Sumqayıt şəhər 13-cü mikrorayon sakini, uzun illər həkim işləmiş Teyyub Şahbazov şəhər Bələdiyyəsinin sədri Sultan Əsədovdan şikayətçidir.
T. Şahbazov Xeberle.com-a ünvanladığı şikayət məktubunda 2009-cu ildə Sumqayıt meşə torpağının bölüşdürülməsi zamanı Sumqayıt şəhər Bələdiyyəsinin həmin vaxtda sədr müavini işləyən Sultan Əsədova 6000 manat məbləğində pul vəsaiti verdiyini iddia edir: "Həmin məbləği şəxsən onun özünə vermişəm vətorpağın sənədləşdirilməsini istəmişəm. Bələdiyyənintorpaq xəritəsində 390 nömrə ilə 6 sot torpağın mənə verilməsi ilə bağlı qeydiyyat aparıldı. Bundan sonra mən həmin torpaq sahəsini hasarladım. Həmin vaxt dəftərxana kitabında mənə ərizə yazdırıb qeydiyyat aparmalarına baxmayaraq, sənədləşmə aparmaq üçün 4000 min manat əlavə pul tələb etdilər. Bir həkim kimi bu məbləği verməyə gücüm çatmadı. 2013-cü ildə Mirəli Məmmədovun çağırışı ilə Baş Prokurorluq yanında Korrupsiya qarşı Mübarizə Baş idarəsində ekspert kimi işləmişəm. Həmin dövrdə torpaq sahəsinin sənədləşdirilməsini yenidən qurumdan tələb etdim. Pulu almaq şərtiilə bağ sahəsinin sənədləşdirilməsinə söz verib məni arxayınetdilər”.
O, bildirib ki, 2 dəfə hazırda Sumqayıt Bələdiyyəsinin sədri olan Sultan Əsədovun qəbulunda olub: "Birinci dəfə onunla görüşəndə mənim torpaq sahəmin heç kimə verilməyəcəyi ilə bağlı söz verdi. İkinci dəfə qəbulda olanda isə işçiləri tərəfindən aldadılaraq torpaq sahəsinin başqasının adına sənədləşdirildiyinin və bunun müqabilində 18000 manat aldığını bildirdi. Mən şikayət edəcəyimi dedim. Sultan Əsədov isə təkrarən mənə dedi ki, işçilərim məni aldadaraq sənədlərə qol çəkmişəm. Hara istəyirsən şikayət elə. Hazırda böyrək xərçəngi ilə yataqdayam S. Əsədov oğluma bildirib ki, atan xəstədir, bizə heç nə edə bilməz. Korrupsiya ilə mübarizə aparılan hazırki dövrdə, mənəqarşı edilən bu haqsızlığın aradan qaldırılmasında mənə köməklik etməyinizi xahiş edirəm”.
Haqqında səslənən iddialarla bağlı Sumqayıt şəhər Bələdiyyəsininsədri Sultan Əsədovla əlaqə saxlanıb.
S. Əsədov Xeberle.com-a açıqlamasında vətəndaşın iddialarını əsassız saydığını və ona T. Şahbazov tərəfindən hansısa məbləğdə pul verilmədiyini bildirib: "Mən həmin dövrdə bələdiyyədə işləməmişəm. Bələdiyyədə 2010-cu ildə fəaliyyətə başlamışam. Belə vətəndaşlar çoxdur haqqımda yalan məlumatlar yayırlar. Bəlkə də kimsə ona torpaq veriləcəyinə şifahi olaraq söz verib. Bu baş veribsə də məndən öncə olub. Ötən il vətəndaşı qəbul etmişəm. Bələdiyyə əməkdaşlarının iştirakı ilə araşdırma aparılıb və onun adına hər hansı bir torpağın olmadığı müəyyən edilib. Hazırda onun adına hər hansı bir torpaq sahəsi yoxdur”.