Son vaxtlar paytaxt Bakı da daxil olmaqla bir çox ərazilərdə yanğın hadisələri yüksələn templə davam etməkdədir. Yanğınların səbəbləri barədə cəmiyyətə ötürülən rəsmi məlumatlarda bir çox hallarda elektrik enerjisi təchizatı zamanı yaranan qısaqapanmalar və mavi yanacağın istifadəsi zamanı ehtiyatsız davranmalar ön sıralardadır. Əksər hallarda (hətta, bütün hallarda yanğın və partlayışların səbəbkarları kimi məsuliyyəti istehlakçıların üzərinə qoyurlar –red:) istehlakçıların ehtiyatsızlığı və səhlənkarlığı ucbatından yanğınlar baş verirsə, indiki halda vəziyyət tamam fərqlidir. Son günlər rastlaşdığımız mənzərə onu deməyə əsas verir ki, ölkənin hüquq-mühafizə və təhlükəsizlik orqanları “Azəriqaz”da ciddi araşdırmalar aparmalıdırlar. Çünki burada baş verənlərin bir adı var – dövlətə və xalqa xəyanət!... Dediklərimizi sübuta yetirmək üçün rastlaşdığımız mənzərəni olduğu kimi qeyd edirik. Dekabrın 19-da yaşadığımız ünvanda qaz sayğacının birləşmələrində qaz sızmalarının şahidi olduq. Sayğacın möhürlü olması və ona texniki xəsarətlər yetirməyimizdən ehtiyat edərək, fərdi mütəxəssislərə müraciət etməkdən çəkindik. Təcili olaraq səhər saatlarında “Azəriqaz”ın 104 və 185 çağrı mərkəzlərinə müraciət edərək, baş verən sızmalar barədə məlumat verdik. Ünvanımızı və telefon əlaqələrimizi qəbul edən xanım maksium 1 saat ərzində problemin aradan qaldırılacağına söz verdi. Xatırladaq ki, operator xanımla danışığımızda vəziyyətin təhlükəli olduğunu dönə-dönə onun diqqətinə çatdırdıq. Günorta saatlarına qədər hadisə yerinə heç kim gəlmədiyi üçün çağrı mərkəzinə zəng etdik. Yenidən ünvanımızı, ad və soyadımızı, əlaqə telefonlarımızı götürsələr də, axşama qədər “Azəriqaz”ın heç bir nümayəndəsi bizimlə əlaqə saxlamadı. Axşam yenidən çağrı mərkəzinə müraciət etdik və növbəti dəfə bizi qeydiyyata aldılar. Dekabrın 20-də, yəni növbəti gün saat 12.00 radələrində bir daha çağrı mərkəzinə zəng etdik. Əvvəlki prosedurlar yenidən təkrarlandı. Gün ərzində şikayətimizi bildirmək üçün internet üzərindən əldə etdiyimiz əlaqə telefonlarına dəfələrlə zəng etsək də, şikayətimizi bildirmək üçün bir nəfər olsun “Azəriqaz” rəsmisini tapa bilmədik. Çox çətinliklə “Azəriqaz”ın mətbuat xidmətinin rəhbəri Ceyhun Səfərovun mobil nömrəsini əldə edə bildik. Mətbuat xidmətinin rəhbəri ilə əlaqə saxlayaraq, şikayətimizi yenidən onun diqqətinə çatdırdıq. Ceyhun Səfərov çağrı mərkəzindəki operatorlar kimi ünvanımızı, ad və soyadımızı, əlaqə telefonlarımızı WhatsApp nömrəsinə göndərməyimizi xahiş etdi. Eyni zamanda tədbirdə olduğunu və suallarımızı daha sonra cavablandıracağını bildirdi. Məqalə çapa gedənə qədər heç kim bizimlə əlaqə saxlamadı. Bir daha məlumat üçün qeyd edirik ki, hər dəfə “Azəriqaz” əməkdaşlarına bildirmişik ki, vəziyyət çox təhlükəlidir, hər an partlayış baş verə bilər.
Ağlı başında olan hər bir insan yuxarıda təsvir etdiyimiz mənzərədən sonra ancaq aşağıdakı məntiqi nəticəyə gələ bilər: “Azəriqaz” məqsədyönlü şəkildə hansısa bədbəxt hadisənin baş verməsinə şərait yaradır. Prezident İlham Əliyevin ölkədə ciddi islahatlara start verdiyi bir zamanda “Azəriqaz”ın yarıtmaz fəaliyyətinin yalnız bir adı var – SABOTAJ! “Azəriqaz” rəsmilərinin bu addımlarından XƏYANƏT qoxusu gəlir. Belə çıxır ki, “Azəriqaz”ın başbilənləri yalnız partlayış və yanğın baş verəndən sonra operativ surətdə hadisə yerinə gəlirlər. Vətəndaşların müraciətlərinin qulaqardına vurulması adıçəkilən təşkilatda qeyri-sağlam iş mühitinin mövcudluğundan xəbər verir. Belə çıxır ki, kimlərsə bilərəkdən və ya bilməyərəkdən qəzaların baş verməsinə şərait yaradırlar.
Mövzu ilə bağlı qarşı tərəfin mövqeyini dinləməyə və dərc etməyə hazırıq. Araşdırmalarımız davam edir.
Ardı var...
Araşdırma qrupu
Stimulxeber.az