Axtarış...

Məşhur şirkətin qalmaqallı direktoru işdən çıxarıldı



Son günlər medianın diqqət mərkəzində olan, distribüterlərə, payçılara külli miqdarda ziyan vurduğu xəbərləri ilə gündəmə gələn Holcim Azərbaycan ASC-nin rəhbərliyində kadr dəyişikliyi baş verib.

Axar.az BakuPost-a istinadla xəbər verir ki, şirkətin marketinq, satış və logistika üzrə direktoru Anar İsmayılov işdən çıxarılıb.

Bildirilir ki, istər payçıların narazı salınmasında, istərsə də distribüterlərə külli miqdarda ziyan vurulmasında Anar İsmayılov əsas rol oynayıb. Onun işdən çıxarılması da həm bu narazılıqlarla, həm də ciddi maliyyə yeyintilərinin üstünün açılmasıyla bağlı olub. Digər xəbərə görə distribüterlərin şikayəti əsasında hüquq-mühafizə orqanlarında araşdırmalar aparılıb və Anar İsmayılov dindirilib. Bu dindirilmə zamanı şirkətdə ciddi qanun pozuntularının olduğu təsdiqini tapıb.

Qeyd edək ki, distribüterlərin şikayətində bildirilirdi ki, 2018-ci ilin avqustunda zavod direktoru Frederik Guimbal, Anar İsmayılov, Elnur Qurbanov və distribüterlər arasında keçirilmiş görüşdə satış sisteminin dəyişdiyi, bundan sonra icra olunmuş plana görə bonus hesablanmayacağı deyilib.

Bununla da distribüterlərə xeyli maddi ziyan vurulub. Sonradan məlum olub ki, Anar İsmayılov və Elnur Qurbanov həmin məbləği özləri mənimsəyib.

İddiaya görə, daha sonra distribüterlərə müxtəlif vasitələrlə daha ciddi maddi ziyanlar vurulub:

1. 2019-cu ilin aprel və iyun aylarında rəqib zavodlarla eyni qiymətə mal satılıb və distribüterlərə əvəzi ödəniləcəyi vəd edilsə də, ödənilməyib.

2. Anar İsmayılov 2019-cu ilin avqust ayında distribüterlərlə görüşüb və dəymiş ziyanın məbləğini müəyyən edərək ödəniləcəyinə söz verib, lakin sonda ödəməyib. Ümumilikdə distribüterlərə dəymiş ziyanın məbləği 832 891 manat təşkil edir.

Məsələ ilə bağlı daha bir sensasion məqam isə işə kriminal dəstə üzvlərinin qarışmasıdır. Məlumata görə, adları açıqlanmayan dəstə üzvləri distribüterləri təhdid edərək, dəymiş ziyanın ödənilməyəcəyini bildiriblər. Lakin distribüterlər isə Azərbaycan Respublikasının oğru qanunları ilə deyil, dövlət qanunları ilə idarə olunduğunu bildiriblər.

Yayılan məlumatlarda bildirilirdi ki, Anar İsmayılovun bu əməlləri barədə sonradan zavod direktoru olan Frederik Guimbala da ətraflı məlumat verilib. Lakin Frederik Guimbal işə laqeyd yanaşıb.

Xatırladaq ki, “Holcim Azərbaycan”la bağlı şikayətlər, narazılıqlar təkcə distribüterlərlə bağlı deyil.

Zavod səhmdarların dividentlərini verməkdən imtina edir və bu, böyük narazılığa səbəb olub. Hətta bir neçə gün əvvəl səhmdarlar aksiya da keçiriblər. Onlar bölüşdürülməmiş 94 885 000 manat dividenti tələb edirlər.

Qeyd edək ki, “Holcim Azərbaycan” (Qaradağ Sement zavodu) 2000-ci ildə yaradılıb və ölkənin ən iri sement istehsalçısıdır. Onun nizamnamə kapitalı 31 812 880 manatdır. Şirkətin səhmlərinin 86%-i İsveçrənin “Lafarge Holcim” və “Holcim Auslandbeteiligungs GmbH.” şirkətlərinə (müvafiq olaraq 76% və 10%), 14%-i isə fiziki şəxslərə məxsusdur.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz