Yeni Azərbaycan Partiyasının parlamentdəki deputat korpusuna Milli Məclisin buraxılması xahişi ilə prezident İlham Əliyevə müraciət etməsini tövsiyə etməsi və YAP deputatlarının bu tövsiyəni yekdilliklə qəbul etməsi Azərbaycanın siyasi gündəmini dəyişib.
Tanınmış müxalifət partiyalarının sədrləri parlamentin buraxılmasına necə yanaşırlar. Seçkidə iştirak edəcəklərmi?
Ümid Partiyasının sədri İqbal Ağazadə “Yeni Müsavat” bildirdi ki, parlamentin buraxılmasında heç bir qanunsuz, qeyri-hüquqi bir şey yoxdur. Çünki buna konstitusiya, qanunlar imkan verir.
İ.Ağazadə qeyd etdi ki, qanunun tələbinə görə, parlament buraxılırsa yeni seçkilər 60 gün ərzində keçirilməlidir, prezident seçkilərin günün təyin etməlidir: “Bəzi deputatların dilindən belə açıqlamalara rast gəldim ki, onlar yeni Milli Məclisin fəaliyyətə başlamasına qədər hazırkı parlamentin fəaliyyət göstərəcəyini qeyd etdilər. Əslində belə deyil. Qanunvericiliyə görə, deputatların mandatın Mərkəzi Seçki Komissiyası xitam verməlidir. Deputatların mandatına xitam veriləndən sonra onlar təbii ki, deputat kimi fəaliyyət göstərə bilməzlər. Ona görə də Azərbaycan parlament seçkilərinə-yeni parlament formalaşana qədər təxminən 60-65 gün Milli Məclissiz olacaq”.
Növbədənkənar seçkilərin nə zaman keçirilə biləcəyi məsələsinə gəlincə, İ.Ağazadənin hesablamasına görə, seçkilər ya fevralın 9-na, ya da 16-na təyin ediləcək: “Dekabrın 2-də Milli Məclis məsələyə baxıb qərar qəbul etdikdən sonra deputatların mandatının xitam verilməsi məsələsinə MSK baxacaq. MSK da yəqin ki, məsələni yubatmayacaq və qərarını verəcək. Bundan sonra isə prezident seçkilərin gününü təyin edəcək. Qanunvericiliyin tələbini nəzərə aldıqda və hesablama aparanda belə nəticəyə gələ bilirik ki, seçkilər fevralın ya 9-da, ya da 16-da keçiriləcək”.
İ.Ağazadə seçkidə iştirakın tərəfdarıdır: “Biz seçkidə iştirakın və seçkilər vasitəsilə seçicilərlə təmasın tərəfdarıyıq ki, dinamika artsın, seçici ilə təmaslar sıxlaşsın. Bu baxımdan mən bütün partiyaları seçkidə iştiraka çağırıram. Seçkilərdə bloklaşma üçün artıq gecdir, lakin funksional əməkdaşlıq imkanları qalır. İradə göstəriləndə ən pis komissiyalarla da demokratik seçki keçirmək mümkündür. Ona görə də seçkilərə getmək vacibdir”.
İ.Ağazadə onu da dedi ki, noyabrın 29-da Ümid Partiyası Rəyasət Heyətinin toplantısı keçirilib. Toplantıda növbədənkənar parlament seçkilərinin keçirilməsi müzakirə olunub. Geniş müzakirələrdən sonra Ali Məclisin sessiyasının çağırılması və seçki məsələsinin müzakirə edilməsinə qərar verib: “Rəyasət Heyəti seçkidə iştiraka müsbət yanaşır və bunu Ali Məclisə müzakirə üçün tövsiyə edir”.
VİP sədri Əli Əliyev isə bildirdi ki, Milli Məclisin buraxılması pozitiv addımın birinci mərhələsidir. Ən vacibi növbəti addımdır: “Növbəti gediş, niyyətdən asılı olacaq. Niyyət ölkəni sağlamlaşdırmaqdırsa, seçkilərdə demokratik prinsiplər gözlənilməlidir. Yox, əgər hakimiyyəti böhranın davamı bahasına belə qorumaq olsa, indidən də betər parlament ola bilər. Ona görə də, əsas məsələ, növbəti addımlardır. Mən beş altı ay öncə bəyan etmişdim ki, ölkədə növbədənkənar parlament seçkiləri keçiriləcək. Çünki məntiq və prosesin gedişatı buna aparırdı. Səbəblərindən birincisi odur ki, hakimiyyətin daxilində kadr dəyişmə prosesi gedir, müxtəlif seqmentlər üzrə kadrlar yenilənir, hakimiyyət bir növü dünyanın və Azərbaycanın yeni şərtlərinə uyğunlaşmağa çalışır. Çoxmiqyaslı işlər başladılıb.
Seçkiyə qatılmaq məsələsinə dair qərarı isə bizdə partiyanın Məclisi qəbul edir. Vəziyyətə baxacağıq və hakimiyyətin addımlarını izləyəcəyik. İqtidar yüksək səviyyədə seçkilərin keçirilməsi ilə bağlı siyasi iradənin olacağı ilə bağlı mövqe nümayiş etdirməlidir. Yenidən saxta seçkilərdə iştirakı yanlış sayıram. Bu mənim mövqeyimdir. Məclis nə deyəcək, iclasda baxarıq".
Müsavat Partiyasının başqanı Arif Hacılı isə azadlıq radiosuna bildirib ki, hazırkı parlamentin buraxılmasını onlar da hər zaman təklif və tələb ediblər: “Biz növbədənkənar parlament seçkisinin keçirilməsinin tərəfdarıyıq. Amma bunun üçün Seçki Məcəlləsi dəyişməli, seçki komissiyaları yenidən formalaşdırılmalı, demokratik seçki mühiti yaradılmalıdır. Həmçinin, proporsional sistemin də bərpası zəruridir”.
REAL Partiyasının sədri İlqar Məmmədov isə parlamentin buraxılması ilə bağlı brifinq keçirib. Brifinqdə İ.Məmmədov bildirib ki, parlament onsuz da buraxılmalı idi: “Biz bu qərarı gözləyirdik və seçkiyə hazırıq. Biz seçkidə iştirak edəcəyik və bütün siyasi partiyaları seçkiyə qatılmağa çağırıram. Prezident Milli Məclisi onsuz da buraxmalı idi. Yeni Konstitusion vəziyyət yaranmışdı. Həmçinin biz 40 min imza toplayıb təqdim etmişdik ki, yeni parlament seçkiləri keçirilsin. Sadəcə bunu qəbul etmirdilər. Sadəcə başqa əsas yaradıb parlamenti buraxırlar. Hər bir halda biz bu qərara hazır idik. Parlament seçkilıəri mühüm bir mərhələdir. Özümüz mütləq iştirak edəcəyik. Hələlik üç namizədimizin seçkidə iştirakına yasaq var, o cümlədən mənim. Rəsul Cəfərovun və Zaur Qurbanovun hüququ tanınmır. Biz yaxın günlərdə hüquqi addımlar atacağıq ki, seçkidə iştirak hüququmuz bərpa olunsun. Digər namizədlərimiz də olacaq. Partiyamızın hazırda seçkidə iştirak üçün 80-90 namizədi var. Bütün siyasi partiyaları seçkiyə aktiv qatılmağa çağırırıq".
REAL sədri İlqar Məmmədov onu da bildirib ki, hakimiyyətin bu addımın hansı zərurətdən atmasını təhlil etməyəcək: “Bir onu deyim ki, erkən parlament seçkiləri Azərbaycan üçün mühüm tarixi məqamdır. Biz xalqı inandıracağıq ki, bu seçki vacibdir və səsləri kimin sayması önəmli deyil. Lazım olarsa biz çıxıb səslərimizi meydanlarda qoruyacağıq”.
ADP sədri Sərdar Cəlaloğlu isə bildirdi ki, yeni konstitusiya növbədənkənar seçkilərin keçirilməsini çoxdan tələb edirdi: “Parlamentin buraxılması xeyli yubanıb. Çox güman ki, parlamentin tərkibi fundamental şəkildə dəyişəcək, indi parlamentdə olan insanların da bir qrupu ora düşməyəcək”.
Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn də bildirdi ki, parlamentin buraxılması qərarı çoxdan gözlənirdi: “İndiki parlamentin fəaliyyət qabiliyyəti yoxdur. Xeyli yaşlı adam var, müxtəlif vəzifələrə təyin olunan deputatlar var, skandallar var, gündəmi də dəyişmək problemi hal hazırda. Azərbaycanın iqtidar düşərgəsində olmayan siyasilər də vəziyyədən çıxış yolunu növbədənkənar seçkilərdə görürlər.
Şəxsən mənim və həmfikirlərimin qənaətincə, ciddi seçki islahatı aparılmasa, bu seçkidə iştirak hadisələrə təsir edən siyasi müxalifətin mütləq əksəriyyəti üçün problemli bir məsələdir və böyük bir ehtimalla böyük əksəriyyət dediyimiz bu seçki islahatı olmadan keçiriləcək seçkilərdə iştirak etməyəcək".
AXCP sədri Əli Kərimli isə bildirib ki, parlamentin buraxılmasına hazırlıq çoxdan gedirdi: “Hiss olunurdu ki, buna hazırlaşır. AXCP və Milli Şuranın seçkilərdə iştirakına gəlincə, bu barədə qərar hələ ki, yoxdur. Heç kimin mövqeyinə təsir etmək istəmədiyim üçün bu məsələdə mövqeyimi açıqlamıram. Bununla bağlı müzakirələrdən sonra qərar veriləcək. Təqribən güman edirəm ki, bizim bu strukturlardan hansı qərarlar çıxa bilər. Ətraflı müzakirə imkanı yaradılacaq . Birinci cavabını verməli olduğumuz sual bu olacaq: Bu şəraitdə seçkilərə qatılmağa dəyər, yoxsa yox? Seçkilər boykot olunmalıdırmı, yoxsa iştirak olunmalıdır? İkinci sual isə budur: seçkidə iştirak olsa necə, boykot olsa necə?”.
“Yeni Müsavat”