Axtarış...

“Yeni bələdiyyə sədrinin adından hədə-qorxu gəldilər ki, ərizə yaz” - GİLEY



Xətai rayon bələdiyyəsində vergi operatoru işləmiş və yanvarın 21-də işdən azad edilmiş Sevinc Camalxanova yeni bələdiyyə sədri Elşad Vəliyevin onu və daha 3 nəfəri işdən çıxarmasından şikayətçidir.

Bu barədə “Qafqazinfo”ya müraciət edən S. Camalaxanova bildirib ki, Elşad Vəliyev yanvarın 15-də yeni bələdiyyə sədri seçiləndən sonra ayın 16-da bələdiyyənin kadrlar şöbəsinin müdiri Lamiyə Vəliyeva bütün işçilərin ərizə yazıb işdən çıxmalı olduğunu bildirdi:

“Dedi ki, bu 5 ildən təkrarlanan prosedur qaydasıdır. Sonra hamı yenə öz işində işləyəcək. Mən ərizə yazmaq istəmədim. Çünki tək anayam, bir azyaşlı uşağa baxıram. İşimi itirməkdən qorxdum. Vergi şöbəsində operator işləyirəm. 300 manat maaş alıram. Mənə hədə-qorxu gəldilər ki, sən də yazmalısan. Elşad müəllimin adından çatdırdılar ki, problem yaratmayım, ərizəni yazım, onsuz işdən çıxarılmayacam. Mən də ona inanıb yazdım. Yanvarın 21-də məlum oldu ki, məni və daha 3 nəfər xanımı işdən azad ediblər. Mən bunu eşidən kimi sədrin yanına getdim. Dedim, axı siz söz vermişdiniz ki, işdən çıxarılmayacam! Ali savadım da var. Necə olur ki, mənim işimi bilmədən, görmədən işdən azad edirsiniz?!

Mənə qayıdıb dedi ki, Xətai rayon icra başçısı Rafiq Quluyev tapşırıb ki, bələdiyyədə yalnız öz yaxın adamları işləyəcək. Axı mən heç kimin adamı deyiləm, bələdiyyədə pul, sənəd işinə baxmıram, sıravi bir operatoram. İşə ehtiyacım olduğu halda, niyə belə hökmranlıq edilməli, başçının öz adamları bələdiyyəyə yerləşdirilməlidir?! Qeyd edim ki, digər işdən azad edilən xanımların adları Səadət Qasımova və Bənövşə Qasımovadır”.

“Qafqazinfo” məsələ ilə bağlı bələdiyyənin saytında göstərilən nömrəylə bir neçə dəfə əlaqə saxlasa da, telefona cavab verən olmayıb. Həmçinin yazıda adı qeyd olunan Lamiyə Vəliyevayla danışdıq. O məsələyə reaksiya verməyəcəyini bildirdi.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz