Azərbaycanda ən çox korrupsiya və mənimsəmə hallarının iddia olunduğu sahələrdən biri də dövlət qurumlarının keçirdiyi tenderlərlə bağlıdır.
"Yeni Sabah” bildirir ki, tenderləri udan şirkətlərin rəhbərləri əksər hallarda ya eyni şəxslər olur və ya hansısa vəzifəli şəxslərin qohumları çıxır.
"Tender haqqında” Qanunda isə göstərilir ki, "tender” — hər hansı bir işin, xidmətin ən səmərəli üsul və aşağı xərclə yerinə yetirilməsi üçün iddiaçılar arasında keçirilən müsabiqədir.
Qanunda qeyd olunur ki, (tender keçirmək hüququ) müvafiq icra hakimiyyəti orqanları, habelə icra hakimiyyəti orqanının tapşırığı ilə digər dövlət orqan və təşkilatları tender keçirə bilər.
Digər ciddi problemlərdən biri isə tenderlərin keçirilməsi zamanı şəffaflığın olmaması ilə bağlıdır ki, bu da qanunvericiliyə zidd olaraq, müsabiqə şərtlərini pozur.
Qanuna görə tender yalnız bu hallarda qapalı keçirilə bilər: tender predmeti üzrə potensial iddiaçıların siyahısı məhdud və məlum olduqda; tender predmeti ölkənin müdafiəsi və təhlükəsizliyi ilə bağlı olduqda; tenderin keçirilməsi üçün ayrılan vəsait məqsədli olduqda…
Azərbaycanda tenderlərlə bağlı məlumatlar əksər hallarda yalnız statistik xarakter daşıyır və formal açıqlamalar tenderlərin şəffaf keçirilmədiyi barədə şübhələr yaradır…
İnfrastruktur layihələrinin büdcəsinin sonradan artırılması ilə bağlı əsas problemlər isə əsasən satınalmalardan başlanır.
"Dövlət satınalmaları haqqında" Qanuna əsasən 5000 manatadək olan satınalmalar müqavilə, 5000-50000 manat arası satınalmalar kotirovka sorğusu metodu, qiyməti 50000 manatdan çox olan işlərin/malların/xidmətlərin satınalınması istisna yoxdursa, açıq tender üsulu ilə həyata keçirilir.
2016-cı ildən bu prosesə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti (əvvəl Azərbaycan Respublikasının Satınalmalar üzrə Dövlət Agentliyi) nəzarət edib, lakin şəffaflıqla bağlı problemlər hələ də qalır. Hətta Nazirlər Kabinetinin, Maliyyə Nazirliyinin kollegial qərarları da prosesin şəffalığını təmin edə bilmir.
Aqrument.Az-ın araşdırmasına görə, Salyan rayonunda son iki ildə keçirilən tenderlərdə də şübhəli məqamlar var.
Buraya Salyan Rayon İcra Hakimiyyəti və rayondakı aidiyyəti qurumların elan etdiyi tender və kotirovkalar daxildir. Elə Salyan sakinlərinin şikayətləri də bununla bağlıdır.
Təkcə 2017-2018-ci illərdə Salyanda 70-dən çox "tender "müsabiqəsi” keçirilib ki, həmin tenderlərin 68-i barədə açıq mənbələrdə məlumat var.
Saytın sakinlərin şikayəti əsasında internet üzərində apardığı araşdırmalar zamanı məlum olub ki, təkcə "İlkin-N” MMC şirkəti siyahı üzrə 26 tenderin qalibi olub. Qanuni təmsilçisi Abbasov Qurban İsmayıl oğludur. Şirkətin hüquqi ünvanı isə Salyanın Qarabağlı kəndidir.
Şirkətin rəsmi saytında qeyd olunur ki, əsas partnyorları "Salyan OİL”, "Shirvan Oil" Operating Company, "SOCAR”, "Gulf Drilling", Binagadi OİL”, "Caspian Pipe” Gdating, "AOC”, "Bahae Enerji Əməliyyat Şirkəti”, "Azpetrol” və şirkətlərdir.
Digər bir şikayət isə "Sabirbad İnşaat” MMC ilə bağlıdır ki, bu şirkət də 18.04.2017-ci ildə qeydiyyata alınıb və həmin il 6 tenderdə iştirak edib. Salyanda əsas işləri görən bu MMC-nin hüquqi ünvanı Sabirabadın Şıxsalahlı kəndidir. Qanuni təmsilçisi isə Mirzəyev Mehman İlham oğludur.
Salyan sakinləri deyiblər ki, rayonda "Hacı Qurban” kimi tanınan "İlkin-N” MMC-nin rəhbərinin icra başçısı Sevindik Hətəmovla yaxın əlaqələri var.
"Bu, o qədər universal şirkətdir ki, ətraf rayonların bütün idarə və müəssisələrin işlərini görür. Bakıda övladına "Galenvagen"lə təmtarağlı toy edən Hacı Qurban, sadəcə, sənədləşmə işlərini görüb pulu nağdlaşdırmaqla məşğuldur. Öz dili ilə desək, başqa işlər onluq deyil. Sevindik müəllim rayonda çəkilmiş asfalt örtüyünü təkrar yamamaqdan yorulmur ki, yorulmur...”, - onların müraciətində bildirilir.
Sakinlər deyilər ki, rayonda görülən işlər formal xarakter daşıyır: "Diqqət edin, ən gülünc hal isə "Sabirabad İnşaat” MMC-nin Salyan rayonunda bayram tədbirlərinin keçirilməsinə 46 000 manat vəsait silməsidir. Salyanda tədbir keçirən İcra hakimiyyəti rayonda şirkət tapmır, Sabirabaddan gətirir. Ən gülməlisi də odur ki, inşaat şirkəti bayram tədbirləri təşkil edir. Deyirlər ki, aztəminatlı ailələrə verilən tikinti materiallarının satın alınması üçün 275.973.59 AZN pul xərclənib? Hanı, kimə xərclənib, kim ala bilib bu pulu?”.
"Sevindik Hətəmovun Yardımlıda bəzi uğurlu işlər gördüyü deyilirdi. Salyana gələndə sevindik ki, Sevindik gəlir, amma gələndən sonra sevinmədik. Çünki gördüyü işlər və nəticə ortadadır. Amma bu işlər təkcə onların nəzarətində deyil, özləri də deyirlər ki, yüksək rütbəli məmurlar da bu milyonlara ortaqdır”, - şikayətdə vurğulanır.
İqtisadçı ekspert Natiq Cəfərli sayta açıqlamasında tender və kotirovkaların şəffaf həyata keçirilmədiyini deyir.
"Azərbaycanda dövlət qurumlarının sifarişçisi olduğu tender və kotirovkalarla bağlı uzun müddətdir ki, araşdırmalar gedir. Bu sahədə şəffaflığın olmadığını deyirik. Qanunvericilikdə də bu məsələ tam təsbit olunmayıb. Boşluqlar var. Çünki çox vaxt maraqlar konlikti nəzərə alınmır, amma heç qanunvericilikdə təsbiq olunan qadağalara da əhəmiyyət verilmir. "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanunu"da satınalmaların həyata keçirilməsi zamanı maraqların ziddiyətini ayırd edən xüsusi maddə var. Qanunun 13.1-ci maddəsində Satınalan təşkilatdan hüquqi, maliyyə və ya təşkilati asılılığı olan malgöndərənlərin (podratçıların) həmin təşkilat tərəfindən keçirilən satınalma prosedurlarında iştirakına yol verilmədiyi qeyd olunur. Qanunun 13.3-cü maddəsində isə podratçının onun tabe olduğu baş müəssisənin və ya onun filialının (nümayəndəliyinin) əməkdaşı olan şəxslər satınalma prosedurlarına dair sənədlərin hazırlanmasına cəlb edilməsinin yolverilməz olduğu bildirilir. Amma biz dəfələrlə bu halların pozulduğunu görürük", - ekspert bildirir.
2017-ci ildə yaradılan qurumun bir neçə ay ərzində 6 tender udmasına gəlincə, ekspert deyir ki, əslində, tenderi udan şirkətin təcrübəsi olmalıdır: "Nadir hallarda, yalnız Nazirlər Kabinetinin qərarı əsasında şirkət tenderi uda bilər. Elə işlər var ki, qısa zamanda və ya təcili başa çatdırılmalıdır. Bu halda Nazirlər Kabineti qərar qəbul edə bilər ki, hansısa şirkət yeni yaranmasına baxmayaraq, tenderdə iştirak etsin. Amma aydın görünür ki, tenderlərdə korrupsiya faktları mövcuddur".
Salyan Rayon İcra Hakimiyyəti mövzu ilə bağlı saytın sorğusuna cavab verməyib.
"Yeni Sabah”