Qurdlu məhsula görə “Oba” susdu, AQTA isə.. - VİDEO
Facebook
Twitter
Вконтакте
Одноклассники
Google+
“Oba” marketlə yanaşı bir çox marketlərdə vaxtı keçmiş və qurdlu məhsullar satışa çıxarılır.
Bu sözləri Axar.az-a Bakının Qaradağ rayonunda yerləşən “Oba” marketdə şokoladların qurdlu olması faktı barədə danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib. O bildirib ki, bir çox marketlərdə vaxtı keçmiş və istifadəyə yararsız məhsullar yenidən satışa çıxarılır:
“İstehlakçılar marketlərdə vaxtı keçmiş və ya istifadəyə yararsız məhsullarla qarşılaşdığı zaman Qida Təhlükəsizliyi Agentliyinin 1003 qaynar xətti ilə əlaqə saxlayaraq, məlumat verməlidir. Əgər marketdə bir konfet belə qurdlu olarsa, həmin marketi qanunvericiliyə görə ən az 1500 manat cərimə gözləyir. Nazirlər Kabinetinin 94 saylı qərarında göstərilir ki, marketlərdə bütün mallar bükülməli və onu istehsal edən firmanın adı, ünvanı, telefon nömrəsi üzərində qeyd edilməlidir. Lakin biz görürük ki, müasir marketlərdə mallar yeşiklərdə olur və ya heç bir yazısı olmayan sellofanlara bükülür. Çox zaman o yeşiklərin də altından qurd çıxır. Vaxtı keçmiş peçenyelər isə sellofanlara doldurularaq, yenidən satışa buraxılır. Belə hallara tək “Oba” marketdə deyil, digər marketlər də rast gəlinir. Bütün bunlar Nazirlər Kabinetinin 94 saylı qərarının pozulmasıdır. Belə məhsullar satışdan çıxarılaraq, yığılıb məhvə getməlidir. Bu gün bizim bəzi marketlərimizdə isə vaxtı keçən malların son ünvanı istehlakçı olur. Təcrübə belədir ki, vaxtı keçmiş həmin malları vitrindən çıxardırlar və satıcıya verirlər ki, onu distribüterə qaytarsın. Distribüter də yenidən onun tarixini dəyişərək mağazalara verir. Əslində isə vaxtı keçən mallar birbaşa zibilxanalara getməlidir və onların məhvi həyata keçirilməlidir”.
Məsələ ilə bağlı danışan Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin mətbuat katibi Aysel Fərziyeva saytımıza açıqlamasında bildirib ki, artıq “Oba” marketdə qeydə alınan faktla bağlı araşdırma başlanılıb:
“Sözügedən məsələ ilə bağlı məlumatlar mediadan götürülərək araşdırılması üçün Qida Təhlükəsizliyi Agentliyinin aidiyyəti şöbəsinə yönləndirilib. Hazırda bu istiqamətdə araşdırmalar davam etdirilir. Araşdırmalar yekunlaşdıqdan sonra nəticələri ilə bağlı ictimaiyyətə geniş məlumat veriləcək”.
Qeyd edək ki, bir neçə gün əvvəl Ruslan Məmmədov Bakının Qaradağ rayonunda yerləşən “Oba” marketdən aldığı şokoladların qurdlu olması barədə video-material yayıb. O bildirib ki, 4 yaşlı övladı da bu şokoladları yediyi üçün zəhərlənib.
Faktla bağlı “Oba” mağazalar şəbəkəsindən sorğumuza hələ də cavab verilməyib.