UEFA Çempionlar Liqasında 1/8 finala yüksələn daha 2 komandanın adı müəyyənləşib.
"Report"un məlumatına görə, bunlar İngiltərə "Liverpul"u və İtaliya "Napoli"sidir.
E qrupunun son tur qarşılaşmalarında "Liverpul" Avstriyada "Zaltsburq"u 2:0 hesabı ilə məğlub edib. Görüşün taleyi 2 dəqiqə ərzində həll olunub. 57-ci dəqiqədə Nəbi Keyta, 58-ci dəqiqədə isə Məhəmməd Salah fərqlənib.
"Napoli" isə evdə Belçika "Genk"ini darmadağın edib - 4:0. İlk 3 qolu 3-cü, 26-cı və penalti ilə 38-ci dəqiqədə Arkadiuş Milik vurub. Son nöqtəni isə 75-ci dəqiqədə penaltidən Dris Mertens qoyub.
Beləliklə, "Liverpul" 13 xalla 1-ci, "Napoli" isə 12 xalla 2-ci yerin sahibi kimi Çempionlar Liqasında mərhələ adlayıb. 7 xalla 3-cü yeri tutan "Zaltsburq" mübarizəni Avropa Liqasının 1/16 finalında davam etdirəcək. 1 xalla sonuncu olan "Genk" isə qrupda qalıb.