Dövlət Gömrük Komitəsi ilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında qarşılıqlı əməkdaşlığa dair memorandum imzalanıb.
Millitv.Az Trend-ə istinadən xəbər verir ki, memorandumu DGK sədri Səfər Mehdiyev və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin idarə heyətinin sədri Orxan Məmmədov imzalayıb.
Memorandumun məqsədi sahibkarlığın inkişafına dəstək, idxal-ixrac əməliyyatlarında təcrübənin bölüşməsi, fəaliyyətin asanlaşdırılmasıdır.
DGK sədri Səfər Mehdiyevin sözlərinə görə, bu memorandum gömrük orqanları ilə KOB subyektləri arasında əməkdaşlığın inkişafını nəzərdə tutur:
"Azərbaycan DGK Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə birgə KOB subyektlərinə onların idxal-ixrac əməliyyatlarında kömək göstərməyə hazırdır. Bizim məqsədimiz ölkədə kiçik və orta biznes subyektlərinin inkişafını dəstəkləməkdir".
Öz növbəsində Agentliyin İdarə heyətinin sədri Orxan Məmmədov qeyd edib ki, bu sənəd həm kiçik və orta biznes subyektlərinin, həm də gömrük strukturlarının fəaliyyətinin inkişafına yönəlib.
Qeyd edək ki, Anlaşma Memorandumunda səlahiyyətli iqtisadi operator (SİO) statusunun verilməsi sahəsində hüquqi şəxslərin maarifləndirilməsi, bu statusu almaq niyyəti olan şəxslərin namizəd kimi irəli sürülməsi və qanunvericilikdə müəyyən edilmiş şərtlərin və öhdəliklərin yerinə yetirilməsi üzrə birgə dəstəyin verilməsi; gömrük nəzarəti zonalarında və gömrük rəsmiləşdirilməsinin aparıldığı digər yerlərdə mikro, kiçik və orta sahibkarlıq subyektlərinin (KOB) idxal-ixrac əməliyyatları üzrə fəaliyyətinin təkmilləşdirilməsi, malların və nəqliyyat vasitələrinin düzgün bəyan edilməsinə köməklik göstərilməsi, eləcə də gömrük orqanları ilə KOB-lar arasında əməkdaşlığın və qarşılıqlı etimadın gücləndirilməsi, birgə tədbirlərin həyata keçirilməsi məqsədilə "KOB Evi - Gömrük və Logistika adaları"nın təsis olunması; KOB-ların "Yaşıl dəhliz" buraxılış sistemlərindən istifadə üzrə maarifləndirilməsi və SİO statusu almaq niyyətində olan sahibkarların bazasının yaradılması; malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün "Yaşıl dəhliz" və beynəlxalq təcrübədə mövcud olan digər buraxılış sistemlərinin tətbiqi və "Yaşıl Dəhliz Xidməti"nin birgə təşkil edilməsi və s. məsələlər öz əksini tapıb.