Daha bir seçki marafonu başa çatdı, əvvəlkilərdən xeyli maraqlı və xeyli fərqli. Seçkinin yaratdığı təlatümlü anlar geridə qalsa da onun işartıları ara-sıra hiss olunmaqdadır. Çoxları nəticələrdən narazı qalaraq etiraz etdilər, qalib olanlar isə məmnunluq hisslərini gizlətmədilər. Seçkiyə qoşulanların içərisində bir namizəd xüsusilə seçildi. Bu, 117 saylı Oğuz-Qəbələ seçki dairəsindən deputatlığa namizəd Aqiyə Naxçıvanlı idi. Oğuz rayonu ilə geniş əlaqələrimiz olduğu üçün ilk günlərdən yerlərdən gələn məlumatlar fərqli mənzərədən xəbər verirdi. Respublikanın bütün seçki məntəqələrindən olan həyəcanlı xəbərlər, seçicilər və namizədlər arasında gedən gərgin mübarizə müxtəlif formalarda özünü büruzə verirdi. Məlumat üçün bildirək ki, Oğuz rayonunun Sincan, Kərimli, Padar, Tərkeş, Yemişənli və Bayan kəndlərində qohum-əqrəbalarımız və dost-tanışlarımız böyük üstünlük təşkil edirlər. Müxtəlif səbəblərdən bu ərazilərə etdiyim səfərlər zamanı peşəmizdən irəli gələrək əhali ilə sıx ünsiyyətdə olmağa meyl edirik. Oğuz camaatı qonaqpərvərliyi, xeyirxahlığı, mərhəməti və qətiyyəti ilə həmişə diqqətimizi cəlb edib. Eyni zamanda Dövlətə və Prezidentə sədaqətlilik bu insanların qanına hopub sanki... Çalışqan, əməksevər, torpaqdan “qızıl çıxarmaq” qabiliyyətinə malikdirlər Oğuzlular!... Tarixin hər bir dönəmində Dövlətinin və Prezidentinin yanında olmağı bacarıbdır Oğuz camaatı. Bunları deməkdə məqsədimiz odur ki, bizi Oğuza bağlayan tellərin səbəbsiz olmadığını dəyərli oxucularımızın diqqətinə çatdıraq. Hər dəfə Oğuza səfərimiz zamanı yerli əhalidən rayondakı məmurların onların problemlərinə necə reaksiya verdiklərini soruşanda qəribə cavab alırdıq. Onlar qeyd edirdilər ki, hər hansı problemimiz meydana çıxırsa, deputatımıza müraciət edirik. O vaxtdan qiyabi olaraq Aqiyə Naxçıvanlıya qarşı xüsusi rəğbətimiz yaranmışdı. Zarafat deyil, seçicilərin böyük əksəriyyətinin seçdikləri millət vəkilindən razı qalması Azərbaycan təcrübəsində nadir hadisələrdən biridir. Bu hörməti və etimadı qazanmaq hər kəsə nəsib olmur. Hətta bir neçə dəfə ucqarda yaşayan adi kənd sakininin Aqiyə Naxçıvanlıya zəng edərək problemlərini dilə gətirdiyinin şahidi olmuşuq. O vaxtdan etibarən bu xanımın fəaliyyətini izləməyə başlayarkən bir daha əmin olduq ki, Oğuzun və ətraf rayonların əhalisinin Aqiyə Naxçıvanlıya olan hörməti səbəbsiz deyil. Aqiyə Naxçıvanlının uzun müddət bu rayonda müxtəlif vəzifələrdə çalışması, sonra isə paytaxt Bakida ictimai-siyasi fəaliyyətini davam etdirməsi, oğuzlularla əlaqələrin kəsilməsinə səbəb olmadı. Əksinə, harada işləməsindən asılı olmayaraq, Oğuz camaatını unutmadı Aqiyə Naxçıvanlı. Məhz bu amil, hər parlament seçkilərində Aqiyə Naxçıvanlının möhtəşəm qələbəsini təmin edən əsas səbəblərdən biri idi.
Seçki ərəfəsində 117 saylı Oğuz-Qəbələ seçki dairəsindən favorit namizəd Aqiyə Naxçıvanlı idi. Bunu heç kim inkar edə bilməz.
Növbədənkənar parlament seçkiləri ərəfəsində Oğuz rayonuna növbəti səfərimiz baş tutdu. Səbəb dostlarımızın birinin ailəsində baş tutan xeyir işlə bağlı idi. Yerli camaatla ünsiyyətimiz zamanı əhali arasında seçki aktivliyinin bu qədər yuxarı olacağını açığı, gözləmirdik. Insanlar nəinki kənd və qəsəbə mərkəzlərində, hətta xeyir və şər məclislərində belə, seçki prosesini ciddi müzakirə edir, müxtəlif rəy və mülahizələrini irəli sürürdülər. Diqqətimizi çəkən məqam hər yerdə Aqiyə Naxçıvanlının adının hallanması idi. Əhali ilə söhbətimiz zamanı əminliklə qərara gəldik ki, bu namizəd adıçəkilən dairənin şəriksiz lideridir. 117 saylı Oğuz-Qəbələ seçki dairəsini əhatə edən say etibarilə ən böyük kəndlərin əhalisinin mütləq əksəriyyəti Aqiyə Naxçıvanlıdan başqa heç bir namizədi tanımadıqlarını və onlara səs verməyəcəklərini açıq şəkildə bəyan edirdilər. Mətbuat sahəsində uzun illər çalışdığımız müddətdə xeyli sayda parlament seçkilərini müşahidə etmişik. Amma, səmimi etiraf edək ki, Aqiyə Naxçıvanlı qədər böyük auditoriyanı əhatə edən nüfuzlu namizədə rast gəlməmişik. Maraq üstün gəldiyi üçün yaxın ətrafımıza nədən Aqiyə Naxçıvanlının namizədliyi üzərində israrla dayandıqlarnı soruşası olduq. Cavablar fərqli və geniş əhatəli idi. Insanlar o qədər arqumentlər gətirirdilər ki, susmağa məcbur olduq. Öz namizədini çılğıncasına müdafiə edən və öz fikirlərini tutarlı faktlarla bu qədər əsaslandıran seçicilərə rast gəlməmişdim. Əlavə suallar verməyə ehtiyat etdim. Seçki ərəfəsi olduğu üçün insanlar bizi Aqiyə Naxçıvanlının əleyhinə təbliğat aparmaqda ittiham edə bilərdilər. Verdiyimiz ən qəliz suallar belə ətrafımızdakı insanlar tərəfindən tutarlı əsaslarla “darmadağın” edilirdi. Oğuzdan Bakıya qayıdarkən tam əmin olduq ki, adıçəkilən dairədə Aqiyə Naxçıvanlıya rəqib ola biləcək heç bir namizəd yoxdur.
Müşahidələrimiz və araşdırmlarımız 9 fevralda öz təsdiqini tapdı. Aqiyə Naxçıvanlı qalib oldu. Bu qalibiyyət kimlərin yuxusuna haram qatdı?!...
Açığı, ölkədə mövcud olan ictimai-siyasi vəziyyət, vətəndaşların millət vəkillərinə qarşı fərqli münasibəti bizdə belə fikir formalaşdırmışdı ki, 117 saylı dairədə də proseslər qalmaqalsız ötüşməyəcək. Amma apardığımız müşahidələr, araşdırmalar və təhlillər onu deməyə əsas verirdi ki, Aqiyə Naxçıvanlının nüfuzu neqativ halların minimuma endirilməsinə şərait yaradacaq. Namizədlərin bir-birinə qarşı apardıqları “çirkli” mübarizə 117 saylı dairədən də yan keçmədi. Nəzərə alsaq ki, bir çox maraqlı qruplar seçki prosesində xüsusi canfəşanlıq göstərərək layiqli namizədləri ləkələmək üçün bütün arsenallarını işə salmışdılar, Aqiyə Naxçıvanlının da bu “proses”dən kənarda qalacağı inandırıcı görünmürdü. Xanım namizədin şəffaf qələbəsi baş verə biləcək neqativ halları minimuma endirsə də bir neçə yüngül “təkanları” müşahidə edəsi olduq. Xüsusilə adıçəkilən dairədən namizəd olan həmkarımız Ləman Ələşrəfqızı diqqətləri öz üzərinə yönəltməyi bacardı, amma necə...
Məğlub duruma düşmək nə qədər çətindirsə, onu qəbul etmək və razılaşmaq daha çətindir. Bu mənada hörmətli həmkarımızı anlamağa çalışırıq.
Adıçəkilən dairədən namizədliyini irəli sürən Ləman Ələşrəfqızının seçki ərəfəsində etdiyi çıxışlar və ortaya qoyduğu taktiki gedişlər onu deməyə əsas verirdi ki, rəqiblərinə qarşı “barışmaz mövqe” tutub. Eyni zamanda Ləman xanım Aqiyə Naxçıvanlının tək Oğuzda deyil, ətraf rayonlarda da nə qədər nüfuza malik olduğu barədə eşitməmiş deyildi. Təbliğat-təşviqat kampaniyası zamanı aydın hiss olunurdu ki, heç bir rəqib Aqiyə Naxçıvanlının qarşısında duruş gətirə bilməz. Uzun illərin təcrübəli jurnalisti olan Ləman Ələşrəfqızı da bunu bilməmiş deyildi. Seçkinin nəticələri mövcud vəziyyəti tam çılpaqlığı ilə ortaya qoydu. Aqiyə Naxçıvanlının şəffaf və möhtəşəm qələbəsini qəbul edərək, onun əlini sıxıb təbrik etmək əvəzinə Ləman Ələşrəfqızı fərqli yola qədəm qoydu. Əsla iddia etmirik ki, Ləman Ələşrəfqızını namizədi olduğu dairədən heç kim dəstəkləməyib. Amma Aqiyə Naxçıvanlının tərəfdarları ilə müqayisədə Ləman Ələşrəfqızının seçiciləri sadəcə görünməz oldu. Bunu etiaf etməyi bacarın, Ləman Ələşrəfqızı!... Siftənizin korlanmağının günahını Aqiyə Naxçıvanlıda axtarmayın. Bu bir siyasi mübarizədir və güclülər qalib gəlir. Rəqibiniz olmuş Aqiyə Naxçıvanlının doğulduğunuz bölgədə böyük nüfuza və mənəvi gücə sahib olduğunu qəbul etmək zorundasınız. Aqiyə Naxçıvanlının barəsində mətbuata verdiyiniz mənəvi və əxlaqi dəyərlərə sığmayan açıqlamalar bizi çox təəssüfləndirdi. “Al, bu rəqəmlər də sənin osun. Nəfəsiniz də oğurluqdur ” – cümlələri sizə məxsusdur. Bu sözləri sizə heç yaraşdırmadıq, Ləman Ələşrəfqızı!... Sizə xatırlatmağı özümüzə borc bilirik ki, Aqiyə Naxçıvanlının sizin rəqəmlərinizə qətiyyən ehtiyacı yoxdur. Illərdir həmin bölgəni təmsil edən xanım deputatın qazandığı rəqəmləri hesablamağa “kalkulyator” lazımdır. Sizin aradabir yaxınlarınıza baş çəkmək və istirahət məqsədilə getdiyiniz əraziləri Aqiyə xanım qarış-qarış gəzib. Sizin xəbəriniz olmadan təmsil etdiyiniz bölgənin insanlarına illərdir diqqət və qayğı göstərir qələbəsini tanımaq istəmədiyiniz Aqiyə Naxçıvanlı!... Sizin təbirinizcə desək, Aqiyə Naxçıvanlının “oğurluq” hesab etdiyiniz “nəfəsi”, sizin də təmsil olunduğunuz bölgənin “nəfəsi kəsilən” və ehtiyacı olan hər bir insanının üzərində hiss olunub həmişə!... Bunu biz yox, o bölgənin insanları deyirlər. Dediklərimizi sübut edəcək onlarla faktlar qoya bilərik ortalığa. Doğrudanmı bu barədə heç nə eşitməmisiniz? Yoxsa, seçkidən sonrakı emosional durumunuz həqiqətləri etiraf etməkdə sizə mane olur?...
Səmimi olun, Ləman xanım!... Həmişə olduğunuz kimi...
Stimulxeber.az