Axtarış...

BNA büdcəyə elə bil qənim gəlib... - İTTİHAM



Bakı Nəqliyyat Agentliyi (BNA) 2020-ci ildə Bakıda quraşdıracağı piyadalar üçün 500 yeni yol nişanını xaricdən dəfələrlə şişirdilmiş qiymətə aldığı haqda yayılmış məlumatlarla bağlı KİV-ə müraciət edib.

Müraciətdə deyilir: “Nəqliyyat elə bir xidmət sahəsidir ki, daim ictimaiyyətin diqqət mərkəzində olub və bu sahə ilə bağlı məlumatlar hər zaman geniş marağa səbəb olub. Lakin təəssüflə qeyd edilməlidir ki, əhalinin bu sahəyə olan diqqət və marağından sui istifadə edən bəzi KİV-i ictimai nəqliyyat və yol hərəkətinin təşkili ilə bağlı məlumatların yayılmasında qeyri-peşəkarlıq, bəzi hallarda isə qərəzli mövqe nümayiş etdirirlər. Bütün bunlar isə dövlət tərəfindən şəhər nəqliyyat sistemində həyata keçirilən və son illər keyfiyyətcə yeni mərhələyə qədəm qoyan islahatlara xələl gətirmək, vətəndaşlarda görülən işlərə qarşı inamsızlıq yaratmağa xidmət edən uğursuz cəhdlərdir.

Növbəti belə uğursuz cəhd Bakı Nəqliyyat Agentliyi tərəfindən piyadalar üçün istiqamət göstərici lövhələrin alınması ilə bağlı informasiyanın yayılması zamanı edilib. Belə ki, Dövlət Satınalma Reyestrinə istinadən bu barədə məlumatı əldə edən bəzi KİV nümayəndələri təxəyyüllərinə uyğun yalan məlumatlar yayımlayıblar. Ucuz reytinq qazanmaq və digər çirkin məqsədləri güdən həmin şəxslər, eyni zamanda, jurnalist kimi nə dərəcədə savadsız olduqlarını da bir daha nümayiş etdiriblər. Dövlət Satınalma Reyestrində açıq şəkildə söhbətin piyadalar üçün istiqamət göstərici lövhələrin alınmasından getdiyi qeyd olunsa da, özlərini jurnalist adlandıran həmin şəxslər Bakı Nəqliyyat Agentliyini adi yol nişanının dəyərini şişirtməkdə ittiham ediblər.

Məsələyə peşəkar yanaşma olsaydı, həmin məlumatı və onunla bağlı sual doğuran məqamları dəqiqləşdirmək üçün Bakı Nəqliyyat Agentliyinin mətbuat xidməti ilə əlaqə saxlanılardı.

Bu cür savadsız və tam qərəzli formada yayılan hər hansı əsassız bir fikir və yalnış rəy görülən işlərə kölgə salmaqla yanaşı, insanlar arasında yersiz təşviş və çaşqınlığın yaranmasına gətirib çıxarır.

Bir daha bu cür qeyri-peşəkar və qeyri obyektiv mövqedən çıxış edən KİV-i nümayəndələrini diqqətli olmağa çağırırıq. Eyni zamanda, tövsiyə edirik ki, əldə etdiyiniz məlumatı aidiyyəti üzrə qurumun Mətbuat Xidməti ilə dəqiqləşdirmədən yayımlamaqdan çəkinin”.
BNA büdcəyə elə bil qənim gəlib... - İTTİHAM


Qeyd edək ki, mətbuatda Bakı Nəqliyyat Agentliyinin (BNA) 2020-ci ildə Bakıda piyadalar üçün 500 yeni yol nişanı quraşdıracağı haqqında xəbərlər yazılmışdı. Bildirilirdi ki, həmin nişanların birinin büdcəyə 1840 manata (1082 ABŞ dollarına) başa gəlməsi isə şok effekti yaradıb. Belə ki, bir nişanın bu qiymətə olması heç bir halda inandırıcı deyil.

Yenisabah.az məsələ ilə bağlı internet üzərindən qısa araşdırma aparıb və nəticədə ortaya şok reallıq çıxıb. Bəlli olur ki, Bakı Nəqliyyat Agentliyi bu nişanları Almaniyadan 30 dəfə, Rusiyadan isə düz 70 dəfə baha qiymətə “alıb”.

Bəlli olur ki, həmin nişanlar Avropanın ən bahalı ölkələrindən olan Almaniyada cəmi 32 avro (60 manat), Rusiyada isə 850-950 rubl (25 manat) qiymətinə satılır.

Bildirək ki, dövlət satınalma reyestrinə əsasən, BNA dekabrın 24-də “MG Construction” MMC ilə bu nişanların alınması üçün müqavilə imzalayıb. Anlaşmanın ümumi dəyəri 920 min manatdır.

**

Şirkətin veb saytında (mgconstruction.az/shop-2/) onun istehsalında yol nişanlarının olması barədə məlumat yoxdur.

BNA-nın mətbuat xidmətinin rəhbəri Mais Ağayev isə öz açıqlamasında yalnız bu xəbəri yayan KİV-ləri ittiham edib, amma həmin yol lövhələrinin xarici ölkələrdəki qiymətləri ilə bağlı yaydığı xəbər haqda heç nə deməyib. BNA təmsilçisi deyir ki, Yenisabah.az saytının dərc etdiyi Almaniyada 31 avroya satılan yol nişanının agentlik tərəfindən 1840 manata rəsmiləşdirilməsi xəbəri həqiqəti əks etdirmir: “Bu lövhə bizim aldığmız yol lövhəsi deyil”.

M. Ağayev BNA-nın sifariş etdiyi yol lövhəsinin nümunə olaraq fotosunu da saytın redaksiyasına göndərib.

Hər ehtimal həmin lövhənin də Almaniyadakı qiyməti ilə maraqlandıq. Məlum olur ki, heç bu nişanlar da iddia olunan qiymətə (1082 dollar) deyil. Həmin yol lövhələrinin qiyməti 85-216 avro arasında dəyişir.

Xatırladaq ki, BNA 2020-ci ildə Bakıda piyadalar üçün 500 yeni yol nişanı quraşdıracaq. Bir yol nişanının bi ədədi dövlətə 1840 manata (1082 ABŞ dollarına) başa gələcək. Müqavilənin ümumi dəyəri 920 min manatdır.
Gununsesi.org
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz