Azərbaycanda son zamanlar yol-nəqliyyat hadisələri, xüsusən də piyadaların vurulması və ölümü ilə nəticələnən qəzaların sayı artıb. 2016-cı ildə bu qəzaların sayı 62 faiz, 2017 və 2018-ci illərdə isə 67-69 faiz faiz olub. İl ərzində baş verən qəzaların xronologiyasına diqqət etdikdə bu il faiz dərəcələrinin daha yüksək olacağı ehtimal edilir.
İnzibati və ictimai qurumların maariflədirmə işləri ilə yanaşı, son illər Bakı şəhərində inşa edilən yeraltı və yerüstü keçidlər də yol qəzalarının sayını azalda bilmir, əksinə, bu neqativ hal artan templə davam etməkdədir.
Bakı şəhərində avtomobil qəzalarının artması, xüsusən də bu qəzaların daha çox gecə saatlarında baş verməsi digər bir məqamı gündəmə gətirirb. Səslənən iddialara görə yollarda gecə saatlarında avtomobil qəzalarının artmasının əsas səbəblərindən biri yol xətlərinin düzgün və keyfiyyətli olmamasıdır.
Qlobal.az mövzu ilə bağlı kiçik araşdırma aparıb. Məlumata görə, Bakı şəhərində yollara vurulan boyalar qısa zaman ərzində keyfiyyətini itirir. Normal hallarda yenilənmiş xətlər asfalt üzərində minimum 400 gün qalmalı olduğu halda Azərbaycanda bu xəttlərin ömrü 60-80 gün olur.
Gecələr yollardakı xətlərin avtomobil işıqlarında əks olunmaması və yağışdan sonra çürüməsi yollarda istifadə olunan boyaların normativlərə cavab verməməsini aydın göstərir. Avropa ölkələrində, qonşu Gürcüstan və İranda son zamanlar yolların rənglənməsində daha çox fosforlu boyalardan istifadə edirlər.
Bakı şəhərinin yollarının xətlənməsini son illər Nazirlər Kabineti yanında “Bakı Nəqliyyat Agentliyi” MMC-nin sifarişi ilə “YOL Xətt” MMC həyata keçirir. Bakı Nəqliyyat Agentliyi yolların nişanlanması üzrə işlərin podratçısı qismində cəlb etdiyi “Yol Xətt” MMC ilə 2017-ci ildə ümumi məbləği 4 mln. 843 min 923,6 manat olan iki müqavilə imzalayıb.
Bakı Nəqliyyat Agentliyi ilə “Yol Xətt” MMC-nin işbirliyi 2018-ci ildə də davam edib. Belə ki, 2018-ci ilin sentyabr ayında yenə də bu iki şirkət arasında yol xətlərinin çəkilməsi predmeti üzrə iki müqavilə imzalanıb.
Müqavilələrin ümumi dəyəri isə 6.245.674 manatdır (Yol xətlənməsi işləri – ağ və sarı xətlərin çəkilməsi – 5.338.726 manat + Yol xətlənməsi əl işləri – 906.948). “Yol Xətt” MMC eyni zamanda sənaye nişanlarının istehsalını həyata keçirir. Şirkətin rəsmi saytında Bakı şəhərinin yollarında istifadə olunan boyaların markası, haradan alınması, tərkibi və keyfiyyəti barədə heç bir informasiya yoxdur.
Onu da qeyd edək ki, hər iki qurum il ərzində Bakı şəhərinin yollarına nə qədər boya işlətməsi və nə qədər xəttin çəkilməsi ilə bağlı hesabat vermir. Bu barədə adıçəkilən qurumların saytlarında da heç bir informasiya yoxdur. Qlobal.az məsələ ilə bağlı BNA-dan və “Yol Xətt” MMC-dən mövqe öyrənməyə çalışsa da, heç bir qurumdan cavab verilməyib.
Xatırladaq ki, bu il “Yol Xətt” MMC-nin rəhbəri Zaur Həsənov Azərbaycan avtomobil yollarının 100 illiyi münasibətilə və Azərbaycanda yol-nəqliyyat infrastrukturunun inkişafında xidmətlərinə görə dövlət başçısı tərəfindən “Tərəqqi” medalı ilə təltif edilib. (Qlobal.az)