“Ermənistan müdafiə nazirinin səsləndirdiyi növbəti sərsəm fikirlər heç bir normal məntiqə sığmayan, anormal düşüncəli şəxsin sayıqlamasına bənzəyir”.
Bunu "Report"un sorğusuna cavab olaraq Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı Ermənistanın müdafiə naziri David Tonoyanın guya Azərbaycan ərazisində xaos yaratmaq məqsədilə düşmən tərəfinin kəşfiyyat bölmələrinin fəallaşması ilə bağlı dediyi fikirləri şərh edərkən bildirib.
“Ermənistan hakimiyyətini təmsil edən bu şəxsin beynəlxalq terrorçulara bənzər tərzdə çıxış etməsi, bu məntiqlə davranaraq dinc əhaliyə qarşı açıq-aydın təhdid dolu fikirlər səsləndirməsi xaosun məhz rəsmi Yerevanın hazırkı rəhbərliyində mövcud olduğunu sübut edir. İşğalçı ölkənin müdafiə nazirinin son çıxışları Nikol Paşinyan hakimiyyətinə qarşı yönəlmiş və David Tonoyanın gələcək siyasi karyerası üçün hesablanmış hiyləgər planın bir hissəsidir. Ermənistan rəsmilərinin müharibə hədəsi ilə dolu səsləndirdikləri təhdidləri ciddi qəbul etməyən Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etmək üçün döyüşə tam hazırdır”, - polkovnik V.Dərgahlı qeyd edib.