Axtarış...

"Yeni Bakı"ya köhnə ab-hava qayıdır? - Sakinlər narahatdır...


Abşeron rayonu, Masazır kəndi, "Yeni Bakı" yaşayış kompleksinin sakinləri günlərdir təşviş içindədirlər. Buna səbəb isə, yaşayış kompleksinin idarəetməsini uzun illər qeyri-qanuni şəkildə həyata keçirmiş, komendant Ehtiram Yusifovun 27 aprel, 2019-cu il tarixində törətdiyi cinayət işinə görə saxlanılmasından sonra yenidən azadlığa buraxılmasıdır.

Sakinlər bununla bağlı redaksiyamıza məktub ünvanlayıblar. Həmin məktubun mətnini olduğu kimi təqdim edirik:

"Abşeron rayonu, Masazır kəndi, "Yeni Bakı" yaşayış kompleksinin sakinləri olaraq biz bu günlərdə yenidən təşviş içərisindəyik. Buna səbəb yaşayış kompleksinin idarəetməsini uzun illər qeyri-qanuni şəkildə həyata keçirmiş komendant Ehtiram Yusifovun 27 aprel, 2019-cu il tarixində törətdiyi cinayət işinə görə saxlanılmasından sonra yenidən azadlığa buraxılmasıdır. Xatırlatma üçün deyək ki, Ehtiram Yusifov qeyd etdiyimiz tarixdə yaşayış kompleksinin ərazisində ev alqı-satqısı ilə məşğul olan 3 nəfərə "Vinçester" markalı odlu silahdan atəş açmış, onları öldürməyə cəhd göstərmiş, lakin iradəsindən asılı olmayaraq, bu cinayəti məqsədinə uyğun tamamlaya bilməmişdi. Nəticədə hər üç şəxs ayaq, qarın və döş nahiyyələrindən çoxsaylı qırma yaraları almışdılar. Ölkə mediasında geniş şəkildə işıqlandırılan və ictimaiyyət tərəfindən böyük rezonans doğuran bu hadisədən dərhal sonra hüquq-mühafizə orqanları Ehtiram Yusifovu saxlamış və onun barəsində CM-nin 29,120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanmışdı.
Xüsusi amansızlıqla adam öldürməyə cəhd edən "komendant" niyə azadlıqdadır?

Açığı, Ehtiram Yusifovun saxlanılması uzun illər bu şəxsin qanunsuz və qeyri-etik hərəkətlərindən əziyyət çəkən insanlar kimi biz sakinləri bir qədər rahatlatdı. Düşündük ki, nəhayət cəmiyyət üçün zərərli və təhlükəli olan Ehtiram Yusifov yaşadığımız cəmiyyətdən təcrid olunur və biz də öz evimizdə rahat şəkildə yaşamaqda davam edəcəyik. Çünki bu adam "Yeni Bakı" y/k-nə komendant təyin olunduğu gündən etibarən sakinlərə qarşı çox kobudluqlar edib, insanları nümayişkaranə şəkildə təhqir edib, alçaltmağa cəhd göstərib, hətta sakinləri gecə yarısı "razborka"ya çağırmaqdan belə çəkinməyib. Məqsədi sakinləri qorxu altında saxlamaqla şəhərcikdən kommunal xərclər adı altında qeyri-qanuni ödənişlər toplamaq idi. Bu ödənişləri ödəməkdən imtina edən sakinlər isə xüsusi "qara siyahı"ya salınır və onlara qarşı daha amansız addımlar (bıçaqla hədələmə, həftələrlə evin elektrik enerjisi ilə təminatını dayandırma və s.) atılırdı. Biz də bu barədə müvafiq dövlət qurumlarına - Abşeron RİH-ə, Abşeron Rayon Polis İdarəsinə, Abşeron Rayon Prokurorluğuna - dəfələrlə yazılı və şifahi məlumatlar vermişik. Aprel ayının 27-də baş vermiş məlum hadisədən sonra bizim nə qədər haqlı olduğumuz hər kəsə bəlli oldu.

Lakin təəssüflər olsun ki, Ehtiram Yusifov kimi təhlükəli adamın cəmiyyətdən təcrid prosesi uzun çəkmədi. Bu günlərdə o, yenidən şəhərcikdə peyda olub. Onun hansı şərtlər altında həbsdən buraxıldığı bizə aydın deyil. Bizi narahat edən yeganə məqam belə bir təhlükəli adamın yenidən şəhərcikdə at oynatmağa başlamasıdır. Hüquq-mühafizə orqanlarını bu məsələyə həssas yanaşmalarını, növbəti cinayətlərin baş verməməsi üçün müvafiq addımlar atmalarını xahiş edirik."

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Reportyor.az
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz