Axtarış...

Ermənistan: Enerji siyasətində dəyişikliklər mümkündürmü?



Ermənistan Respublikasında, enerji təchizatının təhlükəsizliyini təmin etmək məqsədi ilə idxal edilən təbii qaz mənbələrini şaxələndirmək cəhdləri hər zaman siyasi gündəmin əsas mövzularından biri olub. Bugünədək ölkənin təbii qaz təchizatının önəmli bir qismi Rusiya Federasiyasının törəmə şirkəti hesab edilən “Gazprom Armenia” tərəfindən qarşılanmaqdadır.

2018-ci ilin statistik göstəricilərinə əsasən, Ermənistanın ümumi idxal etdiyi 2,506 867,2 milyard kubmetr təbii qazın 22,6 %-i İran İslam Respublikasından təmin edilərkən, 1,939 853,8 milyard kubmetri, yəni 77,4 %-i, Rusiyanın payına düşüb. Qeydə alınmış nəticələrin 2017-ci illə müqayisəsi, Ermənistanın enerji asılılığının azaldılması istiqamətində cəhdlərin davam etdiyini göstərir.

Belə ki, 2018-ci ildə Rusiyadan idxal edilən təbii qazın həcmində əvvəlki ilə nisbətən 2,8 faizlik azalma baş versə də, İran İslam Respublikasından əldə olunan təbii qazın həcmində 47,2 faizlik artım qeydə alınıb.

Ermənistan üçün İran İslam Respublikası ilə münasibətlərin strateji əhəmiyyət daşıması enerji təhlükəsizliyinin təmin edilməsində də mühüm faktor olaraq qeyd edilə bilər. Çünki, rəsmi Yerevanın İran İslam Respublikasından təbii qaz idxalını, yalnız bazar münasibətləri çərçivəsində nəzər yetirmək doğru deyil.

Burada əsas məqsəd, Rusiyanın Ermənistanda yaratdığı təbii qaz monopoliyasının mümkün qədər azaldılmasını təmin etmək və təbii qaz qiymətləri ilə bağlı rəsmi Moskvanın təklif etdiyi tariflər məsələsində manevr imkanları əldə etməkdir. Lakin 2019-cu ilin ümumi rəsmi statistik nəticələri açıqlanmasa da, rəsmi Yerevan tərəfindən aparılan enerji siyasətində ciddi dəyişikliklərin baş verməsi mümkünsüz kimi görünür.

“Gazprom Armenia” tərəfindən 2019-cu ilin I yarımili haqda mətbuata verilən məlumatlara əsasən, qeyd edilən dövrdə Ermənistanın Rusiyadan idxal etdiyi təbii qazın həcmi əvvəlki ilə nisbətən 8,1% artıb.

Eyni zamanda Ermənistan Gömrük Komitəsinə əsasən, İrandan alınan təbii qazın həcmində isə 2018-ci ilə nisbətən 39,5 % azalma müşahidə edilib. Qeyd edək ki, İran-Ermənistan qaz boru xəttinin buraxılış gücü illik 2,3 milyard kubmetr olduğu halda, kəmər faktiki olaraq tam gücü ilə işləmir.

Çünki Rusiya Federasiyası Ermənistanın təbii qaz bazarında hakim olduğu mövqeləri qorumaq niyyətində israrlıdır. 2013-cü ildə Ermənistanın əsas qaz paylayıcı şirkəti olan “ArmRosGazprom” səhmlərinin bütünlüklə (100 %) məhz “Qazprom” tərəfindən alınması, enerji məsələsinin rəsmi Moskva üçün strateji anlam daşıdığını göstərir.

2019-cu il ərzində İran və Ermənistan arasında baş tutmuş müxtəlif səviyyəli dövlətlərarası görüşlərdə, təbii qaz və elektrik enerjisinin tədarükü haqda müzakirələr aparılıb. Belə ki, keçən ilin Fevral ayında Ermənistan Baş naziri Nikol Paşinyanın İrana səfəri çərçivəsində hər iki ölkə arasında enerji koridorunun yaradılması ilə bağlı tranzit müqaviləsi imzalanmışdır.

Məqsəd, İran təbii qazının Ermənistandan keçməklə Gürcüstana çatdırılmasını təmin etmək idi. Layihə reallaşacağı təqdirdə, İranın yeni bazarlara çıxışını təmin edəcək, o cümlədən Ermənistanın da “Qazprom” ilə daha sərfəli şərtlər daxilində danışıqlar aparmasına şərait yaradacaq.

Həmçinin, Ermənistan, yeni enerji koridorunun ölkəni təbii qaz habına çevirəcəyinə ümid edir. Eyni zamanda, keçən il ərzində Ermənistanın Türkmənistanla təbii qaz nəqlini nəzərdə tutan bir sıra layihələr üzərində müzakirələri daha intensiv xarakter aldı.

2018-ci ilin sonunda “Qazprom” şirkətinin Ermənistana satdığı təbii qazın hər 1000 kubmetrinin qiymətinin 150 dollardan 165 dollara qədər artıracağı ilə bağlı mətbuatda gedən diskussiyalar, alternativ mənbə olaraq Türkmən qazının önəmini daha da artırdı.

Qeyd etmək yerinə düşər ki, Ermənistanın keçmiş rəhbərliyi də rəsmi Yerevanın enerji sahəsində, Türkmənistan-İran-Ermənistan üçtərəfli əməkdaşlığının inkişafında maraqlı olduğunu bildirirdi.

Keçən il Türkmənistanda keçirilən 1-ci Xəzər İqtisadi Forumunda İran nümayəndə heyəti “swap” əməliyyatları çərçivəsində, ölkəsinin, məxsus olduğu qaz infrastruktur şəbəkəsi vasitəsi ilə qonşu dövlətləri Türkmən qazı ilə təmin edə biləcəyini bildirmişdi. Bu, rəsmi Yerevan üçün olduqca cəlbedici təklif kimi görünür.

Təklif olunan layihəyə əsasən rəsmi Yerevanın, İranın Türkmənistanla sərhəd vilayətlərində idxal edəcəyi təbii qazla eyni həcmdə mavi yanacağı İran-Ermənistan sərhəddindən alması planlaşdırılır. 2018-ci ilin mart ayında İran prezidentinin Aşqabada səfəri zamanı iki ölkə prezidenti arasında Türkmən qazının yeni bazarlara çıxarılması müzakirə edilib.

Türkmənistan tərəfi bu layihə çərçivəsində yeni bazarlara çıxacağı və enerji gəlirlərini diversifikasiya edə biləcəyi üçün, layihəyə müsbət yanaşır.

18 Dekabr 2019-cu il tarixində Ermənistan Parlamentinin Regional və Avrasiya İnteqrasiyası daimi komitəsinin sədri və “Çiçəklənən Ermənistan” Partiyasının üzvü Mikayel Melkumyan parlamentdə çıxışında, rəsmi Yerevanın Türkmənistandan təbii qaz nəqli ilə bağlı danışıqlar apardığını qeyd edib.

Onun sözlərinə görə, aparılan müzakirələrdə, Türkmənistandan Rusiyaya, İran, Ermənistan və Gürcüstan ərazilərindən keçməklə vahid enerji koridorunun yaradılması əsas hədəflərdən biri hesab edilir. Qeyd edək ki, keçən ilin noyabr ayında Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur naziri Suren Papikyanın İran İslam Respublikasına son səfəri çərçivəsində, Ermənistana təbii qaz nəqlinin artırılması qarşılığında idxal olunacaq elektrik enerjisi həcminin yüksəldilməsi barəsində də fikir mübadiləsi aparılıb.

Beləliklə, Ermənistan Rusiyadan qaz asılılığını azaltmaq məqsədi ilə, strateji müttəfiqi hesab etdiyi İran İslam Respublikasından təbii qaz nəqlinin artırılması ilə paralel olaraq, Türkmənistanın da enerji resurslarını daxili bazara cəlb etməyə çalışır. Lakin erməni hökumətinin bu tip cəhdləri reallaşdırması mümkünsüz kimi görünməkdədir.

İlk növbədə Ermənistanın Rusiyadan idxal etdiyi təbii qazın qiyməti digər potensial təchizatçıların təklif etdiyi qiymətdən daha ucuzdur. Məsələ ilə bağlı keçmiş Energetika Naziri Aşot Manukiyan jurnalistlərə müsahibəsində, alternativ təbii qaz ixracatçılarının (İran və Türkmənistan) təklif etdiyi qiymətlərin uyğun olmaması nəticəsində aparılan danışıqlarda hər hansı irəlliləyişin olmadığını təkidlə bildirdi.

Digər tərəfdən, Ermənistanın İran və Gürcüstan arasında təbii qaz habına çevrilməsi, hal-hazırda ABŞ-İran münasibətlərində yaşanan gərginlik kontekstində qeyri-real görünür. Belə ki, İranın yeni enerji bazarlarına çıxışı və Amerikanın regionda əsas müttəfiqi hesab edilən Gürcüstanın enerji təminatında önəmli oyunçuya çevrilməsi, rəsmi Vaşinqtonun maraqlarına ziddir.

Bundan başqa, Ermənistanın ümumi olaraq təbii qaz paylama şəbəkəsinin və hətta İran-Ermənistan qaz boru xəttinin Rusiyanın “Qazprom” şirkətinin mülkiyyətində olması, rəsmi Yerevanın müstəqil qərar qəbul etməsini əngəlləyən əsas faktor olaraq qalır.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz