Azər Bayramov sinif yoldaşına jest edib və Dövlət Xəzinədarlığı Agentliyinin Regional Mərkəzini Gədəbəydə yerləşdirib...
PİA.az-a daxil olan məlumata görə Maliyyə Nazirliyinin yanında yaradılmış Dövlət Xəzinədarlığı Agentliyinin strukturlaşdırılmasına başlanılıb. Məlumata görə yaxın aylarda Agentliyin tam fəaliyyətə başlaması gözlənilir. Artıq rayon maliyyə idarələrinin möhürlərinin geri alındığı və maliyyə idarələrinin müdirlərinin sərəncama göndərildiyi bildirilir. Bir çox rayonlarda isə maliyyə idarələrinin müdirlərinin təşviş içində olduqları qeyd olunur. Çünki uzun illər boyu maliyyə şöbələrində çalışan idarə müdirlərinin böyük hissəsi öz yerlərini itirəcəklər.
Qeyd edək ki, Dövlət Xəzinədarlıq Agentliyi Maliyyə nazirliyinin içində bir nazirlik statusna malik olan çox ciddi bir quruma çevriləcək. Belə ki, rayon Maliyyə İdarələrinin birləşdirilərək yaradılan Regional Xəzinadarlıq İdarələri rayonların ümumi büdcəsinə nəzarət funksyasını həyata keçirəcəklər və bütün rayonların maliyyə idarələri Agentliyə tabe olacaqlar. Məlumata görə bir çox rayonların maliyyə İdarəsinin müdirləri Regional Xəzinadarlıq İdarələrinin rəisi olmaq uğrunda ciddi-cəhdlə mübarizəyə qoşulublar və hər kəs, ya Dövlət Xəzinədarlıq Agentliyinin rəisi Elman Piriyevin, ya da Maliyyə nazirinin müavini Azər Bayramovun "xeyir-duasını" almağa çalışır.
Qərb regionu üzrə yaradılan Regional Xəzinadarlıq İdarəsinin ətrafında isə maraqlı situasiya yaranıb və bu situasiya həmin regionun maliyyə sektorunda narazılıqla qarşılanıb. Qeyd edək ki, Dövlət Xəzinadarlıq Agentliyinin tərkibindəki Regional Xəzinadarlıq İdarələri böyük və ərazi olaraq daha əlçatan rayonlarda təsis edilir. Yəni əhalisi, ərazisi və digər amillər nəzərə alınaraq böyük rayonlar regional mərkəz olaraq seçilir. Maraqlıdər ki, Agentliyin nəzdində Qərb regionu üzrə yaradılan Regional Xəzinadarlıq İdarəsində vəziyyət tam başqadır. Belə ki, Şəmkirda daxil olmaqla bir neçə rayonun Regional Xəzinadarlıq İdarəsi Gədəbəy rayonunda yerləşəcək. Bu isə çoxlarında təəccüb, narazılıq və suallar doğurub. Niyə Şəmkir deyil, Gədəbəy? Həm ərazisinə, həm əhalisinə, həm də maliyyə tranşına görə regionda bütün rayonları qabaqlayan Şəmkirin Regional mərkəz seçilməməsi hansı arqumentlərə dayanır?
PİA.AZ-a daxil olan məlumata görə Qərb regionu üzrə Şəmkir rayonunun deyil, Gədəbəyin Regional Mərkəz seçilməsi nazir müavini Azər Bayramovun istəyi ilə baş verib. Belə ki, hazırda Gədəbəy Maliyyə İdarəsinin rəisi işləyən Namiq Məmmədov nazir müavinin sinif yoldaşı və yaxın dostlarından biridir. Bu batədə PİA.az-ı məlumatlandıran mənbə bildirib ki, məhz Namiq Məmmədova görə Regional Xəzinadarlıq İdarəsi Şəmkirdə deyil, Gədəbəydə yerləşəcək. Həm də Regional mərkəzin rəisi Namiq Məmmədov olacaq.
Mövzu ilə bağlı yazıda adı keçən qurumların və şəxslərin mövqeyini dərc etməyə hazırıq...