“Koroğlu” metrostansiyasının çıxışında naməlum obyekt tikilir.
Aparılan tikinti işləri ilə bağlı Bizimyol.info-ya danışan “Bakı Metropoliteni” QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, o tikintidən xəbərsizdir və tikintinin hansı məqsədlə və hansı şirkət tərəfindən aparıldığı haqqında heç bir məlumatı yoxdur:
“Orada tikinti işlərinin aparılmasından xəbərsizəm, hansı şirkətin apardığı haqqında məlumatım yoxdur. Bu haqda “Azərbaycan Dəmir Yolları” QSC ilə əlaqə saxlayın”.
Bizimyol.info-ya açıqlama verən “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova bildirib ki, sərnişinlərin rahatlığını təmin etmək məqsədilə metrostansiyanın çıxışında turniket tipli buraxılış məntəqəsinin tikintisi nəzərdə tutulub:
“”Koroğlu” metrostansiyasının çıxışının yaxınlığında, dəmir yolunun “Koroğlu” dayanacağında sərnişinlərin rahatlığının təmin edilməsi məqsədilə iki ədəd turniket tipli buraxılış məntəqələrinin tikintisi nəzərdə tutulub. Hazırda turniket tipli buraxılış məntəqələrində işlər davam etdirilir”.