Axtarış...

“Azəriqaz”ın işçilərindən kütləvi şikayət: - “Hər ay maaşımızdan böyük məbləğdə pul kəsilir”

“Azəriqaz” İstehsalat Birliyi (İB) Tərtər Regional Qaz İstismarı İdarəsinin Ağdam xidmət sahəsinin işçiləri bu ilin yanvarından etibarən, maaşlarını tam həcmdə ala bilmirlər.

Bununla bağlı Yenicag.az-a müraciət edən çoxsaylı şikayətçilər maaşlarının kəsilməsi ilə əlaqədar rəhbərlikdən ağlabatan izahat ala bilmədiklərini deyiblər. “Azəriqaz” İB-nin Şirvan Regional İdarəsi işçilərin aylarla maaş ala bilmədiklərinə dair sosial şəbəkələrdə yayılan etirazlarının araşdırılması zamanı bu problemin kütləvi xarakter aldığı üzə çıxıb.

Məlum olub ki, “Azəriqaz”ın müxtəlif bölgələrdə çalışan əməkdaşları uzun müddətdir ki, maaşlarını tam şəkildə ala bilmirlər. Bu halla üzləşən “Azəriqaz” İB Tərtər Regional Qaz İstismarı İdarəsinin Ağdam xidmət sahəsinin əməkdaşları vəziyyətin dözülməzliyi səbəbindən problemi ictimailəşdirmək məcburiyyətində qalıblar.

Qarşılaşdıqları problem haqqında Yenicag.az-a danışan Süleymanov Elgiz Çingiz oğlu yanvar ayından bu yana maaşlarını tam həcmdə ala bilmədiklərini deyir:

“Yanvardan maaşımızı doğru-düzgün ala bilmirik. Vaxtında almaq cəhənnəm, hər ay maaşımızı kəsirlər. Müqavilə ilə 286 manat 50 qəpik maaş almalıyam. Vergilər çıxıldıqda isə bu məbləğ 250 manata düşür. Ancaq yanvardan bu yana, hər ay cəmi 190, 143, 149, 240, 90 manat almışıq. Məsələ ilə bağlı “Azəriqaz” İstehsalat Birliyinin Tərtər Regional Qaz İstismarı İdarəsinə müraciət etmişik. Bizə bildiriblər ki, problem baş idarədədir.

“Azəriqaz”ın digər rayonlardakı idarələrində işləyən tanışlardan soruşmuşuq, onlar da deyirlər ki, maaşı tam ala bilmirik. Ağdamda işləyən işçilərin hamısının maaşında kəsilmələr var. İşçilərin bəzilərinin maaşı 50, digərlərinin 100, başqalarının, o cümlədən də mənim məvacibimdən 150 manat kəsilib. Bunu da maraqlanıb dəqiqləşdirmişik ki, nə vergiyə, nə də DSMF-yə borcumuz yoxdur”.

“Azəriqaz”ın Ağdam xidmət sahəsinin işçiləri Cəfərov Vaqif, Qasımov Akif, Zeynalov Şükür, Baxışov Şamxal, Zeynalov Səbuhi və digərləri də eyni problemlə üzləşdiklərini bildiriblər. Sadıqov Şamil isə maaşda yaranan kəsintilərə görə işdən çıxmağa məcbur olub. Elgiz Süleymanovun sözlərinə görə, hətta elə ay olub ki, maaş kartına cəmi 1 manat pul köçürülüb:

“Kartdan çıxarış etmişəm, orada yazılıb: “silinmə”. Köçən pul da göstərilir, silinmə də. Ancaq nəyə görə silinmə olub, o göstərilmir. Maaşımdan 160, 129 manat silinmələr var. Həmin məbləğlər geri qaytarılmır. 100 nəfər işçinin hamısının maaşından müəyyən məbləğdə pul kəsilir. Cabir adlı işçi var, ona 6 manat maaş köçürüblər. “Kapital Bank”ın baş idrəsinə zəng etdim, oradan bildirdilər ki, reyester “sürüşüb”, sizə artıq məbləğ yazılıb, silinən həmin puldur. Onlara da bildirdim ki, artıq pul istəmirik, bizə maaşımızı versinlər. Ola bilməz ki reyester hamıda “sürüşsün”. Elə bil torpaq sürüşməsidir”.

Şikayətin ciddiliyini və kütləviliyini nəzərə alaraq, məsələni dəqiqləşdirmək üçün “Azəriqaz” İB-nin mətbuat xidməti ilə dəfələrlə əlaqə saxlamağa çalışsaq da, zənglərimizə cavab verilməyib.
Text-to-Speech

DİNLƏ






Şərh yaz