Pandemiya dövründə işçilərin ixtisara salınmaması barədə çağırışlar edilsə də, artıq dünyada bir sıra sahələrdə işəgötürənlər işçilərini müxtəlif üsullarla ixtisara salmağa başlayıb. Bu mənada ən böyük problem turizm sektorunda müşahidə edilsə də, artıq neft istehsal müəssisələri, əməliyyat şirkətləri də işçilərinin ixtisarına start verib.
OPEC-in neft hasilatını azaltması isə bu sahədə işçilərin kütləvi işsizliklə üzləşməsi təhlükəsini daha da artırır. Azərbaycanda da neft sahəsində xeyli sayda insan çalışır. Üstəlik ölkəmiz də neft hasilatını azaldıb. Sputnik Azərbaycan Azərbaycanda neft sektorunda işçilərin ixtisarının gözlənilib-gözlənilmədiyini araşdırıb.
Neftçilərin Hüquqularını Müdafiə Təşkilatının rəhbəri Mirvari Qəhrəmanlı Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, artıq bəzi şirkətlər birbaşa olmasa da, dolayı yollarla işçilərin ixtisarına başlayıb. Onun sözlərinə görə, Azərbaycanda 5 əməliyyat şirkətinin daxil olduğu "Global Enerji "artıq işçilərin ixtisarı üçün müxtəlif variantlara əl atıb. M.Qəhrəmanlı deyir ki, "Global Enerji" hələ noyabr ayında yeni qazma şirkəti açıb."Şirvan Dreamland Company" adlı şirkətə daxil olan 5 şirkətdən - Neftçalada - Neftçala Oil, Şirvanda - Şirvan Oil, Binəqədidə - Binəqədi Oil-un hərəsindən 30-40 işçi həmin şirkətə göndərilib. Bu əməliyyat şirkətləri 300 nəfəri işdən çıxardaraq qazma şirkətinə göndərib. May ayında isə həmin qazma şirkət ləğv edildi. Beləcə, onlar 300 nəfəri işdən çıxartdılar".
M.Qəhrəmanlı deyir ki, adı ixtisar olmasın deyə neft sahəsindəki əməliyyat şirkətləri işçilərini bu yolla işdən uzaqlaşdırırlar:
"İkinci üsul isə işçilərə əmək müqaviləsi olduğu halda ikinci əmək müqaviləsinə qol çəkdirməkdir. Bahar Əməliyyat Şirkəti mart ayında ixtisar aparmaq istəyirdi. Məlumata görə, dünəndən orada işçilərə iki əmək müqaviləsinə qol çəkdiriblər. İşçiləri məcbur edirlər ki, əmək müqaviləsi ola-ola ikinci əmək müqaviləsinə qol çəksinlər ki, dekabrın sonunda işdən çıxıram. Belə halda 1-ci əmək müqaviləsi ləğv olunur, işçilər könüllü ərizələri ilə işdən uzaqlaşdırılırlar.
Eyni adama iki müqaviləyə qol çəkdirilir. Hər birinin surəti məndə var. Bəzilərinə isə imza atdırırlar ki, əmək haqqı 20 faiz azaldılsın. Halbuki, işçi ilə bağlanılan Əmək Müqaviləsində işçiyə təyin edilən əmək haqqı 20% azaldıla bilməz! ARƏM-nin 43-cü maddəsində qeyd edilib ki, əmək müqaviləsi bağlanarkən, həmçinin əmək münasibətlərinə xitam verilənədək bu Məcəllə ilə işçilər üçün müəyyən edilmiş hüquq və təminatların səviyyəsi azaldıla bilməz. Bu Məcəllədə başqa hal nəzərdə tutulmayıbsa, əmək müqaviləsinin şərtləri birtərəfli qaydada dəyişdirilə bilməz".
M. Qəhrəmanlı deyir ki, Bahar Əməliyyat Şirkəti 2010-cu ildə yaradılıb. Yaradılanda 3 minə yaxın işçisi olan ƏŞ-nin hazırda 700-ə yaxın işçisi qalıb. M.Qəhrəmanlı onu da bildirir ki, SOCAR da özünün tərkibindəki qazma şirkətinin işçilərini məzuniyyətə göndərir: "SOCAR işçilərinin 70 faizi ilə müvəqqəti müqaviə bağlayıb. Bu da əmək qanunverciliyinə ziddir. Müqavilə vaxtı bitən kimi işdən avtomatik çıxırlar. Çox təəssüf ki, Azərbaycan Əmək Müfəttişliyi bu şikayətlərə baxmır. "Aran Oil"dan bu barədə şikayət vardı. Əmək Müfəttişliyi buna baxmadı ki, içilər Bakıya gəlib şikayət etsinlər".
M. Qəhrəmanlı bildirir ki, pandemiya dövründə Əmək Müfəttişliyi bu kimi qanunsuz ixtisarların qarşısını almaq üçün monitorinqlər keçirməlidir.
Neft-qaz məsələləri üzrə ekspert İlham Şaban isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, işəgötürənlərə işçiləri ixtisar etməmək üçün nə qədər çağırışlar olsa da, bazar öz qanunuyğunluqlarını tətbiq edir:
"Artıq dörd neft və qazçıxartma idarəsində hasilat dayanıb. Nə qədər çalışsalar da, bu sahədə işçilərin ixtisarı qaçılmazdır. Şirkətlər daxilində islahatlar aparılır ki, öz xərc-borclarını ödəyə bilsinlər. Hər bir şirkət öz-özünü dolandırmalıdır.
Qlobal BP 10 min işçisini ixtisar edib. BP-nin bu islahatı bu gün üçün yox, 40-50 il üçün, gələcək üçün hədəflənib. Azərbaycanda fəaliyyət göstərən əməliyyat şirkətlərində də ixtisarlar qaçılmazdır. Mənim poçtuma hər həftə neft sahəsində çalışanlardan 5-10 CV daxil olur. Onlar iş axtarırlar".