Bakıda fəaliyyət göstərən “AZ-MEP GROUP” MMC-nin işçiləri karatin günlərində işdən çıxarıldıqlarını deyirlər.
İşçilər bildiriblər ki, onlar şirkətin “Park Otel” layihəsində fəhlə, usta, usta köməkçisi kimi çalışırmışlar. Ancaq aprelin əvvəlində şirkətdən onların “WhatsApp” nömrələrinə mesaj gəlib ki, bəzi işçilər ixtisara düşüblər: “Daha doğrusu, 60 işçidən 23 nəfərini ixtisar ediblər. Səbəb də çoxunun bu dönəmdə işə getməməsi göstərilir. Bir siyahı da göndəriblər. Bildirirlər ki, həmin siyahıda sarı rənglə işarələnənlərin hamısı işdən azad edilib”.
Şikayətçilər bildirirlər ki, onların əksəriyyəti rayonlardan Bakıya işləmək üçün gələn insanlardır. Hamısı Bakının müxtəlif yerlərində ucuz kirayə evlərdə yaşayırlar və əlavə gəlirləri yoxdur: “Hamımızın da 2, 3, bəzilərimizin 4 övladı var. Çoxu da məktəblidir. Onsuz da ayı çətinliklə başa vururduq. İndi işimizi də itirdik, lap pis vəziyyətə düşmüşük”, - işçilər deyirlər.
Məktubda Prezident İlham Əliyevin bütün şirkət və müəssisələrə karantin dövründə heç kimin işdən çıxarılmaması ilə bağlı göstərişi də xatırlanır. Bildirilir ki, onların şirkəti ölkə başçısının bu sözlərini vecinə almayıb: “Hamımızın şirkətlə müqaviləsi vardı. Bəzilərimizin müqaviləsinin vaxtı martın 31-də bitmişdi. Yeni müqavilə hələlik, bağlanmamışdı. Elə şirkət də çoxumuzu aprelin 6-da işdən çıxarıb. Özü də deyirlər ki, gəlin, ərizə yazın, öz istəyinizlə işdən çıxın. Çünki özləri çıxarmağa qorxurlar. Sabah kimsə soruşsa, boyunlarından atsınlar, desinlər ki, bəs onlar öz ərizələri ilə işdən çıxıblar”.
siyahı
Şikayətçilər çarəsiz durumda qaldıqlarını söyləyirlər. Deyirlər ki, çoxu rayondadır, qayıda da bilmirlər: “Rayon qeydiyyatı olanlar Bakıya buraxılmır. Dövlət deyir, evdə qalın. Biz də əməl edirik. Nəticədə, işimizi itiririk. Biz bundan sonra hardan iş tapacağıq, ailəmizi nə ilə dolandıracağıq, bilmirik. Bizə bu barədə heç nə deyən yoxdur. Biz, kasıb təbəqənin insanları nə edək?”
İşçilər bildirirlər ki, dəfələrlə bu barədə şirkətlə danışıblar, xeyri yoxdur: “Hətta şirkət rəislərindən birinə zəng etmişdik. Bir çoxuna məsləhət görüblər ki, gəl ərizə yaz, işdən çıx. Gələn dəfə böyük obyekt götürüb, yeni işə başlayanda şirkətə deyək ki, yaxşı işləyən işçidir, onu işə bərpa et. Ancaq deyir ki, nə vaxt iş olacaq, bilmirik. Bir sözlə, nə vaxt olsa. Mən nə qədər oturub gözləməliyəm?”
Şikayətçilər əlavə edirlər ki, dövlətin işsizliyə görə verdiyi 190 manatlıq müavinət onların çoxuna düşmür. Çünki əksəriyyət rayon qeydiyyatındadır və adına pay torpağı var: “Biz pay torpağı ilə dolana bilsəydik, Bakıda fəhləlik edərdikmi? Nə işimiz vardı orda? Kirayələrdə sürünürük, ən şəraitsiz evlərdə, uzaq kəndlərdə yaşayırdıq. İşə 2 saata gedib çıxırdıq. Əgər həqiqətən torpaqla dolanmaq mümkün olsaydı, kənd camaatı Bakıya axışmazdı. İstifadə etmədiyimiz torpaqlara görə birdəfəlik müavinəti də ala bilmirik. İndi bu dövrdə balalarımıza nə yedirəcəyik, bilmirik”.
İşçilər bildirirlər ki, nə indiyə qədər çalışdıqları şirkət, nə də dövlət onlara sahib çıxır: “Biz nə edək? Şirkət dövlətin qərarlarına sayğı duymur. Utanmadan da deyirlər ki, gəlin öz ərizənizlə çıxın. Yəni sabah bunlara problem yaranmasın. Biz necə yaşayacağıq bundan sonra? Bilmirik, həqiqətən çıxılmaz, çarəsiz vəziyyətdəyik”.
İşçilər bildirirlər ki, şirkət işçiləri rəsmi işdən çıxarmır. Ancaq təzyiq edir ki, gəlib öz ərizələrini yazsınlar: “Deyirik, çıxarırsınızsa, təzminat verin. Deyirlər, təzminat düşmür, çünki müqavilənin vaxtı bitib. Belə getsə, acından öləcəyik”.
“AZ-MEP GROUP” MMC-nin təsisçisi Çinarə Ağayeva isə işçilərin söylədiklərini təkzib edib. Deyib ki, onlar kimsəni işdən azad etməyiblər, əksinə, işçilərdən 7 nəfər ö ərizəsi ilə işdən çıxmaq üçün müraciət edib. Ancaq şirkət hələlik, kimsəni işdən çıxarmayıb: “Dövlətin verdiyi 190 manatı eşidiblər. İşdən ərizə yazıb çıxırlar ki, həmin təzminatı ala bilsinlər. Sonra gəlib deyəcəklər ki, bizi işə bərpa edin. O insanlar yardım üçün işdən çıxmaq istəyiblər, bizlik bir şey yoxdur. Hətta onu da deyim ki, rayonda olanlar var, gələ bilmirlər. Onların maaşlarını da vaxtlı-vaxtında ödəmişik. Bir sözlə, biz kimsəni işdən çıxarmamışıq, hamısı öz ərizələri ilə işdən çıxmaq istəyənlərdir. Sonra da gedib şikayət edirlər”.
Dia.az