Axtarış...

İcra başçılarına çox maaş verilsə, nə dəyişəcək? - Tamahkardırsa...

İcra başçılarına çox maaş verilsə, nə dəyişəcək? - Tamahkardırsa...

Bir sıra rayonların icra hakimiyyəti başçılarının rüşvətxorluğa bulaşmasına görə həbs olunması, bu qədər ciddi cəza tədbirlərindən bəzi icra başçılarının dərs götürmədiyinin üzə çıxması müxtəlif təklifləri gündəmə gətirib. Belə ki, icra hakimiyyəti başçılarının rüşvətxorluğunun qarşısının alınmasının yollarından biri kimi onların maaşlarının 20 minə qaldırılması təklifləri irəli sürülür.

Məsələn, iqtisadçı Əkrəm Həsənov yüksək etimad göstərilən gənc icra başçlarına yüksək məbləğlərdə məvacib verilməsinin olduqca vacib şərt olduğunu deyir: “İcra başçılarına yüksək məbləğlərdə məvacib verilməlidir. Rayonun əhali sayından, iş həcmindən asılı olaraq icra başçılarına 20-25 min manat məvacib verilməlidir. Bu məvacibin qarşılığında icra başçılarından effektiv iş tələb etmək olar. Başqa cür rayonlarda vəziyyəti dəyişmək, effektiv idarəçiliyə nail olmaq qeyri-mümkündür. 2-3 min maaş alan icra başçısının rüşvətə, korrupsiyaya bulaşmaması inandırıcı görünmür. Dövlət məmurlarının əmək haqqı elə olmalıdır ki, onun gözü rayondakı müəllimlərin, həkimlərin əlində olmasın. İş adamlarına münasibətdə qanunsuzluqlara yol verməsin.

Gənc kadrların rüşvət və korrupsiyadan uzaq olması üçün onlara yüksək məvacib ödənməsi təmin ediləcəksə, başçı aparatında çalışanlar yaxşı əmək haqqı alacaqlarsa, rayonlardakı problemlər də tədricən aradan qalxacaq. Ümumilikdə gənclərə etimad göstərilərək yüksək vəzifələrə təyin olunmaları müsbət tendensiyadır”.

Sabiq maliyyə naziri, iqtisadçı professor Fikrət Yusifov “Yeni Müsavat”a bildirdi ki, həmişə məmurlara yüksək əmək haqqı verilməsinin tərəfdarı olub. “Məmura yüksək əmək haqqı həm də ona görə verilməlidir ki, rüşvət almaq kimi qanunsuz, həm də murdar bir yola düşmək üçün onun ən azından mənəvi haqqı olmasın. Məmur, icra başçısı yüksək maaş alarsa, özündə daha da artıq məsuliyyət hiss edər. İstər icra başçısı, istərsə də başqa vəzifə daşıyan məmur olsun, əgər onun mənəvi keyfiyyətləri yerində deyilsə, tamahkardırsa, belələri maaşları nə qədər yüksək olsa da gözləri doymayacaq. Ölkə prezidenti son illər ərzindəki çıxışlarında rüşvət və korrupsiyaya qarşı bir müharibə elan edildiyinin anonslarını verirdi. Xüsusən də icra başçılarına dəfələrlə xəbərdarlıq edirdi. Təəssüf ki, bir çoxları nəticə çıxartmaq istəmədilər. Onların bəzilərinin aqibəti hər birimizin gözü qarşısındadır. Mən hesab edirəm ki, rüşvət çirkabına bulaşmış fəaliyyətdə olan və vəzifədən getmiş bütün məmurların əmlakları və digər aktivləri əllərindən alınmalı, dövlətə qaytarılmalıdır. Bu həm də cəmiyyətdə məmur ordusunda sağlam mənəvi-psixoloji baxışların formalaşması üçün olduqca vacibdir”.

Qeyd edək ki, Azərbaycanda icra başçılarının maaşları onların rəhbərlik etdiyi ərazidən asılı olaraq dəyişir. İcra başçısının Bakı şəhəri üzrə maaşı 1925 manat məbləğində müəyyən olunub.

Gəncə və Sumqayıt şəhərləri üzrə isə bu rəqəm 1280 manat təşkil edir.

Şəhər, rayon və şəhər rayonu üzrə icra başçılarının maaşı əhali sayına uyğun olaraq müəyyənləşir.

Belə ki, əgər icra başçısı əhalisi 100 min nəfərdən çox olan əraziyə rəhbərlik edirsə, onun maaşı 1045 manatdır.

Əhalisi 50 min-100 min nəfər olan ərazinin icra başçısı isə 990 manat maaş alır.

Əhalisi 50 min nəfərdən az olan ərazilərin icra başçıları isə daha az əmək haqqı alırlar. Onların məvacibi 880 manatdır.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz