Azərbaycanın ən böyük özəl şirkətlərindən biri olan "Azərsun Holdinq" MMC-də ciddi ixtisarlar baş verib.
Unikal.org-un əldə etdiyi məlumata görə, şirkətin tabeçiliyində olan bir sıra layihələrin icrasına xitam verilib. Nəticədə şirkətdə çalışan 100-ə yaxın işçi vəzifəsindən azad edilib.
Məsələ ilə bağlı Unikal.org-un sorğusuna cavab verən "Azərsun Holdinq"in İctimaiyyətlə əlaqələr və biznesin inkişafına dəstək departamentinin müdiri Afiq Səfərov şirkətdə bir sıra layihələrin icrasının dayandırıldığını və işçilərin ixtisar olunduğunu təsdiqləyib:
““Azərsun Holdinq”ə məxsus istehsal müəssisələrində müasir avadanlıqların tətbiq edilməsindən və proseslərin avtomatlaşdırılmasından sonra bəzi vəzifələrdə çalışan insanların ixtisar edilməsi zərurəti yaranıb və həmin əməkdaşlar şirkətimizdən ayrılıblar. İşdən azad olunan işçilərin sayı isə 100-dən aşağıdır”.
Kadır dəyişikliyinə gəlincə A.Səfərov bu işin də icrası ölkə qanunvericiliyinin tələblərinə əsasən həyata keçirildiyini deyib: “Şirkətimizdə kadr siyasəti tam olaraq Azərbaycan qanunvericiliyinin tələblərinə əsasən həyata keçirilib. “Azərsun Holdinq” daxilində digər şirkətlərdə olduğu kimi müxtəlif kadr islahatları həyata keçirilir, lakin hələ ki, ictimaiyyət üçün maraqlı ola biləcək yeniliklər mövcud deyil. Belə bir hal olarsa bununla bağlı açıqlama veriləcək”.