Bu günlərdə Milli Qəhrəman Albert Aqarunovun xatirəsini əbədiləşdirmək məqsədilə Bakının mərkəzi hissəsində onun heykəli ucaldılıb. Heykəlin açılış mərasimində Milli Qərhəmanın İsraildə yaşayan qardaşı da iştirak edib.
Aqarunova heykəl qoyulması məsələsi sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. Feysbuk istifadəçilərinin bir qismi belə hesab edir ki, Aqarunova ayrıca münasibət göstərmək lazım deyildi. Qarabağ uğurunda bir çox qəhrəmanlar var ki, onlara da heykəl qoyulmalıdır. Hətta bəziləri Aqarunovun yəhudi kökənli olmasına işarə edərək, ona heykəlin qoyulmasında başqa məqamlar axtarırlar.
Amma bir çoxları da, Aqarunova heykəl ucaldılmasının təqdirəlaiq hal olduğunu deyir. Qarabağ qazisi, hərbi jurnalist Rey Kərimoğlu Sherg.az-a deyib ki, əgər bir insan Azərbaycan üçün döyüşübsə, onun hansı millətdən olmasının fərqi yoxdur:
“Alberti şəxsən tanımıram. Ancaq qəhrəmanlığı barədə xəbərim var. Bu addım çox təqdirəlayiqdir. Milli Qəhrəmanlarımıza heykəllər ucaldılması gənclər arasında hərbi-vətənpərvərlik ruhunun yüksəldilməsi istiqamətində də, mühüm əhəmiyyətə malikdir. Düşünürəm ki, təkcə şəhidlərimizə yox, həm də həyatda olan Milli Qəhrəmanlarımıza heykəllər ucaldılmalıdır”.
Qarabağ qazisi sözü gedən məsələ haqqında tənqidi fikirlər səsləndirənlərə də cavab verib:
“Təbii ki, hər insanın öz yanaşması, düşüncəsi var. Amma, məncə, bu səhv fikirdir ki, yəhudi millətindən olan birinə niyə heykəl qoyulur?! Albert yəhudi olsa da, Azərbaycan torpağı üçün canından keçib, şəhid olub. Hətta milli qəhrəmanlar arasında Rusiyadan, Ukraynadan olanlar da var. Düşünürəm ki, milliyət fərqi olmadan bütün milli qəhrəmanlarımızın xatirəsi əbədiləşdirilməlidir”.