Binəqədi rayon Binəqədi bələdiyyəsinin sentyabrın 25-də keçirilən ümumi yığıncağında bələdiyyənin yeni sədri seçilib.
AZXEBER.COM xəbər verir ki, bələdiyyə üzvlərinin yekdil qərarı ilə bələdiyyəyə rəhbərlik "Yerli İqtisadi Məsələlər” daimi komissiyasının sədri Salman Umudova həvalə edilib. Qeyd edək ki, Salman Umudov Azərbaycan gənclər hərəkatının tanınmış simalarındandır. 1995-2004-cü illərdə o, Demokratik Tələbə Gənclər Təşkilatı sədrinin 1-ci müavini, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının İdarə Heyətinin üzvü, Mərkəzi Nəzarət Təftiş Komissiyasının sədri vəzifələrini tutub. 1998-2004-cü illərdə Demokratik Seçki Mərkəzinin şöbə müdiri, 2006-2007-ci illərdə Milli Məclis deputatının köməkçisi olub.
Hazırda Gənc Sahibkarlar Birliyinin sədridir. 2005-ci ildə keçirilən IV çağırış bələdiyyə seşkilərində Yeni Azərbaycan Partiyasının namizədi kimi Bakının Binəqədi rayon bələdiyyəsinin üzvü seçilib, elə həmin ildən bələdiyyənin Yerli İqtisadi Məsələlər Daimi Komissiyasının sədridir. Salman Umudov 1975-ci ildə anadan olub.
1997-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Bakalavr, 1999-cu ildə isə Magistratura pilləsini bitirib. Hazırda həmin ali məktəbin "Dövlət İdarəçiliyi” ixtisası üzrə disertantıdır.
Evlidir, 3 övladı var.