdə, zavod təmsilçisi bununla razılaşmayıb: “Tamamilə yanlışdır. Ural Hüseynov Tətbiqi-riyaziyyat fakültəsini bitirib. İxtisası mühasib işləmək üçün əsas vermir. Sadəcə işə götürüləndə onun öhdəliyində anası olduğu, atasının olmaması və sair əsaslar nəzərə alınıb. Amma əməliyyatçı mühasib götürülüb, mühasib yox. Lakin iş prosesində görülüb ki, Ural Hüseynovun səriştəsi bu işdə qalması üçün əsas vermir. İşçinin qarşılıqlı razılığı ilə əməkhaqqı artırılıb və digər işə təyin olunub”.

Məsələni AYNA-ya şərh edən hüquqşünas Sahib Məmmədovun sözlərinə görə, Əmək Məcəlləsi işçiləri 68, 70, 73, 75, 76-cı maddələrlə işdən çıxarmağa icazə verir: “72-ci maddə işdən çıxarma üçün tətbiq olunan maddə deyil. 71-ci maddədə də deyilir ki, işçinin, hətta, üzrsüz səbəbə görə işə gəlməməsi işəgötürənə maddi və mənəvi ziyan vurmadığı halda belə, əmək müqaviləsinə xitam vermək üçün əsas deyil”.

“Yəni, bu halda işçiyə xəbərdarlıq etmək, şiddətli töhmət vermək olar. Amma əmək müqaviləsinə xitam vermək ən axırıncı cəzadır. İşçi, hətta, icazə almasa da, işəgötürənə maddi və mənəvi ziyan vurmayıbsa, o maddənin tətbiqi düzgün deyil. Əks halda işçi əmr verildikdən bir ay müddətində məhkəməyə müraciət edə bilər”, - ekspert vurğulayıb.
Text-to-Speech

DİNLƏ






Şərh yaz