Regionlarda qazın təzyiqindən şikayətlər davam edir; “Azəriqaz” rəsmisi: “Belə müraciətlər imkan verir ki, regionlarda təchizatı optimallaşdıraq”
Azərbaycanda qaz təchizatı şəbəkəsi sürətlə genişləndirilir. Ölkə rəhbərliyinin bilavasitə diqqətində olan bu sahəyə hər il dövlət büdcəsindən on milyonlarla manat pul ayrılır.
Məsələn, 2018-ci ilin martında prezidentin imzaladığı “Yaşayış məntəqələrinin qazlaşdırılması ilə bağlı tədbirlər haqqında” sərəncamına əsasən regionlarda yerləşən 79 kəndin, 4 məcburi köçkün qəsəbəsinin qazlaşdırılması üçün SOCAR-a 100 milyon manat ayırıb. Bu il isə regionlarda qazlaşdırılma tədbirlərinin davam etdirilməsi məqsədilə SOCAR-a daha 53,5 milyon manat verilib. “Azəriqaz” İstehsalat Birliyinin yaydığı məlumata görə, bu vəsaitlə ölkənin 38 inzibati rayonunda qazlaşdırılma işlərinə başlanıb. Cari ildə regionlarda 58 yaşayış məntəqəsinin, 27 yeni yaşayış massivinin qazlaşdırılması nəzərdə tutulub. Ağcabədi, Ağsu, Beyləqan, Gədəbəy və İsmayıllı rayonlarının 14 kəndində mart-iyul aylarında qazlaşdırma tam başa çatıb və ümumilikdə 2569 fərdi ev qazla təmin edilib.
Prezidentin göstərişinə əsasən ötən ilin sonuna qədər ölkə ərazisində qazlaşdırma səviyyəsi 95 faizə çatdırılmalı idi. Bütün bunlar, əlbəttə, çox müsbət prosesdir. Lakin qazlaşdırmanın həyata keçirildiyi ərazilərdə insanları narahat edən başqa bir problem var. Belə ki, hətta Bakının özündə belə vətəndaşlar qazın təzyiqinin aşağı olmasından tez-tez narazılıq edirlər. Düzdür, 2016-2017-ci illərə nisbətən ötən qış mövsümündə Bakıda bu sahədə şikayətlər bir qədər azalıb, lakin havaların soyuqlaşması ilə Sumqayıt və digər bölgələrdən narazılıqlar artmağa başlayıb. İnsanlar verilən qazla evlərini qızdıra bilməmələrindən şikayətlənirlər. Bu kimi narazılıqları Tovuz, Siyəzən və digər bölgələrdə də çoxalıb.
Hasilat artıb
Qeyd edək ki, qaz hasilatının artması ilə əlaqədar bu ildən etibarən Azərbaycan xaricdən qaz idxalını dayandırıb. Buna “Şahdəniz” yatağından hasilatın artması, həmçinin SOCAR-ın özünün istehsalındakı çoxalma imkan verib. Rəsmi məlumatlara görə, ötən il ölkədə qaz hasilatının həcmi isə 30 milyard kubmetrdən çox olub ki, bunun da 6,5 milyard kubmetri SOCAR-ın payıdır. Bu il ölkədə qaz hasilatının ötən ildən, təxminən, 7 milyard kubmetr çox - 35,183 milyard kubmetr olacağı gözlənilir. Bu həcmin 24 milyard 352,4 milyon kubmetri əmtəəlik qaz olacaq. O cümlədən bu il “Şahdəniz” yatağından, təxminən, 19 milyard kubmetr qaz hasilatı planlaşdırılır. Gələn il isə yataqdan 22 milyard kubmetr, 2021-ci ildə isə 24 milyard kubmetr qaz hasil olunacağı gözlənilir.
Bu ilin 9 ayının nəticələrinə əsasən Azərbaycanda 25 milyard 981,7 kubmetr qaz hasil edilib. Ondan 17 milyard 892,6 milyon kubmetri əmtəəlik qazdır. Ümumi hasilat 16,8 faiz, əmtəəlik qaz isə 29,3 faiz artıb. Bu ilin 9 ayında xarici bazarlara ölkə üzrə 8,2 milyard kubmetrdən, SOCAR üzrə isə 1,1 milyard kubmetrdən çox qaz göndərilib.
SOCAR tərəfindən ölkədə qaz ehtiyatı yaradılması - yeraltı anbarlara qaz vurulması işləri həyata keçirilib. Şirkətdən “Yeni Müsavat”a verilən məlumata görə, bu ilin 9 ayında yeraltı anbarlara 2,110 milyard kubmetr təbii qaz vurulub. Hazırda qaz anbarlarında 2,9 milyard kubmetr qaz var və anbarlara qazın vurulması prosesi davam etdirilir. Qeyd edək ki, Azərbaycanda iki - “Qalmaz” və “Qaradağ” yeraltı qaz anbarları mövcuddur. Qaz anbarlarına qazvurma mövsümü aprel-noyabr aylarını əhatə edir.
SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədovun sözlərinə görə, Azərbaycan ötən ildən etibarən təbii qazın idxalından imtina edib. Hətta əvvəlki dövrdə qazın idxalı təkrar ixrac üçün istifadə olunurdusa, hazırda ölkədə qaz hasilatının artımı səbəbindən buna da artıq ehtiyac qalmayıb: “Bu il də qazanbarlarına vurulan qazın bütün həcmləri məhz Azərbaycanda hasil edilən qaz olub. Yeraltı qaz anbarlarının tam doldurulması sayəsində qış aylarında ölkənin qaz təchizatı tam təmin edilməsi üçün şərait yaradılıb”.
Əhalinin istehlakı cüzi artıb
Ölkənin yanacaq-enerji balansına nəzər yetirdikdə görmək olur ki, Azərbaycanda əhalinin(ev təsərrüfatlarının) illik qaz istehlakı aşağı-yuxarı 2,7-3 milyard kubmetr aralığında dəyişir. Son 10 ildə ən yüksək istehlak qaz istifadəsinə limitin tətbiq olunduğu 2016-cı ildə qeydə alınıb - 3 milyard 186,9 milyon kubmetr. 2017-ci ildə bu həcm 2 milyard 826,5 milyon kubmetrə düşüb. 2018-ci ildə isə əhalinin istehlakı cüzi artaraq 3 milyard 55,4 milyon kubmetr təşkil edib. Ölkə üzrə istehlakın mühüm hissəsi - 7,1 milyard kubmetri sənaye müəssisələrinin, əsasən də enerji istehsalı müəssisələrinin payına düşür.
Azad İstehlakçılar Birliyinin kommunal xidmətlər üzrə eksperti Nüsrət Qasımovun dediyinə görə, SOCAR həm “Azəri-Çıraq-Günəşli” yatağından pulsuz verilən səmt qazını, həm də özünün istehsal etdiyi qazı daxili tələbatın ödənməsinə yönəldir. Hansı ki, bu qaz şirkətə elə də ucuz başa gəlmir. Belə ki, SOCAR-ın 2018-ci il üzrə illik hesabatında qeyd edilib ki, hesabat ilində şirkət üzrə satılan 1000 kubmetr qazın faktiki xərci 155,75 manat təşkil edib. Təbii qazın faktiki xərcinin 1000 kubmetrinin 57,6 manatı təkcə qazın çıxarılmasının maya dəyəridir. Ekspert qeyd edib ki, bura nəqletmə xərcləri, Qaradağ rayonunda Qaz Emalı Zavodunda təmizlənməsi və qurudulması xərcləri, əhaliyə çatdırılmadan öncə qazın tərkibinə vurulan adarant maddəsinin dəyəri, həmçinin boruların korroziyadan mühafizə olunması, işçilərin xidmət pulu da daxil olduqda istehlakçıya çatan qazın maya dəyəri qat-qat yüksək olur: “Qaz bir təzyiqdən başqa təzyiqə keçdikdə borularda buzlanma əmələ gəlir ki, qarşısını almaq üçün onun da tərkibinə metanol maddəsi vurulur. Bu qiymət də xərclərə daxildir”.
O vurğulayıb ki, bu gün Azərbaycanda əhaliyə verilən qazın sırf səmt qazı olması ilə bağlı deyilənlər cəfəngiyyatdan və şayiədən başqa bir şey deyil: “Azərbaycanın illik qaz tələbatı 11 milyard kubmetrdir. Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin (ABƏŞ) Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) verdiyi səmt qazının həcmi o qədər azdır (bu ilin 9 ayında 1,6 milyard kubmetr) ki, onu istehlakçıya göndərməklə bugünkü istehlak tələbatını ödəmək mümkün olmaz. Azərbaycanda əhaliyə verilən qazın böyük hissəsi SOCAR-ın hasil etdiyi qazdır. SOCAR-ın qaz hasilatında səmt qazının payı azlıq təşkil edir. Şirkətin hasil etdiyi qazın 76 faizi fontan qazıdır. Ölkədə təbii qaza tələbat ilbəil artır. SOCAR öz hasil etdiyi qazın, demək olar ki, hamısını daxili tələbata yönləndirir. Bununla belə, SOCAR-ın öz hasil etdiyi qaz da ölkənin tələbatını tam ödəməyə yetərli olmur. Buna görə ”Şahdəniz" yatağından, həmçinin “Azəri-Çıraq-Günəşli” yatağından qaz da əlavə olaraq alınır. Yəni respublikada istehlak edilən qaz SOCAR-ın hasil etdiyi qaz, “Şahdəniz” qazı və AÇG qazından formalaşır. AÇG-dən hasil edilən qaz səmt qazıdır, “Şahdəniz”dən hasil edilən qaz isə fontan qazıdır. Nəticədə səmt qazının payı ümumi istehlak edilən qazın daxilində 30 faizdən azdır. Ümumiyyətlə, təbii qaz nəql zamanı borularda qarışır, yəni “o qazı buraya verək, digər qazı oraya verək” kimi bir şey mümkün deyil. Bu isə o deməkdir ki, Azərbaycanda əhalinin məişətdə istifadəsi üçün verilən qaz sırf səmt qazı deyil"(Report).
Qış rejiminə keçid işləri başa çatırmı?
Dünəndən etibarən Azərbaycanda kommunal xidmətlər - xüsusilə də qaz və istilik təchizatı üzrə qış rejiminə keçid başlayıb. Bu isə həm Bakı, həm də regionlarda qaz təchizatında qeydə alınan problemlərin aradan qalxacağına ümidləri artırıb. “Azəriqaz” İB ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Ceyhun Səfərovun “Yeni Müsavat”a verdiyi məlumata görə, indiyədək ölkə üzrə qaz təchizatı sisteminin 2019-2020 payız-qış mövsümünə hazırlığı işlərinin 90 faizdən yuxarısı yekunlaşdırılıb: “Bu işlər qəbul olunmuş proqram əsasında həyata keçirilir. Bölgələrdən şikayətlərə gəlincə, bəli, olur belə şikayətlər. ”Azəriqaz"ın müvafiq strukturları bu şikayətləri dərhal qeydiyyata alıb rejimlərin optimallaşdırılması üçün lazım olan addımları atırlar. Bununla bağlı Birliyin Baş direktoru Ruslan Əliyevin xüsusi tapşırıqları var. İki gün öncə payız-qış mövsümünə hazırlıqla bağlı geniş istehsalat müşavirəsi keçirildi. Bütün region idarələrinin rəislərinə, həmçinin Bakı şəhəri üzrə strukturların rəhbərlərinə konkret tapşırıq verilib ki, vətəndaşların iradları haqlı olaraq qəbul edilsin və onları narahat edən problemlərin aradan qaldırılması üçün təcili tədbirlər görülsün".
C.Səfərov bildirir ki, istehlakçıların qazla fasiləsiz təminatı üçün hər hansı çatışmazlıq yoxdur: “Yay mövsümündə gündəlik tələbatın maksimal həddi 7-8 milyon kubmetr təşkil edir. Qış mövsümündə isə bu, təxminən 35 milyon kubmetrdir. Bu, maksimal istehlakdır, bəzi günlərdə xeyli az olur. Məsələn, dünən sərfiyyat təxminən 19 milyon kubmetr olub. Bütün tələbatı qarşılamaq üçün təchizatda hər hansı çətinlik yoxdur”./“Yeni Müsavat”/