Axtarış...

Konstitusiya Məhkəməsi parlamentin buraxılmasının Konstitusiyaya uyğun olması ilə bağlı qərar qəbul edib - YENİLƏNİB-3





© Report / Elchin Murad
Konstitusiya Məhkəməsi Plenumunun iclası müşavirədən sonra davam etdirilib.

"Report" xəbər verir ki, iclasda qərar elan olunub.

Qərarı Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev oxuyub.

Plenum iclasının yekununda Milli Məclisin buraxılmasının Konstitusiyaya uyğun olması barədə qərar qəbul edilib.

*** 12:30

İclasda Milli Məclisin qərarı barədə danışan sorğu verən tərəfin nümayəndəsi - Prezident Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri Gündüz Kərimov çıxış edib.

"Report"un xəbərinə görə, o deyib ki, həmin qərarda Azərbaycan Prezidentindən Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin keçirilməsi xahiş edilib.

G.Kərimovun sözlərinə görə, bu qərar faktiki olaraq parlamentdə çoxluq təşkil edən, Yeni Azərbaycan Partiyasının üzvləri olan deputatların təşəbbüsü və iradəsi, o cümlədən parlamentdə digər partiyalardan olan deputatlar və bitərəf deputatlarla birgə onların böyük əksəriyyəti tərəfindən qəbul edilib: “Parlamentin buraxılması institutu Azərbaycan qanunvericiliyində yeni institutdur. Bildiyimiz kimi, həmin institut 2016-cı ildə ümumxalq səsverməsi yolu ilə Konstitusiyaya daxil edilib. Nə həmin tarixdən əvvəl, nə də sonra müasir Azərbaycan Respublikasının Konstitusiya tarixində bu cür ictimai, siyasi, hüquqi hadisə baş verməyib. Bu müddəa xalq tərəfindən qəbul olunandan sonra da onun tətbiqi üçün şərait formalaşmamış, onun tətbiqi üçün zərurət olmamışdır. Nəticədə göstərilən müddəanın təsir dairəsi, onun tətbiq mexanizmləri müəyyənləşdirilməmiş və Azərbaycan hüquq ictimaiyyətində bu barədə vahid bir fikir formalaşmamışdır. Eyni zamanda Azərbaycan hüquq ədəbiyyatında da bu məsələ tam araşdırılmamışdır. Həmçinin Milli Məclisin buraxılması ictimai, siyasi və hüquqi baxımdan böyük əhəmiyyətə malik hadisədir. Bu hadisənin baş verməsi nəinki birbaşa bugünkü nəticələrə, həmçinin gələcək üçün də çoxşaxəli ola bilər.

Bu təsirlər arasında potensial növbəti seçkilər, yeni qərarlar, yeni qanunlar, parlamentin yeni orqanları, o cümlədən deputatların indiki və gələcək statusu məsələsi ortaya çıxa bilər. Bu gün Konstitusiya Məhkəməsi icraata olan sorğu bu mülahizələrdən irəli gəlir. Sorğunun məqsədi Azərbaycan Respublikası Konstitusiyasının 98.1 maddəsinin hazırki vəziyyətdə tətbiqi əsaslarının olub-olmadığını aydınlaşdırmaq, habelə onun tətbiqinin Konstitusion qaydalarını, prosedurunu müəyyən etmək və müddəanın tətbiqi nəticəsində potensial hər hansı bir hüquqi mənfi nəticənin qarşısını almaqdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev məhz bu mülahizələrdən irəli gələrək qərara almışdır ki, göstərilən sualların aydınlaşdırılması üçün onlar məhz Konstitusiya icraatı çərçivəsində nəzərdən keçirilməlidir.

Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 3-cü hissəsinin 1 bəndini rəhbər tutaraq yaranmış vəziyyətdə Azərbaycan Respublikasının Milli Məclisinin 2019-cu il 2 dekabr tarixli Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilərin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinə müraciət edilməsi barədə Qərarı əsasında Azərbaycan Respublikasının Milli Məclisinin buraxılmasının Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olub-olmaması barədə Konstitusiya Məhkəməsinin qərarının qəbul edilməsini xahiş edirik”.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, bir neçə gün əvvəl Milli Məclisin deputatları Milli Məclisin növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı təşəbbüslə çıxış ediblər və Milli Məclisin dekabrın 2-də keçirilən iclasında bu təkliflərə hüquqi qiymət verilib, Prezidentə növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı müraciət ediblər: “Bu gün sizin araşdırmalarınız nəticəsində gələcəyiniz qərar Azərbaycan dövlətçiliyi baxımından, hakimiyyət qollarının fəaliyyəti baxımından müstəsna əhəmiyyət kəsb edir. Konstitusiyada qeyd olunduğu kimi, Azərbaycan demokratik və hüquqi dövlətdir. Hüquqi dövləti xarakterizə edən isə hakimiyyət bölgüsüdür. Qanunvericilik hakimiyyəti dövlət hakimiyyətinin çox vacib elementidir. Sözsüz ki, Qanunvericilik hakimiyyəti təkcə millət vəkillərinin qanunları qəbul etməsi kimi başa düşülməməlidir. Milli Məclisin konstitusiya ilə üzərinə qoyulmuş və dövlət həyatında müstəsna əhəmiyyət kəsb edən digər funksiyaları var. Konstitusiyamızın 95-ci maddəsinin 16 və 17-ci bəndləri, Konstitusiyamızın 111 və 112-ci maddələrində hərbi vəziyyətin, müharibənin, fövqəladə vəziyyətlə bağlı və bu cür dövlətçilik və xalqımız üçün müstəsna əhəmiyyət kəsb edən məsələlərdə iştirakı zəruridir. Konstitusiyamızın məhz bu mənada qanunvericilik hakimiyyətində xüsusi bir yerini qeyd etmiş olur. 98-1-ci maddədə əlbəttə ki, “Milli Məclis buraxılır” dedikdə, bu baxımdan qanunverici hakimiyyətin funksiyaları dayanır mənasında başa düşülməməlidir. 98-1-ci maddənin buraxılma məqsədi Milli Məclisin qərarında göstərildiyi kimi növbədənkənar seçkilərin keçirilməsidir. Ona görə də, 98-1-ci maddədə Milli məclisin buraxılması Konstitusiyanın 89-cu maddəsində deputatın mandatdan özünün imtinası kimi başa düşülməməlidir. Bu maddələrin hər birinin funksiyası və mənası fərqlidir. Hesab edirəm ki, bütövlükdə deputatların səlahiyyət müddətini həll edən 87-ci maddəyə istinad etməliyik. Çünki “səlahiyyət müddəti yeni çağırışın ilk iclas günü bitir” müddəası bütövlükdə Milli Məclisin səlahiyyət müddətini özündə əks etdirmir”.

Ə.Hüseynli bildirib ki, yeni parlament fəaliyyətə başlayana qədər hazırkı parlament qanunvericilik hakimiyyəti kimi fəaliyyətini davam etdirməlidir.

Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev və ekspert - Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Konstitusiya hüququ kafedrasının dosenti, hüquq üzrə fəlsəfə doktoru Nəsib Şükürovun çıxışından sonra Konstitusiya Məhkəməsi Plenumu müşavirəyə gedib.

*** 11:58

Bu gün Azərbaycan Prezidentinin göndərdiyi sorğuya baxılması üçün Konstitusiya Məhkəməsi Plenumunun iclası başlayıb.

"Report" xəbər verir ki, toplantıya Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev sədrlik edir.

İclasda Azərbaycan Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında” Milli Məclisin müraciətində göstərilmiş parlamentin buraxılması məsələsinin Konstitusiyaya uyğunluğu ilə bağlı dekabrın 2-də Konstitusiya Məhkəməsinə göndərdiyi sorğuya baxılır.

İclasda məruzəçi-hakim Rafael Qvaladze, iclas katibi isə Fəraid Əliyevdir. Konstitusiya Məhkəmə icraatında iştirak edən tərəflər isə aşağıdakılardır:

Sorğu verən tərəfin nümayəndəsi – Prezident Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri Gündüz Kərimov.

Cavab verən tərəfin nümayəndələri – Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri, deputat Əli Hüseynli, Milli Məclisin Aparat rəhbəri Səfa Mirzəyev.

Ekspert isə Bakı Dövlət Universitetinin Hüquq fakultəsinin Konstitusiya hüququ kafedrasının dosenti, Hüquq üzrə fəlsəfə doktoru Nəsib Şükürov.

Qeyd edək ki, Milli Məclisdə çoxluq təşkil edən hakim Yeni Azərbaycan Partiyasının deputatları dekabrın 2-də parlamentin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi ilə bağlı Prezident İlham Əliyevə müraciət ediblər.

Azərbaycan Prezidenti “Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında” Milli Məclisin müraciətində göstərilmiş parlamentin buraxılması məsələsinin Konstitusiyaya uyğunluğu ilə bağlı dekabrın 2-də Konstitusiya Məhkəməsinə sorğu göndərib.

Elə həmin gün Konstitusiya Məhkəməsi Palatasının növbəti iclasında Konstitusiyanın 130-cu maddəsinin III hissəsinin 1-ci bəndinə və “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən, Milli Məclisin 2019-cu il 2 dekabr tarixli “Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Prezidentinə müraciət edilməsi barədə” Qərarı əsasında Milli Məclisin buraxılmasının Konstitusiyaya uyğunluğu barəsində Azərbaycan Prezidentinin sorğusuna baxılaraq, Plenumun icraatına qəbul edilməsi haqqında qərardad çıxarılıb.

*** 09:02

Bu gün Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun iclası keçiriləcək.

"Report" xəbər verir ki, iclas saat 12:00-da baş tutacaq.

İclasda Azərbaycan Prezidentinin dekabrın 2-də göndərdiyi sorğusuna baxılacaq.

Qeyd edək ki, Azərbaycan Prezidenti “Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında” Milli Məclisin müraciətində göstərilmiş parlamentin buraxılması məsələsinin Konstitusiyaya uyğunluğu ilə bağlı dekabrın 2-də Konstitusiya Məhkəməsinə sorğu göndərib.

Elə həmin gün Konstitusiya Məhkəməsi Palatasının növbəti iclasında Konstitusiyanın 130-cu maddəsinin III hissəsinin 1-ci bəndinə və “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən, Milli Məclisin 2019-cu il 2 dekabr tarixli “Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Prezidentinə müraciət edilməsi barədə” Qərarı əsasında Milli Məclisin buraxılmasının Konstitusiyaya uyğunluğu barəsində Azərbaycan Prezidentinin sorğusuna baxılaraq, Plenumun icraatına qəbul edilməsi haqqında qərardad çıxarılıb.
Text-to-Speech

DİNLƏ






Şərh yaz