Azərbaycandakı banklara nəzarət sisteminin yarıtmazlığı ucbatından müflisləşən “Bank Standard”ın əmanətçilərinin bankdakı pullarının qaytarılacağına ümidi demək olar ki, yox olmaq üzrədir. Bankdan talanan vəsaitin məbləği 100 milyonlarla dollarla ölçülür. Həmin vəsait əsasən Mərkəzi Bankın, SOCAR-ın pullarından və əhalinin banka yatırdığı əmanətlərdən ibarətdir.
Xatırladaq ki, ”Bank Standard”ın 1 milyard manata yaxın borcu qalıb, əmlakı isə bankın Kreditorlar Komitəsinin sabiq rəhbəri Əkrəm Həsənovun dediyinə görə, cəmi 200 milyon manat civarındadır. Bu da ondan irəli gəlir ki, əksər kreditlər ya girovsuz verilib, ya da girovun məbləği bilərəkdən dəfələrlə şişirdilib.
Müflis ediləndən sonra “Bank Standard”ın Kreditorlar Komitəsinin dəflərlə iclasları keçirilib. Həmin iclaslarda əmanətçilərlə bərabər bankın ləğvedicisi olan Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF) icraçı direktoru vəzifəsini icra edən Vüqar Abdullayev də iştirak edib. Ancaq bu iclaslar heç bir konkret nəticə verməyib və əmanətçilərə ümiddən başqa heç nə verilməyib.
Yanvarın 9-da keçirilən iclasda isə V.Abdullayev əmanətçilərə açıq şəkildə “Sizin pulunuz yoxdur, tələbiniz var...” deyərək, onları daha da “ümidləndirib”.
Onun həmin iclasdakı çıxışından belə çıxdı ki, bankın ixtiyarında olan mülkiyyətin satışı həyata keçirilsə və banka olan borclar qaytarılsa belə, bu vəsaitlərlə əmanətçilərin pulunun tam qaytarılacağını gözləməyə dəyməz. Bu da əmanətçilərin haqlı irad və narazılığına səbəb oldu.
Xatırladaq ki, sözügedən bankın müflisləşməsinin əsas səbəbkarları - banka 500 min manatdan 20 milyon manatadək borcu olan 153 şirkət və fiziki şəxsdir. Bu barədə hələ ötən ilin oktyabrında «Bank Standard»ın Kreditorlar Komitəsinin sədri Şahin Əhmədov mətbuata açıqlama verərkən demişdi. O, qeyd etmişdi ki, bu kreditlərin yarısı faizsiz, yarısı da təminatsız verilib: «Mən Apellyasiya Məhkəməsinə müraciət etdim ki, mənə bu adamların adlarını verin, ictimailəşdirək. Bu 153 nəfər məqsədli olaraq bankı talayıblar. Onları və onlara kredit verənləri tapıb gətirmək lazımdır. Bu adamları tapıb gətirib əmlaklarını əllərindən alıb, satıb insanların pulunu qaytarmaq lazımdır»
“AzPolitika.info” apardığı araşdırmalar nəticəsində həmin 153 şirkət və fiziki şəxsə aid məlumatlar əldə etmiş və onların bir qismi barədə material dərc etmişdi. Həmin siyahıda xeyli sayda iri məmurlara və oliqarxlara yaxın şirkət və şəxslərin adları var. Lakin görünən odur ki, bu siyahıdakı şəxslər və onların himayədarları cəzasızlıq mühitindən istifadə edirlər və banka olan borclarını, deməli həm də sıravi insanların bankdakı əmanətlərini qaytarmaq istəmirlər.
Lakin əsas problemlərdən biri həm də odur ki, əmanətçilərə borcların qaytarılması, bankın əmlakının satılması və s. barədə dolğun məlumat verilmir. Yəni ki, ADİF əmanətçilərin bankda qalan vəsaitlərə nəzarət imkanlarını məhdudlaşdırır. Bu isə əmanətçilərə nə zaman və nə qədər pul qaytarılacağı ilə bağlı sualı açıq saxlayır. Hətta ümumiyyətlə heç nə qaytarılmayacağı barədə təsəvvür yaradır.
Bu məsələ ilə bağlı ötən gün açıqlama verən tanınmış hüquqşünas, “Bank Standard”ın Kreditorlar Komitəsinin sabiq rəhbəri Əkrəm Həsənov əmanətçilərə pul qaytarılması şansının az olduğunu qeyd edib: “Əmanətçilər nə etməlidirlər? Onlar aktiv olmalıdırlar. Onlar fonddan (ADİF-red.) tələb etməlidirlər ki, bankın əmlakı qısa müddətdə satılsın. Banka borcu olanların siyahısı təqdim edilməlidir ki, tezliklə onlara qarşı məhkəmə işləri başlasın. Eləcə də aparılan məhkəmə işlərinin siyahısı təqdim edilməlidir...”
Ə.Həsənov daha bir maraqlı məqama toxunub. O, bildirib ki, banka qaytarılan pullardan həmin bankın Mərkəzi Banka və digər qurumlara olan borcları ödənilməyə çalışır, əmanətçilər isə son sıraya salınır: “”Bank Standard”da Mərkəzi Banka aid 154 milyon manat qalıb. O, hamıdan əvvəl bu pulların qaytarılmasını istəyir, bəlkə də artıq qaytarıb da.
Bundan sonra bankda Sahibkarlığı İnkişafı Fondunun da hardasa 30 milyon manatı var. O da həmin pulun növbədənkənar qaytarılmasını istəyir. Bir sözlə, ilk növbədə dövlət qurumlarınınm pullarını qaytarmaq istəyirlər. Buna görə də əmanətçilərin diqqətini yayındırırlar ki, onlar bu işə nəzarət etməsinlər. Ancaq təəssüf ki, əmanətçilərin əksəriyyətinin bunu başa düşməsi üçün bilikləri yetərli deyil.”
Göründüyü kimi, Ə.Həsənovun da dediklərindən belə nəticə çıxır ki, ADİF əmanətlərdən, yəni sıravi vətəndaşlardan daha çox dövlət qurumlarının vəsaitlərini qaytarmaqdadır. Əmanətçilərinsə “başının altına yastıq qoymaqla” məşğuldur.../AzPolitika.info/