Bütün dünya ictimaiyyəti, 12 iyul tarixində bir daha Ermənistanın, onun cinayətkar rəhbərliyinin təcavüzkar və işğalçılıq siyasətinə sadiqliyinin şahidi oldu. İşğalçı ölkə hərbçilərinin Dağlıq Qarabağ və işğal olunmuş ərazilərdən kənarda yerləşən, Tovuz rayonu istiqamətində həyata keçirdiyi yeni təxribatlar uğursuzluqla nəticələndi. Baş verən toqquşmalarda itkilərimizin olmasına baxmayaraq, ölkə başçısının da vurğuladığı kimi, düşmən planlaşdırdığı istəyinə nail olmadı və bir santimetr belə torpaqlarımıza daxil ola bilmədi".
Bu sözləri "Sherg.az"a açıqlamasında politoloq Xəyal Bəşirov deyib.
Məlum hadisədən sonra ölkəmizdə və beynəlxalq aləmdə formalaşan neqativ fikirlərin düşmənlərimizi ciddi təşvişə saldığını vurğulayan politoloqun sözlərinə görə, ölkəmizdə keçirilən orduya dəstək yürüşləri ilə insanlarımızın dövlətimizə və ordumuza dəstək nümayişləri təşkil etmələri, bir tərəfdən işğalçı Ermənistan rəhbərliyini, digər tərəfdən də, ona hamilik edən qüvvələri narahat etməyə bilməzdi:
"Ermənistan rəhbərliyinin bu məsələdə narahatlığını xarakterizə edən müxtəlif məqamlar var. İlk öncə, özü barəsində inqilabçı obrazı formalaşdıran, əslində isə hansısa bir inqilabi yolla deyil, onun hakimiyyətə gəlməsinə təminat verən quvvələr qarşısında Qarabağ münaqişəsini həll edəcəyi ilə bağlı götürdüyü müddətin bitməsi Ermənistanın Baş Nazirini dalana dirəyib.
Onsuz da, iqtisadi və sosial durumu bərbad vəziyyətdə olan Ermənistanın əhalisinin yaşam vəziyyəti, pandemiya ilə əlaqədar daha da pisləşməkdədir. Bundan əlavə, xarici siyasətdəki ciddi uğursuzluqları ilə yanaşı, son günlər Tovuzda məhz, onun özünün rəhbərliyi ilə hazırlanan təxribat planının uğursuzluğa düçar olması və çoxlu sayda erməni hərbçisinin də öldürülməsi Ermənistan əhalisinin Paşinyan hakimiyyətinə qarşı qəzəbini xeyli artırıb".
Ekspert məlum təxribat nəticəsində şəhid olan qəhrəman övladlarımızın qisasının daha böyük miqyasda alınması və torpaqlarımızın düşmən tapdağından azad edilməsi məqsədi ilə on minlərlə Azərbaycan gəncinin küçələrə axın etməsini dövlətimizə və ordumuza dəstək nümayişi kimi dəyərləndirib:
“Dövlətimiz də bu dəstəyə, bəlkə də, bu gün dünya ölkələrinin heç birində baş verməyən tərzdə, qucaq açaraq cavab verdi. Polis nümayişçilərə mane olmadan onların təhlükəsizliyini sona qədər təmin çalışdı.
“Demokratik inqilab” nəticəsində hakimiyyətə gəldiyini iddia edən Ermənistan hakimiyyəti, xalqın qəzəbindən qorunmaq və bir gün ondan mütləq tələb ediləcək hesabatın, mümkün qədər təxirə salınması məqsədilə, bir nəfər şəxsin belə küçələrə çıxmasına imkan vermədi.
Çünki Paşinyan əmindir ki, istənilən başqa məqsədlə Ermənistan küçələrinə çıxan xalq, mütləq hakimiyyəti dövründə baş verən uğursuzluqlarına görə ondan cavab tələb edəcək".
X. Bəşirov bildirib ki, işğalçı rejimin təxribat cəhdlərinin Ermənistan üçün çox acı, Azərbaycan üçün isə çox möhtəşəm nəticəsi olan - ABŞ Konqresinin Qaydalar Komitəsində Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğal olunması faktının nəhayət ki, dövlət səviyyəsində ilk dəfə tanıyan 296 saylı düzəlişin qəbul edilməsi vəziyyəti daha da gərginləşdirdi:
"Həmin düzəlişə əsasən, ABŞ-ın Dövlət Katibi Müdafiə Naziri ilə birlikdə 3 dövlətlə yanaşı Azərbaycanın da, xarici qüvvələr tərəfindən 1991-ci ildən başlayaraq işğal olunmuş ərazilərində öldürülmüş və məcburi köçkün düşmüş insanlarının sayı barədə Konqresin müvafiq komitəsinə hesabat verməli olduğu qeyd olunur.
Bütün bunlara cavab olaraq, Paşinyan, ölkəsindəki mövcud acınacaqlı vəziyyətdən və Tovuz ətrafında baş verən uğursuz təxribat olayından, həm ölkə əhalisinin, həm də beynəlxalq ictimaiyyətin diqqətini yayındırmaq üçün, o cümlədən də, baş verən diplomatik uğursuzluqlarını mümkün qədər pərdələmək məqsədilə, ölkə xaricində olan vətəndaşlarımıza qarşı təxribatlara əl atmaqla bağlı növbəti iyrənc taktikasını işə saldı.
Əslən Azərbaycandan olan və minlərlə kilometr uzaqlarda da olsa, vətənləri, torpaqları ilə nəfəs alan soydaşlarımız Tovuzda baş verən hadisələrlə bağlı ölkəmizdə keçirilən nümayişlərin məntiqi davamı kimi, yaşadıqları ölkələrdə dinc xarakterli nümayişlər təşkil etməkdədirlər. Lakin, insan hüquq və azadlıqlarını saqqızdan çox çeynəyən ABŞ-da və Avropa ölkələrində isə, erməni terroçuları dinc həmvətnlərimizi, gündüz vaxtı və polisin gözü qarşısında döyüb, onlara ağır xəsarətlər yetirirlər.
Bizdə, bir neçə gün öncə təxminən günorta saatlarından növbəti günün səhərinə qədər davam edən həmrəylik yürüşü ilə bağlı, polisin insanlara göstərdiyi dəstək və yaratdığı şəraitlə əlaqədar görüntüləri deyil, yalnız su şırnaq maşınlarının görüntülərini tirajlayan qərb televiziyaları isə anlaşılmaz susqunluq nümayiş etdirməkdədir.
Onların ənənəvi ikili yanaşmasını müəyyən qədər anlasaq da, Azərbaycanda doğulub, ancaq başqa ölkələrdə gizlənərək hərəsi bir youtube kanalı açıb, söyüş demokratiyası ilə izlənmə və bəyənmə rekordu qazanmaqda yarışa girənlər isə ümumiyyətlə yoxa çıxıblar".
Politoloq hesab edir ki, xarici ölkələrdə yaşayan vətəndaşlarımız və digər soydaşlarımız maksimum dərəcədə diqqətli olmalı, mənfur və xain düşmənlərimizin növbəti təxribatına və məkrli planına uymamalıdırlar:
“Həmin hadisələrin baş verməsi, işğalçı rejimin bütün dünyanın diqqət və nəzərlərinin maksimum dərəcədə Qarabağ konfliktindən yayındırmağa və münaqişənin həll olunması ilə bağlı, üzərlərinə düşən addımları atmağ öhdəliyinin icrası müddətinin mümkün qədər uzadılmasına xidmət edir”.