Milli Məclisdə (MM) artıq hesabatların dinlənilməsinə start verilir.
Belə ki, ilk hesabat hökumətin hesabatı olacaq ki, o da aprelin 7-də baş tutacaq.
Bunun ardınca bələdiyyələrlə bağlı və Ombudsmanın illk hesabatları dinləniləcək.
Qeyd edək ki, artıq bələdiyyələrlə bağlı illik hesabat parlamentə təqim olunub və Regional məsələlər komitəsində Ədliyyə nazirinin müavini Vilayət Zahirovun məlumatı dinlənilib.
Eyni zamanda, yeni Ombudsmanın Səbinə Əliyevanın (millət vəkili Siyavuş Novruzovun həyat yoldaşı) da illik hesabatının hazır olduğu və parlamentə göndərildiyi bildirilir.
Hər iki hesabatın müzakirəsinin aprel və ya may ayının əvvəllərində baş tutacağı gözlənilir.
Bəs görəsən, 4-cü hesabat-İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun hesabatı nə vaxt dinləniləcək və hesabat MM-ə daxil olubmu?
Etikxeber.az-a MM-dən verilən məlumatda öncə bildirilir ki, hələlək növbəti iclasların, o cümlədən, Milli Koordinatorun hesabatı ilə bağlı iclasın dəqiq vaxtı bilinmir.
Eyni zamanda, Milli Koordinatorun illik hesabatı da parlamentə daxil olmayıb.
Qeyd edək ki, Milli Koordinatorun illik məlumatı öncə parlamentin İnsan hüquqları komitəsində müzakirəyə çıxarılacaq, sonra MM-in plenar iclasına tövsiyə olunacaq.
Həmçinin, qeyd edək ki, 2020-ci ilə kimi (konkret olaraq, 2019-cu ildə) Daxili işlər nazirinin sabiq birinci müavini və hazırda nazir vəzifəsini icra edən general Vilayət Eyvazov Milli Koordinator olaraq, parlamentdə hesabat verirdi.
Bu dəfə isə onu başqa şəxs əvəzləyəcək.