Türkiyədə yaşayan soydaşlarımıza pandemiya dönəmində yardım edənlər çox oldu.
Lakin bu yardımın forması, keyfiyyəti, əhatəsi təbii ki, başlıca amildir. Bu baxımdan qardaş ölkədə yaşayan ictimai fəallar və journalist həmkarlarımız xüsusi aktivliklə seçildilər. Şəbnəm Karslı, Şeyda Nəsibli, Könül Şamilqızı, Məshəti Şərif, İlhamə Qasımlı kimi aktiv xanımlarımız bu prosesdə xüsusilə seçildilər. Maraqlıdır ki, problemin əsas hissəsi geridə qalandan, Türkiyə ilə hava yolu sərhədlərinin açılmasına qərar veriləndən sonra meydana yeni “qüvvələr” çıxmağa başladı.
Şəbnəm Karslı ilə söhbətimizdə soydaşlarımıza verilən dəstəklə yanaşı, prosesdə kimlərin daha çox öndə olmasına, yağışdan sonra ortaya çıxan göbələklər misalı şəxs və qurumlarıa bağlı məsələlərə aydınlıq gətirməyə çalışdıq:
- Şəbnəm xanım, təxminən nə vaxtdan Türkiyədəki tələbələrə, soydaşlarımıza dəstək göstərməyə başladınız? Bu prosesə hansısa hadisə səbəb oldu, yoxsa öz təşəbbüsünüzlə başladınız?
- Proses Covid-19 pandemiyasının Türkiyədə ilk dəfə görülməsi, yəni mart ayında başladı. Bir neçə gün sonra ölkədə küçəyə çıxmaq qadağası elan edildi. O zamana qədər bunun bizim həmvətənlərimiz üçün necə mənfi təsirlə nəticələnəcəyini təxmin edə bilmirdim. Yollar bir anda bağlandı, həm quru yolla, həm də təyyarə ilə getmək istəyən insanlarımız ortada qaldılar. Vətəndaş cəmiyyəti olaraq hava limanlarında və yollarda qalan insanlarımız üçün çağırışlara başladıq. Çətin durum idi, nə vətəndaşlarımız, nə də rəsmilər bunun necə davam edəcəyini bilmirdilər. İş yerləri bağlandığında iki istiqamətdə çətinlik yaşayan insanlardan yardım tələbləri gəldi. Birincisi, burada oxuyan, eyni zamanda işləyən, və ya ailəsinin Azərbaycanda işi dayanan imkansız ailələrin uşaqları olan tələbələr. İkinci qrupun durumu daha ağır idi, bunlar bir qarın çörəyə möhtac qalmış əmək miqrantlarımız, ailələr idi. Bir çoxumuz biri-birindən xəbərsiz başladıq yardımlara, olduğumuz şəhərlərdə və ya ölkə boyu ehtiyacı olan tələbə və ailələri müəyyənləşdirir, sonra onlar üçün maliyyə və ya qida tapir, yönləndirirdik. Prosesdə iştirak edən kəsimin əksəriyyəti Azərbaycandan gəlmiş eski jurnalist və ya yazarlardır. Burada, Türkiyədə fərqli dərnək və qurumlar tərəfindən də dəstəklər təşkil edilirdi, amma müşahidələrimə əsasən deyə bilərəm ki, prosesdə əsas yük məhz bu qrupun öhdəsində idi.
- Dəstək və yardımlar əsasən nədən ibarət idi?
- Ailənin və ya tələbənin ehtiyacını müəyyənləşdirərək yardım tapmağa çalışırıq. Bəzən sadəcə qida tələbi gəlir, bəzən kirayə, kommunal xərcləri tələb edilir. Mən İstanbulda ilk mərhələdə uşaqlı ailələrə üstünlük verdim. Çünki tələbələrin rəsmi kimlikləri vardı, onlar üçün yardım tapmaq çətin deyildi. Ən çətini sənədsiz, kimliksiz ailələr idi. Onar burada qaçaq yaşadıqları üçün heç bir qurumdan yardım təşkil edə bilmirdik. Hətta səfirlik 200 Tl-lik qida kartı verəndə də sənədin nömrəsini tələb edirdi. Halbuki burada minlərlə ailəmiz var ki, sənədsiz yaşayırdılar və karantin zamanı aclığa məhkum oldular. İyun ayında iş yerləri açılmağa başladı və bu gün demək olar ki, ailələrdən yardım tələbi heç gəlmir. Bu həftə sadəcə iki ailə müraciət edib, ikisində də xəstə var. Hər iki ailəyə, şükürlər olsun ki, maddi yardım göndərdik.
- Təxminən neçə nəfərə kömək edə bildiniz? Dəstəklər hələ də davam edirmi?
- Doğrusu, mən digər xanımlarımızın dəqiq hesablarını bilmirəm, şəxsən mən daha çox maliyyə yardımları təşkil etmişəm. 500-dən çox ailə və 200-ə yaxın tələbəyə kiçik həcmdə pul yardımı göndərmişəm. Bildiyim qədəriylə bizim xanımlarımız daha çox tələbələrlə işlədilər. Haradasa minlərlə tələbəyə vətəndaş cəmiyyəti yardım etdi və etməkdə davam edəcək. Sonuncu tələbəmiz vətənə qayıdana qədər dayana bilmərik.
- Əsasən hansı problemlər yaranmışdı ordakı soydaşlarımız üçün?
- Ən böyük problem qida, kirayə, kommunal kimi bəsit ehtiyaclar idi. Bir günün içində işsiz qalmışdılar. Sosial təminatları olmayan böyük bir qrup heç nəsiz qaldılar. Təəssüflər olsun ki, rəsmilər lazımi tədbirləri görə bilmədilər. Bu gün isə ən böyük problem evinə qayıtmaq istəyən insanlardır. Onlar bilet tapa bilmirlər. AZAL həddindən artıq baha qiymətə təqdim edir biletləri. Amma o bahalı biletləri də alıb insanlarımızı göndərə bilmirik. Çünki AZAL biletləri özəl turizm şirkətlərinin əli ilə satır, rəsmən qara bazardadır biletlər. Önümüzdəki həftədən etibarən THY da Azərbaycana reyslər təşkil edəcək. Ümid edirəm ki, bu problem həllini tapacaq. Quru yolla, avtobuslarla da səfərlər təşkil edilməlidir. Burada qalmağa davam etdikcə insanlarımızın problemləri artır, hər ay kirayə, kommunal, qida ehtiyacları var.
- Kimlər yardımçı oldu: biznesdən, rəsmi səviyyədə kömək edən oldumu bu prosesdə sizə?
- Rəsmi səviyyədə müraciətlərim oldu, diaspora komitəsinə və konsullara ilk başlarda zəng etdim. Durumu izah etdim və yardımlar üçün dəstək istədim. Hər biri bir neçə iş adamı yönləndirdilər, ilk ay onların da dəstəyi oldu. Daha sonra yardım tələbləri artırdı, dostlar kömək etdilər. Proses boyunca həm Türkiyə, həm Azərbaycan vətəndaşları, burada işləyən həmvətənlərimiz, sahibkarlarımız yardım aksiyamıza dəstək oldular. Hətta evində daxılında topladığı 250 tl-lik məbləği yardım üçün bizə göndərən evdar xanımımız da vardı. Rəsmi səviyyədə ürəkaçan dərəcədə yardım olmadı. Amma insanlarımız və Türkiyə vətəndalaşları hələ də dəstəklərini əsirgəmirlər.
- Sizin gördüyünüz işləri öz adlarına çıxanlar var: sözünüz nədir onlara?
- Bu, əslində tragikomik durumdur. Burada kim prosesdə iştirak edibsə, adbaad bilirəm. Hamımız bir birimizi tanıyırıq. Müsahibə boyunca ad çəkməkdən çəkindim, kiminsə adını unutmaqdan qorxdum. Amma kimlərin də bu prosesdə heç nə etmədiyini də bilirik. Məhz heç nə etməyən tərəflər indi bizim fəaliyyətimizi öz adlarına çıxarırlar. Ortaya yardım etdikləri şəxslərin siyahısını da çıxara bilməzlər, yardımla bağlı dekont, çek də təqdim edə bilməzlər. Amma haradasa bizim əməyimizi, haqqımızı əzməyə cəhd edirlər. Bu haqda sosial medyada paylaşdıq, utandırmağa çalışdıq. Əlbəttə, utanan üzləri varsa, bu gündən sonra susarlar. (Fed.az)