Dahi Üzeyir Hacıbəyovun “Koroğlu” uvertürasının sədaları altında blokdan həyətə çıxıram. Yox, özüm dinləmirəm. Sadəcə, sözün həqiqi mənasında ayağımı həyətə qoyanda, o əzəmətli uvertüra səslənir.
Bu aralar yeni trend yaranıb. Musiqiçilər evdə qalan insanlara dəstək olmaq üçün balkon konsertləri verirlər. Mənim xəbərim olmasa da, sən demə, bizim məhəllədə də musiqiçi var imiş. Özü də qonşuların kefini açmaq üçün oxumağa başlamazdan əvvəl “Koroğlu” uvertürasını səsləndirirmiş.
Nə isə, bir neçə dəqiqə sonra məhəllədə çox sayda insan peyda oldu, sanki gerçək konsertə gəlmişdilər. Bir neçə dəqiqə sonra polis aşağıya düşən insanlara başa salmağa çalışır ki, icazə SMS-i olmadan həyətə düşmək olmaz. Bununla da həmin sakinlər qayıtdılar öz mənzillərinə.
İlk dəfə idi ki, günorta vaxtı şəhərdə quşların səsini eşidirdim. İndiyə kimi fikir verməmişəm, quşlar təkcə səhər tezdən yox, günortalar da oxuyurlar. Həyətdən çıxıb “Həzi Aslanov”, “Əhmədli” və “Xalqlar dostluğu” metrostansiyalarının yerləşdiyi ərazilərə baş çəkdim.
Yalandan “vahimələndim, insansız küçələr çox sönük görünürdü, hər tərəfdə polis var idi”, deməyəcəm. Çünki ara küçələrdə kifayət qədər insan da var idi, maşın da. Polis? Yox, açığı, onları görmədim.
Diqqətimi çəkən məqamlardan biri bankların qarşısındakı insanların çoxluğu oldu. Hər bankın qarşısında azı 30-40 nəfər adam növbə tutmuşdu. Təkcə “Əhmədli” metrosu yaxınlığındakı bankların qarşısındakı insanlar bir araya yığılsalar, kənardan onların aksiya keçirdiyi təsəvvürü yaranar.
Bu aralar kredit götürmək istəyənlərin sayı şəxsən mənə çox maraqlı gəldi. Böyük ehtimalla, borclu insanların sayında ciddi artım olacaq. Təxminən 3-4 kilometr məsafə qət etdim, amma yenə də polislə qarşılaşmadım.
Yalnız “Əhmədli” metrosunun ətrafında və ərazidəki dayanacaqlarda polislərə rast gəlirəm. Yolda hərəkət edən vətəndaşları saxlayır, onlardan ya icazə kağızı, ya da SMS tələb edirlər. Bir qədər müşahidə apardım, ancaq problemli heç nə ilə qarşılaşmadım.
Polislər yaxınlaşaraq, nəhayət, məndən də sənəd tələb edirlər. Şəxsiyyət vəsiqəmi və press-kartımı uzadıram. Baxırlar, sonra da uğur diləyib, yola salırlar. Yol boyunca diqqətimi çəkən məqamlardan biri də xeyli mağazanın bağlanması və qapısından “İcarəyə verilir” elanının asılması oldu.
Üzü “Xalqlar dostluğu” metrosuna doğru piyada gedirəm. Arxa küçələrdən fərqli olaraq, əsas yolda maşınlar ötən günlərdə olduğu kimi yenə də çoxdur. Baxıram ki, polis əməkdaşlarının o qədər maşını yoxlaması imkan xaricindədir.
“Xalqlar dostluğu” metrosuna çatmamış körpü var. Şəhərdəki “qul bazarları”ndan biri də o körpünün altı sayılır. Hər dəfə oradan keçəndə, ən azı 15-20 adamın dayandığını görürdüm. İndi körpüyə yaxınlaşada, elə bildim, orada heç kim yoxdur.
Ancaq körpünün altında dayanmağımdan 1 dəqiqə keçməmişdi ki, müxtəlif yerlərdən 10-a yaxın adam yaxınlaşdı. Hamısı da birağızdan, “Qardaş, iş var, nə işidi?, – deyə sual yağdırdılar.
Dayandığım yerdə donub qaldım, məndən ümidlə cavab gözləyənlərə heç nə deyə bilmədim. Bir qədər sonra özümü toparlayaraq, jurnalist olduğumu, ərazidə müşahidə apardığımı dedim.
Jurnalist olduğumu öyrəndiklərində hamısının dərdi açıldı. Dedilər, polislər imkan vermir burada dayanaq. Onu da əlavə etdilər ki, polisləri də qınamırlar, çünki onlar qoyulan qaydalara görə belə davranırlar.
Mənə yaxınlaşanlardan heç biri foto və video çəkilişinə razı olmadılar. Onların içindəki Rövşən adlı şəxs Cəlilabad rayonundan olduğunu deyir. Rayonda iş olmaması onu Bakıya üz tutmağa məcbur edib:
“Rayonda iş olmadığı üçün Bakıya gəlmişəm. Gündəlik qazancım 10-15 manat, bəzən daha çox olurdu. Ayda 130 manata kirayədə qalıram. Sağ olsun, ev sahibi dedi ki, bu ərəfələr pul almayacaq. Ancaq yemək, içmək, siqaret üçün pul lazımdır. Gizlənə-gizlənə çıxıb burada dururuq ki, heç olmasa, yemək və siqaret pulunu çıxaraq”.
Rövşən koronavirus bəlasından xilas olmaq üçün hər gün dua etdiyini, hətta bu münasibətlə qurban kəsəcəyini deyir.
Əslən Borçalıdan olan Aydının dediyinə görə, onun durumu daha acınacaqlıdır. İş olmasa, cibində evə getməyə pulunun olmadığını bildirir. Rövşən də, Aydın da subaydırlar. Sadəcə, siqaret və çörək pulunu fikirləşirlər.
Həsən isə ailəsini həmin körpünün altında dayanaraq, tapdığı iş sifarişləri əsasında dolandırır. Deyir, karantin dönəmi üçün evə gec xarab olan məhsullardan alıb. Ancaq gündəlik xərclər də var axı… Bu gün iş olmasa, axşam evə əliboş getməyindən narahatdır.
Körpünün altına yığışanların hamısının dərdi eynidir. Günəmuzd işləyirlər. Onlardan nə maska soruşuram, nə də əlcək. 1 siqareti 3 nəfərə çəkənlərin maska, əlcək almağa pulu olar?
Onlarla söhbət etdiyim müddətdə iş üçün bir nəfər də onlara yaxınlaşmadı. Evdə qalmayanları qınayırlar, cərimələyirlər. O insanlarla söhbətdən sonra adam hər şeydən əlini üzür. Mən də səssiz-səmirsiz onlardan aralanıram.
Siz isə istəyirsiniz evdə qalın, istəyirsiniz çöldə, amma bütün hallarda çalışın, sağ qalın.