Axtarış...

DGK-nın uğur kimi təqdim etdiyi statistikanın gizlinləri – ƏSLİNDƏ NƏ BAŞ VERİR?

DGK-nın uğur kimi təqdim etdiyi statistikanın gizlinləri – ƏSLİNDƏ NƏ BAŞ VERİR?


2020-ci ilin birinci yarısının nəticələrinə əsasən, Azərbaycana idxalın həcminin xeyli azalmasına baxmayaraq, gömrük daxilolmalarında ciddi azalma qeydə alınmayıb. Dövlət Gömrük Komitəsinin (DGK) məlumatına əsasən, ilk 6 ayda 4,99 milyard dollar dəyərində idxal həyata keçirilib, gömrük xətti ilə dövlət büdcəsinə ödənilən vəsait 2,019 milyard manat olub.

İdxalın həcminin azalması fonunda gömrük daxilolmalarının həcminin azalmamasını DGK sədri Səfər Mehdiyev gömrükdə şəffaflıq və korrupsiyanın azalması faktı ilə əlaqələndirib. Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışı zamanı S.Mehdiyev maraqlı bir müqayisə də aparıb.

Komitə sədri deyib ki, 2015-ci illə müqayisədə idxalımızda ciddi fərq olmasa da gömrük daxilolmaları xeyli artıb: "İdxal əməliyyatlarının ümumi mənzərəsi deməyə əsas verir ki, idxalımızın həcmi 2015-ci illə müqayisədə eynilik təşkil edir. 2015-ci illə müqayisə apardığımız zaman sırf qabaqlayıcı tədbirlər üzrə həm gömrük orqanlarının, həm vergi xidmətində apardığınız islahatların nəticəsi olaraq idxalın həcminin eyni olduğunu görürük. Lakin buna baxmayaraq, əgər büdcə daxilolmaları 2015-ci ildə 700 milyon manat idisə, bu il 2 milyard 19 milyon manata çatır”.

S.Mehdiyevin sözlərinə görə, bunun başlıca səbəbi kölgə iqtisadiyyatı və korrupsiya ilə mübarizə istiqamətində aparılan islahatlardır.

Sfera.az xatırladır ki, 2015-ci ilin birinci yarısında idxal 4,7 milyard dollar,gömrük daxilolması 765 milyon manat olub. 2020-ci ildə isə idxal 0,29 milyard dollar və ya 6,2 faiz artıb. İdxalda fərq cüzi olsa da gömrükdən dövlət büdcəsinə ödənilən pul 2,64 dəfə artıb.

Bəs, bu artımın səbəbini yalnız korrupsiya və kölgə iqtisadiyyatına qarşı aparılan mübarizə ilə əlaqələndirmək olarmı?

İqtisadçı-ekspert Natiq Cəfərli hesab edir ki, gömrük daxilolmalarının müqayisəsi 2015-ci illə yox, 2016-cı il və ya sonrakı illərlə aparılmalıdır. Onun sözlərinə görə, sonrakı illərlə müqayisə aparılsaydı gömrük daxilolmalarında o qədər böyük fərqin yaranmayacağı görünərdi.

"2015-ci ilin ilk 2 ayında dolların məzənnəsi 0,78 manat olub, sonra 1,05 manata yüksəlib”, - deyən ekspert söylədi ki, gömrükdə əldə edilən gəlirlər xarici valyutada olur, sonra manata çevrilir. O qeyd etdi ki, dollar/manat kursu indiki məzənnədən xeyli aşağı olduğundan büdcə daxilolmalarının manatla ifadədə dəyəri avtomatik olaraq artıb.

Ekspert 2015-ci illərdə şəffaflıq və korrupsiya ilə bağlı problemlərdən bəhs edilməsinin Komitə sədri üçün ziddiyyət yaratdığını da dedi:

"Son vaxtlar şəffaflıq və korrupsiya ilə bağlı müəyyən irəliləyişlər var. Komitə sədrinin sözlərinə görə 2015-ci ildə korrupsiya, qeyri-şəffaflıq indikindən xeyli çox olub. Amma indiki sədr həmin illərdə Komitənin sədrinin müavini idi. Niyə o zaman neqativ halların qarşısının alınması üçün heç bir addım atılmayıb? Bu vəziyyət belə bir sualı yaradır. Səfər Mehdiyev 2018-ci ildə Komitə sədri təyin edilib.

Bu təyanata qədər uzun müddət Komitənin sədr müavini, sonralar hətta birinci müavini vəzifələrində çalışıb. 2015-ci ildə də sədrin müavini idi. Gömrükdə böyük həcmdə korrupsiya və kölgə iqtisadiyyatı elementlərinin mütəşəkkil şəkildə oturuşmasını indi etiraf edirsə, danışırsa, deməli, o vaxtda bu hallardan ən azından xəbəri olub. Xəbəri olubsa, niyə tədbirlər görməyib? Bu sual ciddi sualdır. Mənə elə gəlir ki, indiki şəraitdə korrupsiya və şaffaflıqla bağlı aparılan mübarizə nə qədər təqdirəlayiqdirsə, o zaman buraxılan səhvlərin analiz olunması da bir o qədər vacibdir"

N.Cəfərli qeyd etdi ki, son 5 ildə idxalla bağlı vergi və rüsumlarda da artımlar var: "Bəzi məhsullar üzrə aksizlərin artırılması, hətta 2 dəfə vergi dərəcələrinə yenidən baxılmasının şahidi olmuşuq. Rüsum və vergilərin artırılması eyni həcmdə olan əməliyyatdan daha çox gömrük mədaxilinin olmasına şərait yaradıb”.

Qeyd edək ki, iqtisadçı-ekspert Rövşən Ağayev də öz facebook səhifəsində bu məsələ ilə bağlı paylaşım edərək mövqeyini bildirib. Onun fikrincə, 2015-ci illə müqayisədəki artımı bütünlüklə gömrükdəki şəffaflaşmanın ayağına yazmaq doğru deyil. Çünki 2015-ci ilin 6 ayı üzrə manatın dollar qarşısında məzənnəsi 0,97 manat təşkil etdiyi halda, bu ilin eyni dövründə 1,7 manat olub. 2015-ci ildə vergiyə cəlb olunan dövriyyə 4,5 milyard manat (4,7 milyard dollar), bu il isə 8,3 milyard manat (4,9 milyard dollar) olub.

R.Ağayev deyib ki, təkcə məzənnə hesabına vergitutulan dövriyyədə 1,9 dəfə artım var. Bununla bərabər ekspert vergi və rüsumlardakı artımların da təsiri var:

"Bu artımda gömrük orqanların hər hansı rolu yoxdur. 2015-ci ildə vergi daxilolmlalarının idxalın dəyərində payı 16%, bu il isə 24% olub. Əgər 2015-ci ilin vergitutma əmsalı (təxminən 16%) qalmış olsa idi, hazırda gömrük 1,3 milyard manat yığmış olardı. Yəni, məzənnə hesabına büdcənin ekstra qazancları nəzərə alınmasa, sırf gömrükdəki şəffaflaşmalar hesabına yığımların 3 dəfə yox, təxminən 50% genişlənməsi haqda danışmaq olar. Əlbəttə az artım deyil, amma qiymətləndirmə obyektiv olmalıdır - 3 dəfə artım göstəricisinin hamısını qurumun ayağına yazmaq doğru deyil.

Hələ onu da əlavə edim ki, aksizlərin timsalında gömrük vergi yükündə kəskin artım olub. Daxilolamaların artımında vergi yükünün ağırlaşamasının təsirini neytrallaşdırıb, sonra gümrüyün şəffaflaşdırma səylərinin yekun qiymətləndirilməsi aparılsa, daha ədalətli nəticələr görünər”.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz