Axtarış...

Türkiyədəki zəlzələ TANAP və BTC-nin işinə təsir etməyib - SOCAR



Türkiyənin Elazığ vilayətinin Sivricə rayonunda baş vermiş zəlzələ Trans-Anadolu qaz kəmərinin (TANAP) və Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin (BTC) işinə təsir etməyib.

Bunu "APA-Economics"ə SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov deyib.

Xatırladaq ki, yanvarın 24-də yerli vaxtla saat 20:55-də Türkiyənin Elazığ vilayətinin Sivricə rayonunda 6,8 bal gücündə zəlzələ olub. Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 39 nəfərə çatıb.

İ. Əhmədovun sözlərinə görə, zəlzələ TANAP qaz kəmərinə təsir göstərməyib. Bu, onunla bağlıdır ki, qaz kəmərinin zəlzələnin baş verdiyi yerə qədər ən yaxın nöqtəsi təqribən 167 km məsafəsindədir.

"Zəlzələnin əhatə etdiyi ərazidən uzaq olan Bakı-Tbilisi-Ceyhan neft boru kəmərində qəza şəraiti olması haqqında da məlumatlar daxil olmayıb. Beləliklə, bizim boru kəmərlərimiz işlək rejim vəziyyətindədirlər", - deyə, İ. Əhmədov qeyd edib.

Qeyd edək ki, BTC kəməri ilə Xəzərin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli" neft-qaz yataqları blokunda hasil edilən "Azeri Light" markalı neft nəql edilir. Bunda əlavə, kəmər vasitəsi ilə Orta Asiyada hasil edil 3-cü ölkələrinin nefti tranzit edilərək nəql edilir.

Öz növbəsində, TANAP kəməri Cənubi Qaz Dəhlizinin mərkəzi elementidir. Bu kəmər vasitəsi ilə hazırda Azərbaycan qazı Türkiyəyə nəql edilir. Bu ildən Trans-Adriatik qaz kəmərinin işə düşdükdən sonra TANAP-la qaz Avropaya nəql edilmək üçün Türkiyə ilə Yunanıstanın sərhədinədək nəql edilməyə başlayacaq.
Text-to-Speech

DİNLƏ






Şərh yaz