Axtarış...

Offlayn etirazlar: İranda nə baş verir - TƏHLİL



İranda hökumətin benzinin qiymətini artırmaq barədə qərarı əhalinin ciddi etirazları və kütəvi aksiyalara səbəb olub. “Fars” agentliyinin məlumatına əsasən, ölkənin 100-ə yaxın yaşayış məntəqəsində baş tutan etiraz aksiyalarında ümumilikdə 90 minə yaxın insan iştirak edib. Bəzi şəhərlərdə etirazçılar yolları bağlayıb, mağaza və bank vitrinlərini dağıdıblar. Bəzi yerlərdə isə yanacaqdoldurma məntəqələri yandırılıb. İran hökumətinin nümayəndəsi Əli Rabii verdiyi açıqlamada vəziyyətin artıq sabitləşdiyini bildirsə də, ölkədə internetin kəsilməsi səbəbilə bu məlumat hələ ki, təsdiqini tapmayıb.
“Əl-Ərəbiyyə” telekanalı İranın Rabitə Nazirliyinə istinadən xəbər verir ki, internetin kəsilməsinə dair qərar İranın Milli Təhlükəsizlik üzrə Ali Şurası tərəfindən qəbul edilib. Ölkənin müdafiə və təhlükəsizlik sahəsində siyasətini formalaşdıran xüsusi orqan olan Milli Təhlükəsizlik üzrə Ali Şuraya hakimiyyətin məhkəmə, qanunverici və icra orqanlarının məsul şəxsləri ilə yanaşı, dini liderin nümayəndəsi də daxildir. Ölkə üzrə internetin bərpa olunması da məhz Şuranın qərarı ilə həyata keçirilə bilər.

“İSNA” agentliyinin verdiyi məlumatda qeyd olunur ki, İran hökuməti etirazlar barədə məlumatın yayılmasının qarşısını almaq məqsədilə belə qərar verib. İranın bu addımı atmasının səbəblərindən biri isə, yaranmış vəziyyətdən xarici qüvvələrin istifadə etməsinin qarşısını almaq ola bilər. Yada salaq ki, hələ 2009-cu ildə “The New York Times” ABŞ Dövlət Departamentinin sosial şəbəkələr vasitəsilə İrandakı eyiraz aksilalarına təsir göstərməsi barədə xəbər yaymışdı.

Kütləvi etirazlar zamanı ümumilikdə 40 nəfərin ölməsi və minə yaxın aksiya iştirakçısının saxlanılması barədə məlulat yayılıb. Etirazçılar tərəfindən bir neçə polis əməkdaşının işgəncə verilərək öldürülməsi barədə xəbəri Əli Rabii təsdiq edib.

Qeyd edək ki, İran hökumətinin qərarına əsasən, ölkədə benzinin bir litrinin qiyməti 15 min rialdan (0,06 AZN) 30 min riala (0,12 azn) qaldırılıb. Qiymətlərin artmasına baxmayaraq, İran yenə də dünyada benzinin ən ucuz satıldığı ölkələrdən biri olaraq qalır. Qiymətlərin qaldırılması səbəblərilə bağlı açıqlama verən İran prezidenti Həsən Ruhani bildirib ki, hökumətin bu addımı atmaqda əsas məqsədi orta və az gəlirli vətəndaşlara dəstək göstərməkdir. Prezidentin sözlərinə görə, aztəminatlı vətəndaşlara yardım göstərilməsinin təmin olunması üçün hökumətin üç seçimi var idi: ya vergiləri yüksəltməli, ya neftin ixracını artırmalı ya da benzinə olan güzəştlər ləğv edilməli idi. Sanksiyalara görə neftin ixracının qeyri-mümkünlüyü, vergilərin qaldırılmasının isə vətəndaşların narazılığına səbəb olacağı üçün hökumət üçüncü seçimin üzərində dayanmalı oldu. Qeyd edək ki, İran parlamenti ilə yanaşı, ölkənin ali dini lideri Əli Xameneyi də hökumətin bu addımını dəstəkləyib.

Regionda qeyri-sabit siyasi vəziyyətin hökm sürdüyü, İranın təsiri altında olan Livan və İraqda kütləvi etirazlar nəticəsində hökumətlərin istefası fonunda Tehranın narazılıq doğuracaq belə bir addımı atması ölkə iqtisadiyyatının həqiqətən ağır vəziyyətdə olduğunun göstəricisidir. BVF-nin məlumatına əsasən, İranda ÜDM-in həcmi cari il ərzində 9,5 faiz azalaraq, 1984-cü ildən bu yana ən aşağı göstəriyə enib. İl ərzində ölkədəki infliyasiya isə 35 faiz təşkil edib. Bütün bunların əsas səbəbi dünya bazarında neftin qiymətlərinin aşağı düşməsi və paralel olaraq, ABŞ tərəfindən İrana qarşı iqtisadi sanksiyaların tətbiq olunmasıdır.

Hadisələrin təhlili onu göstərir ki, İrandakı hakim rejim bu addımın ciddi etirazlara səbəb olacağını əvvəlcədən hesablayıb və lazımi preventiv tədbirləri həyata keçirilib. Artıq İslam İnqilabı Keşikçiləri Korpusu etirazların səngiməyəcəyi təqdirdə güc tətbiq ediləcəyi barədə bəyanat yayıb. 2018-ci ildə İranda baş qaldıran etirazların yatırılmasında məhz bu qurumun sərt tədbirləri əsas rol oynamışdı. Lakin əvvəlki etirazlardan fərqli olaraq, Amerikanın aksiyaların başladığı ilk gündən etirazçılara dəstək verməsi Vaşinqtonun İranda siyasi dəyişikliklərdə maraqlı olmasını göstərir.

Belə ki, ABŞ dövlət katibi Mayk Pompeo açıq şəkildə bəyan edib ki, Vaşinqton İrandakı etirazçıları dəstəkləyir və İran hökumətindən tələb edib ki, etirazçılara qarşı zorakılığa son qoyulsun. Pompeo eyni zamanda İranda internetin bərpa olunmasını da tələb edib. İranın xarici işlər naziri Cavad Zərif Mayk Pompeonun bəyanatına sərt reaksiya verərək, onun İran xalqını dəstəkləməsi barədə bəyanatını “ikiüzlülük” kimi qiymətləndirib.
Azvision.az
Text-to-Speech

DİNLƏ






Şərh yaz