Axtarış...

“Akkord”-jurnalist çəkişməsində yeni məqamlar - QALMAQAL



Cari ilin 26 may tarixində Qaynarinfo-da yayımlanan “Zakir Qaralov ittiham olunur, "Akkord" susur - Baş redaktorun evini kim zəbt edib?” başlıqlı yazıya "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC tərəfindən cavab verilib. Şirkətin Baş icraçı direktoru Bürhan Həmidovun adından sözügedən saytda daxil olan təkzib məktubunda, jurnalist Anar Orucovun (Qaraşoğlu) "Akkord"un Sumqayıt şosesi 7-ci km-də yerləşən Abşeron Gənclər Şəhərciyindəki mənzilinin əlindən alındığı faktı təsdiqlənir, amma bunun qanuni olduğu bildirilir.

Məlumatda qeyd olunur ki, Anar Orucov müqavilə şərtini pozaraq 18 ay müddətində aylıq ödənişini ödəməyib: “Bununla bağlı "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC tərəfindən Anar Orucova dəfələrlə şifahi və yazılı qaydada xəbərdarlıq edilib, buna baxmayaraq yenə də Anar Orucov ödəniş etməyib. Bundan sonra "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC məhkəməyə müraciət etmək məcburiyyətində qalıb”.
“Bu, ölkə qanunlarını tapdamaqdır”

Lakin Ə.Orucov AYNA-ya açıqlamasında, qardaşı Anar Orucovun adına alınmış olan və ailəsi ilə birgə yaşadığı mənzillə bağlı “Akkord”un Baş içraçı direktorunun açıqlamasını yalan alandırıb: “Anar Orucuv 2014-cü ildən Azərbaycanı tərk edib və Almaniyada yaşayır. Anar getdikdən sonra isə, 2016-cı ilədək krediti hər dəfə şəxsən mən ödəmişəm. Sonradan kredit ödənişini etmək üçün Azərbaycan Beynəlxalq Bankına getdikdə, orada hesabımızın ləğv edildiyi bildirildi. Bu məsələyə Bank tərəfindən hec bir aydınlıq gətirilmədi və “Akkord” tərəfindən bu hesabın ləğv edildiyi deyildi. Hətta, mənim adıçəkilən şirkətin hüquqşunası Araz müəllimlə olan danışığımıza əsasən, şirkətin hesabina 1600 manat əlavə pul da kecirmişəm. Çox maraqlıdır, Anar ölkədə olmadığı halda, “Akkord” şirkəti ona şifahi və yazılı xəbərdarlıq necə edib? Və xəbərdarlıq edilibsə, kim və hansı formada edib?”.

Qaynarinfo-da gedən yazıda əsas vurğu məhkəmə qərarındakı ziddiyyətlər üzərində idi. Belə ki, qərarda nə müqavilə nömrəsi, nə mənzilin kvadratı, nə də otaq sayı düz göstərilib. Belə çıxır ki, məhkəmə əslində Anar Orucova aid olmayan mənzil haqqında qərar qəbul edib və bunu icra edib. Şirkət rəsmisi bu məqama yalnız bir cümlə ilə cavab verib: "Məhkəmə qətnaməsi ilə alqı-satqı müqaviləsindəki nömrə və sahə fərqində texniki yanlışlıq olub".
Ə.Orucov açıqlamanın bu hissəsindəki qeydi, ümumiyyətlə cinayət tərkibli hesab edir: “Bürhan Həmidov bilməli idi ki, məhkəmə qərarında texniki yanlışlıq olarsa, mənzilə girmək qadağandır. Bu məsələdə həm “Akkord” şirkəti, həm də yanlış qərarı icra edən Abşeron Rayon Məhkəmə Qərarlarının İcra və Probasiya Şöbəsi məsuliyyət daşıyır. Bu hərəkət ölkə qanunlarını tapdamaq və səlahiyyətlərindən sui-istifadə etməkdən başqa bir şey deyil. Həmin qərarın qərardad hissəsində həm mənzilin alqı-satqı müqaviləsi, həm otaq sayı, həm də sahəsi yanlışdır”.

“Akkord”dan ziddiyyətli açıqlamalar

Qeyd edək ki, daha öncə "Akkord"un hüquqşünası Zamil Abdullayev AYNA-ya açıqlamasında şirkətin qanunsuz heç bir iş görmədiyini demişdi: “İpoteka müqaviləsi Əziz Qaraşoğlunun qardaşı Anar Orucovla bağlanıb. Məhkəmə qərarı əsasında hərəkət etdiyimiz üçün addımlarımız tamamilə qanunidir. Mən özüm vətəndaşla borcun ödənilməsində gecikmə olduğuna görə müqavilənin ləğvi tələbi ilə iddia qaldırdım və məhkəmə bizim tələbimizi təmin etdi”.

Hüquqşunası Orucovlar ailəsinin ipoteka krediti üçün ödədiyi bütün pulları geri qaytarmağa hazır olduqlarını da bildirmişdi: “Onlar, həmçinin həmin evdə olan əmlaklarını da götürə bilərlər. Təmir üçün xərclənən pula gəlincə isə, Orucovlar təmir işlərinin dəyərini müəyyənləşdirmək və bu pulu geri qaytarmaq üçün bir araşdırma tələb edərək məhkəməyə müraciət edə bilərlər”.

Lakin şirkətin hüquqşünası Z.Abdullayev ilə şirkətin Baş içraçı direktoru Bürhan Həmidovun mətbuata verdiyi acıqlamalar üst-üstə düşmür. Belə ki, hüquqşunas ödənilən kreditin qaytarılmasına şirkətin hazır olduğunu bildirsə də, B.Həmidov bu məsələyə toxunmur və müqavilədə nəzərdə tutulan şərtləri dilə gətirmir.

Müqavilənin 5-ci bəndinin 8-ci paraqrafında yazılır:

“Alıcı tərəfindən müqavilənin icrasından imtina edilməsi hallarında ilkin ödəniş istisna olmaqla, ödənilmiş məbləğ yalnız mənzil satıldıqdan sonra alıcıya qaytarılır. Bu zaman satıcı alıcıya çatası həmin məbləğin 10 faizini mənzilin satılması ilə əlaqədar çəkilən xərclərin əvəzi kimi tutur”.

Bürhan Həmidov isə öz açıqlamasında bildirir ki, sözügedən mənzil "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC tərəfindən 24.12.2019-cu il tarixdə 09-19 saylı əmr ilə, ailə başcısını itirmiş aztəminatlı ailəyə əvəzsiz olaraq verilib.

Şirkətin Baş içraçı direktorunun açıqlamasından o da bəlli olur ki, mənzil satılmayıb və deməli, mənzil satılmayıbsa, müqavilədə nəzərdə tutulmuş olan “ödənilmiş məbləğ yalnız mənzil satıldıqdan sonra alıcıya qaytarılır” bəndi icra edilməyəcək. Beləliklə, şirkət ödənilən pulların geri qaytarılmasını təmin etməyəcək.

Maraqlı sullar

““Akkord” o qədər humanist şirkət oldu ki, mənim pul ödədiyim mənzili başqasına əvəzsiz olaraq hədiyyə edir? Ailə başcısını itirmiş aztəminatlı ailə nə zamandan “Akkord”un himayəsindədir və özünü “xeyirxah” göstərərək şirkət nəyi gizlətməyə çalışır, Bürhan müəllim? Ailə başçısının nə zaman, hansı şəraitdə həyatını itirməsi və “Akkord”un ailəni “kiritmək” üçün mənzil verməsi, sizcə, nədən xəbər verir? Bürhan Həmidovdan bu suallara cavab gözləyirəm” – Ə.Orucov əməkdaşımızla söhbətində deyib.

Şikayətçi jurnalistin vəkili Bəhruz Bayramov isə, ümumiyyətlə müqavilənin sözügedən bəndini qanunsuz hesab edir və Mülki Məcəllənin heç bir bəndinə uyğun olmadığını qeyd edir: “Qaynarinfo-da yayımlanmış yazıya təkzib verən Bürhan Həmidov bildirir ki, guya, Əziz Orucov həmin mənzildə qeydiyyatda olaraq yaşayıb. Halbuki, qeyd edilən mənzilin reyestrdən çıxarışı olmadığına görə qeydiyyata düşmək mümkün deyil”.

Onu da qeyd edək ki, B.Həmidov "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-yə məxsus olan eyni yaşayış kompleksində, 11.04.2008-ci il tarixdə Orucov Əziz Qaraş oğlunun da mənzil aldığını bildirib: “Bu günə qədər də həmin mənzil Orucov Əziz Qaraş oğluna məxsusdur. Orucov Əziz Qaraş oğlunun mənzili olduğu halda Anar Orucovun mənzilində yaşaması həqiqətə uyğun deyil”.

Ə.Orucov isə bu açıqlamaya belə cavab verib: “Mən, anam və həyat yoldaşım illərlə qardaşım Anar Orucovun adına alınmış mənzildə yaşamışıq. Bunu təsdiq edən sənədi isə “Akkord”un özündən almışıq. Həmin arayışda ailə tərkibi də qeyd edilib. Bürhan müəllim isə bunu təkzib edir. Bu açıqlama tamamilə yalanlardan ibarətdir”.

Qeyd

Bu ilin may ayında “Kanal 13”ün rəhbəri, jurnalist Əziz Orucovun ailəsinin mənzildə olmamasından istifadə edən “Akkord” şirkətinin işçiləri qapını sındıraraq evə daxil olub və qapının kilidini dəyişdiriblər. Həmin evdə ailəyə məxsus əşyalar qalıb və jurnalistin ailəsi həmin əşyaları götürə bilməyib.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz