Axtarış...

İranda vəziyyət yenidən GƏRGİNLƏŞƏ BİLƏR: Azərbaycan bu prosesdə...



İrana qarşı tətbiq olunan sanksiyalar fevralda keçiriləcək seçkilərdə bu ölkənin parlamentində islahatçıların məğlub olmasına gətirə bilər.

Redaktor.az xəbər verir ki, politoloq Məhəmməd Əsədullazadə İranda baş verən proseslərin gələcək parlament seçkilərinə təsirlərinə münasibət bildirib.



Politoloq hesab edir ki, SEPAH və digər əlahiddə hərbi təyinatlı qruplar birbaşa Ruhani hökumətinin əleyhinədir:

“Onların hazırda əsas məqsədi Ruhanini istefaya göndərib, həbs etməklə ağır iqtisadi durumu onun administrasiyasının üzərinə yıxmaqdır. Amma, İran xalqı bu ağır iqtisadi vəziyyəti Ruhanidə deyil, bütövlükdə sistemdə görür. Mötədil Ruhani administrasiyasının növbəti dəfə hakimiyyətdə qalmaq şansı yoxdur. Ölkədə növbəti seçkilərdə mühafizəkarların hakimiyyətə gəlməsi mümkündür. Mühafizəkarların yenidən hakimiyyəti isə, Qərb-İran qarşıdurmasının pik nöqtəsi olar. Əgər, mühafizəkarlar qələbə çalarsa, ölkədə siyasi böhran dərinləşər və əhalinin kütləvi şəkildə ayaqlanmasının növbəti mərhələsinin başlanması qaçılmaz olar”.

Politoloq qeyd edib ki, İran siyasi elitası daxilində ciddi qarşıdurma yaşanır:

“Bu problemdən çıxmaq üçün qurban axtarılır. İqtisadiyyatın tənəzzülü, sanksiyaların ağırlaşdırılması rəsmi Tehranın güzəştə getməsinə səbəb olmur. Bu qədər dirənişin səbəbi əsasən, İslam inqilabını reallaşdıranların 40 ildir ki, hakimiyyətdə qalmasıdır. İranla Azərbaycan arasında siyasi-iqtisadi əməkdaşlıq yüksək səviyyədə normal olsa da, problemlər əsasən İran tərəfindən qaynaqlanır. Çünki, bu ölkənin Azərbaycana qarşı Ermənistanla sıx təmasları Bakıda ciddi narahatlıqla qarşılanır”.

M. Əsədullazadə bildirib ki, İran qonşu ölkədir və burada baş verən siyasi katakalizmlərin ölkəmizə müəyyən təsirləri qaçılmazdır:

“Ona görə də biz İran ətrafında baş verənləri obyektiv qiymətləndirməli, Tehranla əməkdaşlığı bu müstəvidə qurmalıyıq. Qlobal dünya ilə qarşı-qarşıya gələn İrana münasibətdə real güclərin siyasətinə zidd addım atmamalıyıq. Bu gün İranla reallaşan iqtisadi müqavilələr heç də perspketiv vəd etmir. Tehran öz ideologiyasını regiona yaymaq və xalqları öz məzhəbsəl çətiri altına almaq üçün apardığı mübarizədə regional sabitliyi təhdid etməkdədir”.
Text-to-Speech

DİNLƏ






Şərh yaz