Axtarış...

AzTV-də NƏLƏR BAŞ VERİR? - NARAZILIQ...



AzTV-də NƏLƏR BAŞ VERİR? - NARAZILIQ...
Bir neçə gün bundan öncə “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-dən kütləvi şəkildə işdən çıxarılan sürücülər vitse-Prezident Mehriban xanım Əliyevaya müraciət ünvanlayıblar.

KONKRET.az həmin müraciəti təqdim edir:

“Çox hörmətli Mehriban xanım!

Biz “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin 9 nəfər sürücüsü AzTV-nin sədri Rövşən Məmmədov və onun öz komandası tərəfindən əsaslı və ciddi yoxlanılmış səbəb olmadan şərlənərək və hədə-qorxu gəlinərək 22.04.2020-ci il tarixində işdən azad olunmuşuq. Bu pandemiya və çətin günlərdə cənab Prezidentimiz İlham Əliyevin tapşırıq və göstərişlərinə (Heç bir işçi işdən çıxarılmamalı, əksinə insanlara kömək göstərilməlidir) məhəl qoyulmadan neçə illər iş stajı olan bizləri işdən azad etmişlər.

Hörmətli Mehriban xanım, nəzərinizə çatdırırıq ki, Rövşən Məmmədov Azərbaycan Televiziya və Radio Verilişləri QSC-yə sədr təyin olunduqdan sonra bütün köhnə, çoxdan işləyən işçiləri müxtəlif səbəblərdən işdən çıxararaq öz yaxın qohumlarını və tanışlarını işə götürür. Buna misal olaraq Xəlil müəllimi, (həyat yoldaşının əmisi), Departament rəisi Vüqar müəllimi (Sədrin uşağının kirvəsi) və s. göstərmək olar.

Bildiririk ki, Departament rəisi və onun müavini Aydın, təsərrüfat işlərinə baxan Niyaməddin, qarajın müdiri Çingiz tərəfindən 2020-ci il fevral-mart ayları ərzində bizim idarə etdiyimiz maşınların yanacaq sərfiyyatı 22.04.2020-ci il tarixində yoxlanılmış, guya yanacaq çatışmazlığı səbəbindən ərizə yazıb işdən ayrılmağımızı tələb etmişlər. (Əlavə olaraq bildiririk ki, bu ilin əvvəlində gözlərimizin yoxlanılması üçün 3 müxtəlif klinikalara göndərilmişik və bizdə heç bir qüsur tapılmamışdır. Həkimlərin dediyinə görə, bizlərin işdən kənarlaşdırılmağımız üçün səbəb axtarırlarmış. Ancaq yeni götürülən işçilərdən birində qüsur aşkar olunduğu üçün əməliyyat olunmuş və yenidən işə qaytarılmışdır).

İdarə etdiyimiz maşınlar nasaz və istismar müddəti bitmiş maşınlardır. Biz maşınları işdən sonra AzTV-nin həyətində saxlayırıq. Məsələnin bizim iştirakımızla yenidən araşdırılmasını və yanacaq çənində qalan yanacağın nəzərə alınmamasını bildirsək də, dinləmək istəmədilər. Ərizə yazmadığımız halda bizi daxili təqdiqat və polislə hədələyərək oğurluq adı qoyub əmək kitabçalarını korlayacaqlarını bildirdilər. Departament rəisinin müavini Aydın bizə dedi ki, bu, sədr Rövşən Məmmədovun tapşırığıdır. Biz də öz növbəmizdə sədrin qəbuluna getdik. Lakin sədrin bizi qəbul etməyəcəyini deyərək köməkçi Zaur bizi çölə çıxartdırdı.

Biz hər gün səhər saat 9-00-da işə gedirdik. Elə vaxt olurdu ki, gecə saat 02-00, 03-00-ə qədər işləyirdik. Hətta bəzi hallarda şənbə və bazar günləri də işə çıxırdıq. Lakin bunun müqabilində əlavə ödənişlər olmurdu. Yuxarıda qeyd etdiyimiz ki, işdən sonra idarə etdiyimiz maşınları qarajın həyətində saxlayır, bəzi hallarda səhər işə gələndə yanacaq çəninin qapağının açıq olduğunu görürdük. Bu haqda qarajın müdiri Çingizə dəfələrlə bildirmişdik. Çingiz isə hər dəfə gülərək bizə “səs salmayın” deyirdi. Hər ay bizə 300 litr yanacaq verir, 350-360 litrə qol çəkdirirdilər.

Hömətli Mehriban xanım, Cənab Prezidentimizin və Sizin gördüyünüz işləri, hər bir humanist addımınızı rəğbətlə qarşılayır, dəstəkləyirik.

Əvvəlcədən minnətdarlığımızı bildiririk”.

Hörmətlə,

Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin sürücüləri

Mirzəyev Əlibala Məmmədağa oğlu,

Əliyev Nurlan Seyran oğlu,

Məmmədov Anar Vaqif oğlu

Süleymanov Faiq Əli oğlu,

Mehdiyev Tərlan Əlibala oğlu,

Mustafayev Vəfalı Nazir oğlu

Nağıyev Şakir Nəsib oğlu

Sultanov Aqil Əhmədağa oğlu

Davudov Kamil Abid oğlu


Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz