"Rahat" marketdən alınan məhsulun istifadəyə yararsız olması barədə redaksiyamıza şikayət məktubu ünvanlanıb. Şikayətçi Bakı-Sumqayıt yolunun kənarında yerləşən "Rahat" marketin filialından dəfələrlə aldığı məhsulun köhnə və ya iylənmiş çıxdığını bildirib. Onun iddiasına görə, sonuncu dəfə buradan aldığı toyuğun digər marketlərə nisbətən baha olmasına baxmayaraq, köhnəldiyini və xoşagəlməz iy gəldiyini qeyd edib.
Şikayətlə bağlı marketin həmin filialınının müdiri Ramin Abbasov Lent.az -a açıqlama verib. Qiymətlərin baş ofisdən tənzimləndiyini deyən filial müdiri, marketdə köhnə məhsul satılmadığını iddia edib:
“Qiymətlərə biz nəzarət etmirik, baş ofisdən tənzimlənir. Müştəriyə satılan toyuğun köhnə olması ehtimal ki, məhsulun paketinə hava daxil olması ilə əlaqədardır. Marketdə köhnə, son istifadə tarixi keçmiş məhsullar satılmır. Məhsullara tarixlə bağlı nəzarət edilir. Həmin müştəri aldığı məhsulu marketə qaytarıb. Məsələni yerindəcə həll etmişik. Xanım müavinim bununla bağlı vətəndaşdan üzr istəyib. İşçilərdən izahatlar alınıb və digər tədbirlər görülüb”.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə marketlərin məhsullara qiymət təyin etmək baxımdan sərbəst olduqlarını vurğulayıb. O, "Rahat" marketin ərzaq məhsulları ilə bağlı əvvəllər də şikayətlər edildiyini deyib:
“Qiymətləri hər market öz istədiyi kimi təyin edə bilər. Bu barədə heç bir marketə qadağa qoyulmayıb. Sadəcə, məhsulun vitrində olan qiyməti ilə kassada vurulan qiymət eyni olmalıdır. Ancaq əksər hallarda vitrindəki qiymət aşağı, kassadakı qiymət isə yuxarı olur. Bu zaman istehlakçının şikayət etməyə hüququ çatır. Təşkilatımıza da "Rahat" marketin ərzaq məhsulları ilə bağlı bir neçə dəfə müraciətlər edilib. Vətəndaşlar aldıqları ərzaq məhsullarından narazı olduqları təqdirdə, Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyi ilə, məhsulun vitrində olan qiyməti ilə kassada vurulan qiymətinin fərqli olduğunu görüblərsə, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə müraciət etsinlər. Aldıqları problemli məhsulu qaytara bilmirlərsə, bizimlə əlaqə saxlaya bilərlər”.