26 may tarixində Qaynarinfo saytında yayımlanan “Zakir Qaralov ittiham olunur, “Akkord” susur – Baş redaktorun evini kim zəbt edib?” başlıqlı yazıya “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC tərəfindən cavab verilib.
Şirkətin Baş icraçı direktoru Bürhan Həmidov tərəfindən Qaynarinfo-ya daxil olan təkzib məktubunda jurnalist Anar Orucovun “Akkord”un Sumqayıt şosesi 7-ci km.-də yerləşən “Gənclər şəhərciyi”ndəki mənzilinin əlindən alındığı faktı təsdiqlənir, amma bunun qanuni olduğu bildirilir:
Anar Orucov müqavilə şərtini pozaraq 18 ay müddətində aylıq ödənişini ödəməyib, bununla bağlı “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC tərəfindən Anar Orucova dəfələrlə şifahi və yazılı qaydada xəbərdarlıq edilib, buna baxmayaraq yenə də Anar Orucov ödəniş etməyib. Bundan sonra “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC məhkəməyə müraciət etmək məcburiyyətində qalıb.
Əziz Orucov qardaşı Anar Orucovun adına alınmış olan və ailəsi ilə birgə yaşadığı mənzil haqqında “AKKORD” Şirkətin Baş içraçı direktoru Bürhan Həmidov tərəfindən verilən açıqlamanı AG YALAN adlandırıb.
“Anar Orucuv 2014-cü ildən Azərbaycanı tərk edib və Almaniyada yaşayır. Anar getdikdən sonra isə 2016-cı ilədək krediti hər dəfə şəxsən mən ödəmişəm. Sonradan kredit ödənişini etmək istərkən Azərbaycan Beynəlxalq Bankına getdikdə orada hesab nömrəmizin ləğv edildiyi bildirildi. Bu məsələyə bank tərəfindən hec bir aydınlıq gətirilmədi və “Akkord” tərəfindən bu hesabın ləğv edildiyi deyildi. Hətta mənim adı çəkilən şirkətin hüquqşunası Araz müəllim ilə olan danışığımıza əsasən şirkətin hesabina 1600 azn pul da əlavə olaraq kecirmişəm. Çox maraqlıdır, Anar ölkədə olmadığı halda “Akkord” şirkəti ona şifahi və yazılı xəbərdarlıq necə edib? Və xəbərdarlıq edilibsə kim və hansı formada edib?
Qaynarinfo-nun yazısında əsas vurğu məhkəmə qərarındakı ziddiyyətlər üzərində idi. Belə ki, qərarda nə müqavilə nömrəsi, nə mənzilin kvadratı, nə də otaq sayı düz göstərilməmişdi. Belə çıxır ki, məhkəmə əslində A.Orucova aid olmayan mənzil haqqında qərar qəbul edib və bunu icra edib. Şirkət rəsmisi bu məqama yalnız bir cümlə ilə cavab verib: “Məhkəmə qətnaməsi ilə alqı-satqı müqaviləsindəki nömrə və sahə fərqində texniki yanlışlıq olub”.
Ə. Orucov acıqlamanın bu hissəsində olan hərəkətləri ümumiyyətlə cinayət hesab edir. “AKKORD” şirkətinin Baş içraçı direktoru Bürhan Həmidov bilməli idi ki, məhkəmə qərarında olan texniki yanlışlıq olduğunda mənzilə girmək qadağandır. Bu məsələdə həm “Akkord” şirkəti, həm də yanlış qərarı icra edən Abşeron Rayon Məhkəmə Qərarlarının İcra və Probasiya Şöbəsi məsuliyyət daşıyır. Bu hərəkət ölkədə olan müvafiq qanunları tapdamaq və səlahiyyətlərindən sui-istifadə etməkdən başqa bir şey deyil. Həmin qərarın qərardad hissəsində həm mənzilin alqı-satqı müqaviləsi, həm otarq sayı, həm də sahəsi yanlışdır.
“Akkord” şirkətinin ZİDDİYƏTLİ ACIQLAMASI
Sözügüdən məsələ ilə bağlı “Akkord”un hüquqşunası Zamil Abdullayev AYNA-ya açıqlamasında şirkətin qanunsuz heç bir iş görmədiyini deyib: “İpoteka müqaviləsi Əziz Qaraşoğlunun qardaşı Anar Orucovla bağlanıb. Məhkəmə qərarı əsasında hərəkət etdiyimiz üçün addımlarımız tamamilə qanunidir. Mən özüm vətəndaşla borcun ödənilməsində gecikmə olduğuna görə müqavilənin ləğvi tələbi ilə iddia qaldırdım və məhkəmə bizim tələbimizi təmin etdi”.
“Akkord”un hüquqşunası Zamil Abdullayev, Orucovlar ailəsinin ipoteka krediti üçün ödədiyi bütün pulları geri qaytarmağa hazır olduqlarını da iddia etdi: “Onlar, həmçinin həmin evdə olan əmlaklarını da götürə bilərlər. Təmir üçün xərclənən pula gəlincə isə, Orucovlar təmir işlərinin dəyərini müəyyənləşdirmək və bu pulu geri qaytarmaq üçün bir araşdırma tələb edərək məhkəməyə müraciət edə bilərlər”.
Göründüyü kimi, şirkətin hüquqşünası Zamil Abdullayev ilə şirkətin Baş içraçı direktoru Bürhan Həmidovun mətbuata verdiyi acıqlamalar üst-üstə düşmür. Belə ki, hüquqşunas ödənilən kreditin qaytarılmasına şirkətin hazır olduğunu bildirsə də , Bürhan Həmidov bu məsələyə toxunmur və müqavilədə nəzərdə tutulan şərtləri saymazdan gəlir. Müqavilənin 5-ci bəndinin 8-ci paraqrafında yazılır:
“Alıcı tərəfindən müqavilənin icrasından imtina edilməsi hallarında ilkin ödəniş istisna olmaqla, ödənilmiş məbləğ yalnız mənzil satıldıqdan sonra alıcıya qaytarılır. Bu zaman satıcı alıcıya çatası həmin məbləğin 10 faizini mənzilin satılması ilə əlaqədar çəkilən xərclərin əvəzi kimi tutur.
Bürhan Həmidov isə öz acıqlamasında bildirir ki, sözü gedən mənzil “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC tərəfindən 24.12.2019-cu il tarixdə 09-19 saylı əmri ilə ailə başcısını itirmiş aztəminatlı ailəyə əvəzsiz olaraq verilib”.
Şirkətin Baş içraçı direktoru Bürhan Həmidov açıqlamasından o da bəlli olur ki, mənzil satılmayıb və deməli mənzil satılmayıbsa müqavilədə nəzərdə tutulmuş olan “ödənilmiş məbləğ yalnız mənzil satıldıqdan sonra alıcıya qaytarılır” bəndi icra edilməyəcək. Beləliklə isə, ödənilən pulların geri qaytarılmasını “Akkord” təmin etməyəcək.
Yaranmış ziddiyətli vəziyyətlə bağlı suallar meydana çıxır.
“Akkord” o qədər humanist şirkət oldu ki, mənim pulunu verdiyim mənzili başqasına əvəzsiz olaraq hədiyyə edir? Ailə başcısını itirmiş aztəminatlı ailə nə zamandan “Akkord”un himayəsindədir və özünü “xeyirxah” göstərərək şirkət nəyi gizlətməyə çalışır, Bürhan müəllim? Ailə başçısını nə zaman, hansı şəraitdə həyatını itirməsi və “Akkord”un ailəni “kiritmək” üçün mənzil verməsi sizcə nədən xəbər verir? Bürhan Həmidovdan bu suallara cavab gözləyirəm!!!”-deyir Əziz Orucov.
Əziz Orucovun vəkili, hüquqşunas Bəhruz Bayramov isə ümumiyyətlə müqavilənin bu bəndini qanunsuz hesab edir və müki məcəllənin hec bir bəndinə uyğun olmadığını vurğulayır.
“Qaynarinfo” saytında dərc edilmiş yazıya təkzib verən Bürhan Həmidov bildirir ki, “məqalədə guya Əziz Orucov həmin mənzildə qeydiyyatda olaraq yaşadığı deyilir. Halbuki, qeyd edilən mənzilin reyestrdən çıxarışı olmadığına görə qeydiyyata düşmək mümkün deyildir. Həmçinin, “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-yə məxsus olan eyni yaşayış kompleksində 11.04.2008-ci il tarixdə Orucov Əziz Qaraş oğlu da mənzil alıb və bu günə qədər də həmin mənzil Orucov Əziz Qaraş oğluna məxsusdur. Orucov Əziz Qaraş oğlunun mənzili olduğu halda Anar Orucovun mənzilində yaşaması həqiqətə uyğun deyil”.
Buna cavab olaraq Əziz Orucov “mən, anam və yoldaşım illərlə qardaşım Anar Orucovun adına alınmış mənzildə yaşamışıq. Bunu təsdiq edən sənədi isə “Akkord”un özündən almışıq. Həmin arayışda ailə tərkibi də qeyd edilib. Bürhan müəllim isə bunu təkzib edir. Bu verilən açıqlama tamamilə yalanlardır” deyir.
Həmçinin Əziz Orucov mahiyyəti üzrə danışılan hadisədə fırıldaqcılıq məsələlərinə də diqqət çəkdi. ““Akkord” şirkəti mənzili alqı-satqı müqavilə əsasında müştəriyə satır. Eyni zamanda, şirkət satdığı mənzili banka girov qoyaraq da pul götürür. Yəni şirkət bir gün müflis olsa vətəndaşların “Akkord”dan aldıgı mənzillər banklar tərəfindən əllərindən alacaq. Əgər “Akkord” mənzili banka girov qoyubsa onu sata bilməz, satıbsa girov qoya bilməz! Bu dediklərim fərziyə deyil, sənədlərlə təsdiq edə bilərəm. Azərbaycan Beynəlxalq Bankının Nərimanov Filialı tərəfindən verilmiş olan məktubda bu mənzillə baglı götürülmüş olan kredit müqaviləsində kreditin təminatı kimi həmin mənzil göstərilir. Bu müqaviləni kim baglayıb bankla? Əgər mənim yaşadığım mənzili “Akkord” banka girov qoymayıbsa onda kim və necə edib bunu???”.
Ə.Orucov bütün ziddiyətli məqamlarda hüquqlarının pozuldugunu bildirir. Və bu işdə siyasi sifariş oldugunu deyir. “Əgər bu məsələdə “Akkord” haqlıdırsa, o zaman mətbuat vasitəsilə mənə cavab verən Bürhan Həmidovu İnternet televiziyaları vasitəsi ilə yayımlanan canlı debata dəvət edirəm!”.
Sonda isə Əziz Orucov bu məsələdə mövcud olan bir sıra qaranlıq məqamların diqqət çəkdiyi deyir.
“Əgər şirkət mənzillə bağlı məhkəmə qərarından sonra Orucovlar ailəsinin mənzildə yaşamasına icazə vermişdisə və Əziz Orucovdan ödəniş qəbul edibsə niyə fikrini birdən-birə dəyişib? Məhkəmənin qərarında bu mənzilin “Akkord”la olan alqı-satqı müqaviləsinin nömrəsi, otaq sayı və kvadratı yanlışdırsa nədən bunun düzəldilməsi üçün yenidən “Akkord” məhkəməyə müraciət etməyib? Məhkəmənin qərarı kim tərəfindən icra olunub? Əgər Abşeron Rayon Məhkəmə Qərarlarının İcra və Probasiya Şöbəsinin əməkdaşları qərarı icra ediblərsə, o zaman onlar mənzilə girərkən mənzilin alqı-satqı müqaviləsinin nömrəsindəki səhvi görməyiblərmi? Mənzilin 2 otaq deyil 1 otaq olduğunu, 69.50 kv.metr deyil 45.47 kv.metr oldugunun fərqinə varmadılarmı?
Ümumiyyətlə, niyə cavabdeh evdə olmadığı zaman Abşeron Rayon Məhkəmə Qərarlarının İcra və Probasiya Şöbəsinin əməkdaşları mənzilə giriblər? Orucovlar ailəsinin mənzildə qalan əmlakının təhlükəsizliyinə kim zəmanət verir? Axı, ailənin istifadəsində olan mənzildə Orucovlar ailəsinə aid əşyalar var. Mənzil ələ keçirilərkən “Akkord”un işçilərindən başqa orda heç bir şahid olmayıb. Buna görə də əmlakın siyahıya alınması aparılmayıb. Orucovlar ailəsinin mənzilindən hansısa əşyalar oğurlanmış olsa bunun məsuliyyəti kimin üzərindədir?”.