Axtarış...

Ağdam Rayon Xəstəxanasında pasientlərə oksigeni 5 manata satırlar: - “Hətta ölsələr belə...”

Ağdam Rayon Xəstəxanasında pasientlərə oksigeni 5 manata satırlar: - “Hətta ölsələr belə...”
“Yanğınsöndürənlər gəlib bizə iradlarını bildirdilər ki, kiçik yanğından ötrü onları niyə narahat etmişik?”

Yenicag.az-ın əldə etdiyi məlumata görə, iyulun 6-da, saat 15-16 radələrində Ağdam rayonu ərazisində yerləşən məcburi köçkünlər üçün salınmış Alıbəyli-2 qəsəbəsində həyətyani sahədə yanğın baş verib.

Alovun həyətyanı sahələrdən evlərə keçməməsi üçün, sakinlər özləri yanğını söndürməyə çalışıblar. Yanğının söndürülməsində fəallıq göstərən Tural Quliyev adlı qəsəbə sakini tüstüdən boğularaq, huşunu itirib. Hadisə yerinə təcili tibbi yardım çağıran qonşular həkimlərin ləngidiyini görərək, Quliyevi şəxsi avtomobillə xəstəxanaya aparmaq məcburiyyətində qalıblar. Xəstəxanaya tələsən qonşular qəsəbənin girişində təcili tibbi yardım maşını ilə qarşılaşıblar. Quliyevi təcili yardım maşınına yerləşdirərək, həkimlərin ona ilkin yardım göstərmələrini gözləyiblər. Şahidlərin sözlərinə görə, tibbi personal Quliyevin vəziyyətini sabitləşdirmək üçün heç nə etməyib.

Səbəbini soruşduqda isə, aldıqları cavabdan yerlərində donub qalıblar: “Təcili tibbi yardım maşınında oksigen balonu yoxdur”.

Lakin kuryoz situasiya bununla da bitməyib. Quliyevi Ağdam Rayon Mərkəzi Xəstəxanasına çatdırdıqda, başqa “problem” ortaya çıxıb. Həkimlər xəstənin qardaşı Vüqar Quliyevə deyiblər ki, pasientin üst-başı toz-torpağa bulaşıb, onu bu vəziyyətdə yatağa uzatmaq olmaz. Lakin Quliyevi müşayiət edən qonşuların etirazından sonra, onu palataya yerləşdiriblər.

Vüqar Quliyevin bildirdiyinə görə, həkimlər xəstəxanada münasib şəraitin olmadığını deyərək, Turalı evə aparmağı məsləhət görüblər.

Çarəsiz qalaraq, Turalı evə gətirsələr də, həmin gün, gecə saat 23:30-da onun halı yenidən pisləşib və təkrar xəstəxanaya aparılıb. Quliyevlərin sözlərinə əsasən, həkimlər və tibb bacıları onlara bildiriblər ki, xəstəxananın oksigen balonu yoxdur, olan balon isə Eldəniz adlı şəxsə məxsusdur. Həkimlər Quliyevi inandırmağa çalışıblar ki, 5 manat verməsə, hətta ölsə belə, o balondan istifadə edilməyəcək. Bu xəbərdarlıq təsirsiz qalmayıb və oksigen üçün həkimlərə 5 manat ödənilib.

Quliyev əlavə edib ki, qəsəbənin həmin ərazisində dünən yenidən yanğın baş verib: “Dünən ərazidə yenidən yanğın başladı. Yanğınsöndürmə xidmətinə zəng etdik və bir azdan yanğınsöndürən maşın gəldi. Onlar hadisə yerinə baxdıqdan sonra, iradlarını bildirdilər ki, kiçik yanğından ötrü onları niyə narahat etmişik? Yaxşı ki özümüz vaxtında müdaxilə etmişdik, yoxsa yanğın evlərə keçəcəkdi. Düşdüyümüz vəziyyətə özünüz qiymət verin”.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz