Axtarış...

Urvatsız yardımlar... Quyuya atılan 190 manat... - GƏLİŞMƏ

Urvatsız yardımlar... Quyuya atılan 190 manat... - GƏLİŞMƏ


Yardım gəldi, yardım verildi, yardım yeyənlər, yardım geyənlər – bunlar həyatımın bir dönəmində ən çox eşitdiyim sözlərdəndir. Son zamanlar ölkədə xüsusi bir yardım kampaniyası başladılıb. Bir çoxları sırf ürəyi yanır deyə, bu addımı atır. Bir çoxunun fikri isə həmişəki kimi, özünüreklamdı.

Birinciləri alqışlayıram, özündən başqa digərlərini də düşünənləri görəndə, sevinirəm. Gənclər pul yığır, ehtiyacı olanlara dəstək olurlar. Ancaq nə qədər? Hara qədər? Əvvəl hesab nömrələri açıqlananda, kimin gücü nəyə çatırdı, ona uyğun da yardım edirdi.

Son iki gündür, artıq hesab açan şəxslər “çatdırmaq olmur, çox sayda ehtiyacı olan insanlar var, xahiş edirik dəstək olun” məzmunlu çağırışlar edirlər. Amma unutduqları bir şey var ki, o hesablara pul göndərənlərin evində pulkəsən maşın yoxdur. Nə isə…

Qarabağ müharibəsi nəticəsində 1 milyon insan məcburi köçkün vəziyyətinə düşdü. O köçkünlərin az bir hissəsi qohum evlərinəı sığındı. Digər hissəsi isə yataqxanalarda məskunlaşdı. Köçkünlərin ən böyük hissəsi isə çadır şəhərciklərini özlərinə məskən etdi.

Torpağı ilə yanaşı mülkiyyəti – evi, əşyaları, arzu və ümidləri – olanı da, olmazı da işğal edilmişdi insanların. Hamısı yardıma möhtac qalmışdı. Çörək də gündə 3 dəfə yardım kimi verilirdi. Bir-bir sadalamayım, geyimə qədər hər şey yardım idi.

Çadır şəhərciyində yaşayanların maddiyyatı işğal edilsə də, heysiyyatları, qürurları yerində idi. Təbii ki, bu yardım çox insanın heysiyyatına, qüruruna toxunurdu. Əvvəllər utana-utana yardım alanlar, sonra “yardım gəldi” xəbərini eşidəndə, sevinirdilər. İş yox, pul yox, necə və nə ilə yaşamalı idi?

Hamının evinin rəngi ağ olduğu kimi, insanların 90 faizinin geyimi də eyni idi. Bu “eyniyyət” sonralar insanların böyük əksəriyyətini də eyni hala saldı. İnsanları ələbaxımlığa, yardıma öyrətdi. Adiləşdi. Adiləşdirdilər.

Son günlər baş verənlərlə əlaqədar mətbuatda, sosial şəbəkələrdə deputatların yardım paylamalarını görürük. Biznesi olan deputat daha çox evə, biznesi olmayanlar da gücləri çatan qədər insanlara yardım edir. Ancaq bunu alqışlamıram! Bəyənmirəm! Dəstəkləmirəm!

Sən necə deputatsan, əhalinin acınacaqlı şəraitdə yaşadığını görə-görə, oturduğun kreslodan bu barədə bir kəlmə demirsən? Sənin apardığın yağı hara tökəcəklər? Sən necə deputatsan, Statistika Komitəsi işsizlərin sayını açıqlayanda, çıxıb demirsən ki, bu rəqəmlər yalandır, saxtadır!

Sənin apardığın makaronun üstünə o adamlar nə qoyacaqlar? Sən necə deputatsan, yoxsulların sayı açıqlananda, durub demirsən, deyə bilmirsən, mandatını atıb çıxmırsan ki, adamın vicdanı olar. Sənin apardığın şəkəri çaya qatıb, nə ilə yesinlər?

Karantin dönəmi hələ bir neçə gündür, nisbətən ciddi hal alıb. Gördünüz, yalançı statistikalar necə darmadağın oldu? Bu statistikalar açıqlananda, guya bilmirdiniz ki, camaatın vəziyyəti qat-qat ağırdı, cənab yardım paylayan deputatlar?

Bir dəfə sabiq qaçqınkom Əli Həsənov çadır şəhərciyinə gəlmişdi. Dedi, sizin üçün hər şərait yaradılıb, sözü ağzında qaldı. Bir qadın dedi, gəl, 1 həftə biz sizin evdə yaşayaq, bir həftə də siz burada. Əli Həsənov heç sözünü tamamlamadı da, gəldiyi kimi də qayıtdı. Nə deyəcəkdi, deyiləsi sözü vardı?

Çadır şəhərciyinə Türk Kızılayından başqa bəzən imkanlı şəxslər də yardım gətirirdi. Özünüreklam o vaxt da vardı. Yardımla yanaşı, kamera gətirənlərin sovqatını demək olar ki, heç kim almırdı. Məcbur olub rəhbərliyə təhvil verib, gedirdilər.

İndi bir çoxları yardım edib, hələ bir video-fotoçəkiliş də edirlər. Anladıq, yardım etmək savab qazanmaqdır, yardım etmək cənnəti sığortalamaqdır, xeyirxah insan olmaqdır. Bəs yardım alan kimdir?! Yardım alanın psixologiyası necədir?! Deyir, sağ əlin verdiyini sol əl bilməməlidir. Qardaşım, sənin verdiyini bütün ölkə bildi axı…

Türkiyəyə baxıram, şirkətlər həm dövlətin fonduna ianə edir, həm də minlərlə ailəyə dəstək olurlar. Xəstəxanalarda olan çatışmazlığı aradan qaldırırlar. Türkiyədə bir adamın da “hər şeyi dövlətdən gözləməyin, dövlət sağmal inək deyil, dilənçilik etməyin” tipində bir fikir irəli sürdüyünü görmədim. Şirkətlər, bələdiyyələr, dövlət insanlara dəstək olmaq üçün sanki yarışa girib.

Bilirsiniz niyə? Çünki dövlət bilir ki, onu var edən vətəndaşıdır. Zəif vətəndaşın dövləti şar kimi bir şeydir, bir iynəlik canı olur. Şirkətlər yaxşı bilir ki, onlar da o vətəndaşların hesabına ayaqda qalıblar. Bu gün o, vətəndaşının yanında durur ki, sabah o vətəndaş da, onunla olsun. Gücsüz, kasıb vətəndaş şirkətə nə verə bilər axı? Heç nə!

O vaxt qaçqınlar üçün dövlət çörəkpulu verməyə başlamışdı. Bilirsiniz, o pulun başına nə oyunlar gətirirdilər? Təxmin edirsiniz, Türkiyədən gələn yardım sayəsində yaşayan camaatın çörəkpuluna göz tikən nə qədər məmur var idi?! Hələ gələn yardımları “yeyənlər”… Bazarlarda satılan yardımlar… Bax, elə o zaman insanlarda inamsızlıq yarandı. Türkiyə yaşadırdı, bizimki isə qulaq kəsirdi.

Qaçqın uşaqları ilə “yerli” uşaqlarının davaları ən çox nəyin üstündə olurdu, bilirsiniz?! Söz çəpləşən kimi deyilən “yardım yeyənlər”, “yardım geyənlər” ifadəsinə görə…

Elə bilirsiniz, ancaq söz çəpləşəndə deyirdilər? Aşağılamaq üçün də, zarafatla da deyirdilər. İndi də bu tendensiya davam edir. Adicə sosial şəbəkədə “qaçqınlar” mövzulu istənilən paylaşıma yazılan rəylərə baxmaq kifayət edir. 28 ildir, bitmir bu xor görmə. Daha da artaraq, yüksələn xətt üzrə gedir. Eynən koronavirus kimi…

Yardımla bağlı “çox” şeyi bilirsiniz də, yardım alanlarla bağlı nəyi bilirsiniz, bəs? Bilirsiniz ki, nə qədər adam “Yardım yeməyəcəm!”, deyib də ölkədən getdi? Bilirsiniz, nə qədər insan qüruruna sığışdırmadı və ürəyi partladı? İntihar edənləri necə, onlar haqda nə bilirsiniz?

Dünyanın hər yerində yoxsul, kasıb, işsiz insanlar var. Bütün ölkələr bunun aradan qaldırılması üçün çalışır. Yaxşı, biz çalışırıqmı? Söhbət günü qurtaracaq iş yerlərindən getmir. Sabaha güvəniniz qalıb? Bu qədər ehtiyacı olan insanlar var. Onların niyə, hansı səbəbə görə bu günə düşməsi ilə bağlı bir qurum araşdırma apardımı? Bunu görən oldumu?

Bəzən deyirlər, Azərbaycanda qadınların hüquqları pozulur, ancaq çox az xanım buna reaksiya verir. Bilirsiniz, niyə? Çünki Azərbaycan qadını o hüquqları istəyərək almayıb, ona görə. Dünyada qadınlar azadlıq uğrunda döyüşəndə, Cümhuriyyətçi babalarımız qadınlarımızın o haqlarını doğal hüquq olaraq, tanıdı.

Bəzən deyirlər, vətəndaşlar haqqını tələb etmir, tələb edə bilmir. Çünki ənənəsi yoxdur, ona görə! Başına gələn yaxşı şeylərin az qala hamısı xırda itkilərlə əldə edilib. Keçidləri qansız olub, vətəndaş müharibəsi görməyib.

Koronavirusu bütün dünya düşmən elan edib, dövlətlərin hamısı onunla vuruşur. Biz də 4 il öncə lokal da olsa, Qarabağda müharibə aparırdıq. Dövlətin iqtisadi gücü olmasa, müharibə apara bilərdi? Nə qədər vətəndaşımız könüllü döyüşmək üçün qeydiyyata durdu. Dövlət rəsmən bəyan etdi ki, Ordu var, könüllülərə ehtiyac yoxdur.

Aprel döyüşləri vaxtı düşmənin başına yağdırılan mərmilərin sayı Qarabağ müharibəsində atılanlardan çox oldu. Olmasa, atardılar? Orduya yardım etmək istəyənlər oldu, Müdafiə Nazirliyi imtina elədi və bildirdi ki, ehtiyac yoxdur. Olmasa, edərdilər? O müharibədə Vətəndaşımız dövlətinin arxasında durdu. Dedi ki, varam! Burdayam! Yardım da edərəm, könüllü batalyonlar da yaradaram.

İndi də növbə dövlətindi. Deməlidi ki, varam! Burdayam. Yardım da edəcəm, dəstək də olacam, kreditlərini də donduracam! Nə mən sənsiz var ola bilmərəm, nə də sən mənsiz!

Türkiyə hər ailəyə, irili-xırdalı hər sahibkara dəstək olur. Rusiya ehtiyacı oldu-olmadı, hər ailəyə ərzaq yardımı edir. Bəs biz? Bir quyuya 190 manat pul atıblar, bütün ölkə fikirləşir, çıxara bilmir. Hər kəsin, hər ailənin ehtiyacları var. Sabah ailələrə fərdi yardım edənlər də çökəcəklər, tükənəcəklər. Gəlir olmayandan sonra nə edəcəklər? Pul ki tükənməyən sərvət deyil… Onda nə olacaq?

Düşünün, bəylər!
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz