Tovuz döyüşlərindən sonra Azərbaycan ordusunun Qarabağ istiqamətindən hücuma keçəcəyindən ehtiyatlanan Ermənistan hakimiyyəti və separatçı rejimin təmsilçiləri vaxtaşırı hədyanlar səsləndirməkdədirlər.
Azərbaycanın Xarici İşlər və Müdafiə nazirlikləri düşmənin Gəncəni vuracaqları ilə bağlı sərsəm iddialarını da cavablandırıb, həmçinin baş verəcək hər hansı xoşagəlməz hadisələrə görə qarşı tərəfin məsuliyyət daşıyacağı barədə xəbərdarlıq edib. Aydın məsələdir, Ermənistan həm qorxur, həm də öz aləmində qorxutmağa çalışır. Ancaq beynəlxalq hüquq Azərbaycana öz torpaqlarını işğaldan azad etməyə mane olmadığı üçün düşmən çox narahatdır. Bu mənada “növbəti ərazi iddiaları” barədə sərsəmləmələr də çıxılmazlıq sindromunun məntiqi nəticəsidir. Sözsüz ki, əldə oyuncağa çevrilən düşməni danışdıran qüvvələr də var, amma bütün bunlar Azərbaycanı haqlı mövqeyindən çəkindirə bilməz.
Son aylarda İrəvandan Xankəndinə və digər işğal altındakı ərazilərimizə qanunsuz səfərlərin intensivləşməsi də səbəbsiz deyil. Bu səfərlər bir tərəfdən Qarabağdakı separatçılara ürək-dirək vermək xarakteri daşıyırsa, digər tərəfdən hakimiyyət iddiasında olanların Qarabağ klanının və işğalçı ordunun dəstəyini qazanmaq marağından irəli gəlir. Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru, “Vətən” partiyasının rəhbəri Artur Vanetsyan Azərbaycanın dövlət sərhədini növbəti dəfə pozaraq işğal altındakı torpaqlarımızdakı separatçılarla müxtəlif görüşlər keçirib.
Moderator.az xəbər verir ki, Xankəndindəki separatçı kriminal rejimin başçısı Araik Arutyunyan baş nazir N.Paşinyana yarınmaq üçün onu qəbul etməsə də, Kremlin işğalçı ölkədəki adamı sayılan A.Vanetsyanın Qarabağ səfəri İrəvandakı rusiyapərəst qüvvələr arasında böyük reaksiya doğurub. Səfərinin yekunları barədə Ermənistanın “5-ci kanal”ına açıqlamasında A.Vanetsyan hələ MTX direktoru kimi Qarabağa səfəri zamanı ermənilərin Araz vadisində, yəni Azərbaycanın içğal altındakı ərazilərinin İranla sərhədboyu hissəsinin məskunlaşması proqramı barədə danışdığını xatırladıb. “Bu proqram indiki kimi heç vaxt aktual olmayıb. Yanlış, səriştəsiz danışıqlar prosesi və ya ümumiyyətlə, danışıqlar prosesinin olmaması səbəbindən Azərbaycan yalançı bir termin - ”Qarabağın Azərbaycanlı icması" ifadəsini tətbiq edib və buna əsaslanaraq demək olar ki, Arazboyunun məskunlaşdırılması proqramı bu gün daha aktualdır"-söyləyən işğalçı ölkənin müxalif partiya lideri daha da irəli gedərək, ümumiyyətlə, işğal altındakı Azərbaycan torpaqlarının təcili məskunlaşdırılması məsələsini önə çəkib. “Biz yalnız söylədiyim fikri təbiğ etmirik, eyni zamanda bu gün partiyamız işçi qrupu yaradaraq Artsaxın məskunlaşdırılması proqramını gündəmə gətirmək niyyətindəyik. Hesab edirəm ki, bu, ümumerməni məsələsidir. Çünki Artsaxın azad edilmiş ərazilərində təhlükəsizliyin təmin edilməsinin ən vacib vasitəsi bu ərazilərdə yaşayan ermənidir. Bu məsələ qaldırılmalı və Ermənistan sakinləri, Artsax xalqı və diaspordakı soydaşlarımız da bu işdə yaxından iştirak etməlidirlər”,- deyə üzdəniraq rusiyapərəst erməni siyasətçi vurğulayıb.
2019-cu ilin fevralında o dövrdə MTX direktoru olan A.Vanetsyan Azərbaycanın işğal altındakı Arazboyu ərazilərinə səfəri zamanı “Azərbaycana nəinki bir qarış torpaq verəcəyik, Araz vadisini də məskunlaşdıracağıq” kimi bəyanat vermişdi.
Heç şübhəsiz ki, bununla Vanetsyan N.Paşinyana qarşı dirəniş göstərərkən özünə əlavə xallar toplamaq istəyir. Ancaq bu da var ki, Qarabağın sürətlə süni şəkildə məskunlaşdırılması, ermənilərin hətta Livandan kütləvi köçünün təşkili Ermənistan üçün bir nömrəli məsələdir. Artıq Beyrutdan bir neçə böyük heyət Qarabağa köçürülüb və hətta onların içərisində terrorçu ASALA üzvləri də var.
Bu günlərdə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Azərbaycan Respublikasının Ermənistan Respublikası tərəfindən işğal olunmuş ərazilərində işğalçı Ermənistanın qeyri-qanuni fəaliyyətləri, o cümlədən məskunlaşdırma siyasətini davam etdirdiyi barədə məlumat yaydı. Məlumatda bildirilir ki, Azərkosmos ASC-nin “Azersky” peyki vasitəsilə aparılmış monitorinqlər nəticəsində ölkəmizin işğal altındakı Kəlbəcər rayonunun ərazisində qeyri-qanuni yaşayış məskəninin salınması faktı öz təsdiqini tapıb. 2019-cu ilin sonlarından etibarən salınmağa başlamış bu yaşayış məskəni hazırda 15 evdən ibarətdir. İnşaat işlərinin sürəti və gedişi bu yaşayış məskəninin daha da genişlənəcəyini deməyə əsas verir. Belə ki, 2020-ci ilin yanvar ayında bu yaşayış məskənində 6 ev, martda 10 ev, apreldə 14 ev hazır vəziyyətə gətirilmişdirsə, avqust ayında bu rəqəm artıq 15-ə çatıb". Qeyd edilib ki, düşmənin bu cür süni məskunlaşdırma siyasətinin tərkib hissəsi olaraq son illər işğal altında olan rayonlarda, o cümlədən Cəbrayılda “Aracamux”, Laçında “Ariavan” adlı yaşayış kompleksi, Zəngilanda, Qubadlının Xanlıq kəndində yeni yaşayış məntəqələrində evlərin tikilməsi ilə bağlı qeyri-qanuni fəaliyyət həyata keçirilib.
Peyk təsvirlərinin analizində göründüyü kimi, yeni yaşayış məntəqələrinin salınması faktı Azərbaycanın işğal edilmiş ərazilərində Ermənistan tərəfinin beynəlxalq humanitar hüququn, o cümlədən 1949-cu il Cenevrə Konvensiyaları və onların Əlavə Protokollarına, insan hüquqları normalarına zidd olaraq qeyri-qanuni fəaliyyətini davam etdirdiyini sübut edir. Bu qanunsuz fəaliyyət Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ və ətraf rayonlarının işğalının davam etdirilməsi və möhkəmləndirilməsi, ərazilərimizin ilhaq edilməsi və azərbaycanlı məcburi köçkünlərin öz evlərinə və mülklərinə geri qayıtmasının qarşısının alınmasına yönəlib". Məlumatda xatırladılıb ki, beynəlxalq hüquq ilə yanaşı, Azərbaycan qanunvericiliyini kobud şəkildə pozaraq ölkəmizin işğal edilmiş Dağlıq Qarabağ və ətraf bölgələrində qanunsuz fəaliyyəti həyata keçirən Ermənistan, onun fiziki və hüquqi şəxsləri, eləcə də işğal olunmuş ərazilərimizdə qeyri-qanuni fəaliyyətdə iştirak edən bütün digər şəxslər və şirkətlər inzibati və hüquqi məsuliyyət daşıyırlar: “Azərbaycanın Dağlıq Qarabağ və ətraf rayonlarının azərbaycanlı sakinlərinin öz evlərinə geri qayıtmaq hüququ təmin ediləcək və təcavüzkar Ermənistan bütün qeyri-qanuni əməllərinin hüquqi cavabını verəcəkdir”.
Bu günlərdə N.Paşinyan əcnəbi jurnalistin sualına cavab olaraq iddia etdi ki, Qarabağa qanunsuz yol çəkən Ermənistan hökuməti deyil. Əslində bu barədə İrəvan rəsmən dəfələrlə açıqlama verib və hədəf də Qarabağın süni şəkildə məskunlaşdırılmasıdır. Yol Arazqırağı yaşayış məntəqələrinin zəbt olunmasını asanlaşdıra bilər. Amma Paşinyan həyasızcasına bunu danmağa çalışdı. Bu mənada keçmiş DTX rəhbərinin son dediklərini Paşinyanı ifşa açıqlaması da adlandırmaq olar.
Paralel olaraq ermənilər Türkiyə-Azərbaycan hərbi müttəfqliyini pozmaq üçün də dəridən-qabıqdan çıxırlar. Ankaranın Qarabağın işğaldan azad olunması ilə bağlı prinsipial mövqeyi işğalçını təşviş içində saxlamaqdadır. Ancaq Rusiyadan aldığı hərbi dəstək sayəsində rəsmi İrəvan həyasızlığını davam etdirməkdə israrlı görünür və elə süni məskunlaşma ilə bağlı planlar da buradan qaynaqlanır.
QAT sədri Akif Nağı hesab edir ki, ermənilərin süni köçürülmə ilə bağlı planlarını pozmağın ancaq bir yolu var, o da müharibədir: “Torpaqlarımız işğaldan azad etməliyik, bu qondarma rejimi məhv etməli, erməni quldurlarının ayağını oradan kəsməliyik. Vəziyyət bu şəkildə qaldıqca, ermənilər yüz cür oyunlardan çıxacaq, orada məskunlaşma aparacaq, istədiklərini edəcəklər. Vaxt artıq gözləmir. Ermənistan bütün dünyanın gözü qarşısında orada qanunsuz məskunlaşma siyasəti aparır. Dünya bunu görür, qanunsuz olduğunu bilir, amma qarşısını almaq üçün heç nə etmir. Deməli, sabah bu qanunsuz məskunlaşmanı da tam şəkildə tanıyacaqlar. Proses onu doğru gedir, özümüzü aldatmamalıyıq”. A.Nağı bu prosesin uzun müddətdir davam etdirildiyini vurğuladı: “Suriya hadisləri zamanı oradan erməniləri Qarabağa köçürdülər, indi Livan ermənilərini gətirmək istəyirlər. Məqamdan istifadə edirlər. Onları İranla sərhəddinimizə yerləşdirmək niyyəti də təsadüfi deyil. İranla bizim aramızda erməni ”səddi" yaratmaq istəyirlər. Bütün bunlar bir daha göstərir ki, ermənilər planlı şəkildə işlərini həyata keçirirlər, təhlükə həddindən artıq ciddidir. Bu planları yalnız hərbi əməliyyatları başlamaqla poza bilərik".
Ola bilər ki, hansısa üçüncü, dördüncü dövlət də ermənilərin bu planının icrasında maraqlı tərəf olsun. Axı, söhbət İranla sərhəddə ermənilərin yerləşdirilməsindən gedir. Ermənilərdən maşa və alət kimi istifadə etmək istəyənlər üçün əlverişli görünə bilər bu plan. Təsəvvür edin, nəzarətsiz zonadır və İrana qarşı hansısa əməliyyat planında Qarabağın Arazboyu ərazilərində məskunlaşdırılmış ermənilərdən, yaxud ordakı poliqondan yararlanmaq fürsəti yaranır. Azərbaycan İrana qarşı planlarda yer almayacağını və ərazisindən müsəlman qonşusuna qarşı istifadəyə imkan verməyəcəyini dəfələrlə bəyan edib. Belə olan halda İranın düşmənlərinin erməni amilindən istifadə etməsi heç də istisna deyil. Deməli, bu təhlükəli plan rəsmi Bakı ilə yanaşı, rəsmi Tehranı da narahat etməlidir. Azərbaycan XİN-dən “Yeni Müsavat”a bildirildi ki, müvafiq açıqlama olacaqsa, ictimaiyyət məlumatlandırılacaq...
“Yeni Müsavat”