Havalar bir qədər soyuyan kimi ölkədə yenidən dəm qazından zəhərlənmə halı müşahidə olundu. Belə ki, noyabrın 6-da Bakı şəhərinin Yasamal rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 68 yaşlı Kərimova Sevda Turab qızının meyitini aidiyyəti üzrə təhvil veriblər. APA-nın əldə etdiyi məlumata görə, S.Kərimova dəm qazından zəhərlənib. Həmin günü İmişli şəhərində 2004-cü il təvəllüdlü Həsənov Bilal Ramazan oğlu da kirayə yaşadığı evdə vanna otağında çimərkən dəm qazından zəhərlənərək ölüb.
O, xəstəxanaya aparılsa da yolda keçinib. Azyaşlının meyiti müayinə olunmaq üçün aidiyyəti üzrə təhvil verilib.
Noyabrın 2-də isə Suraxanı rayonu, Əmircan qəsəbəsi, A.Rzayev küçəsi 28, mənzil 1-də yaşayan, 1962-ci il təvəllüdlü Tağıyev Etibar Abdulla oğlu yaşadığı evdə dəm qazından zəhərlənərək ölüb. Diqqət etsək görərik ki, havalar soyuyan kimi dəm qazından zəhərlənmələr baş verir.
İllərdir ki, dəm qazından zəhərlənmənin qarşısını almaq üçün təbliğat vasitələri işə salınır, insanlar diqqətli olmağa çağırılır. Lakin bununla belə yenə də dəm qazından zəhərlənmə hallarının qarşısını almaq mümkün olmur. Rəsmi statistik məlumatlara görə 2018-ci ildə dəm qazından boğularaq ölənlərin sayı ümumilikdə 28 nəfər olub. Azərbaycanda bu ilin yanvar-oktyabr (oktyabrın 25-dək) ayları ərzində 144 nəfər dəm qazından zəhərlənmə şikayəti ilə Səhiyyə Nazirliyinin Kliniki Tibbi Mərkəzinə (KTM) müraciət edib.
Son zamanlar sosial mediada bildirilir ki, qazın tərkibində zəhər var. Yaxud da bildirilir ki, qaz təmizlənməmiş formada evlərə verilir. Bəs bu, nə qədər realdır?
Məsələ ilə bağlı “Azəriqaz” İstehsalat Birliyinin mətbuat katibi Ceyhun Səfərov modern.az saytına bildirib ki, əgər qazın tərkibinə zəhər qatılıbsa, onda gərək hər kəs zəhərlənsin və ölsün: “Bu zəhərlənmə halları da tək-tək hallarda baş verir. Görünür vətəndaş bu kimi məsələlərdə məlumatsızdır. Vanna otaqları qapalı olur, heç bir dəlik açılmır. Tüstü bacaları vaxtında təmizlənmir. Nəticədə baca dolur, içəriyə zəhərli hava daxil olur, vətəndaş hiss etmədən zəhərlənir”.
“Yeni Müsavat”a danışan ekspert Nüsrət Qasımov bildirib ki, əslində qazın çirkli olmasından deyil, cihazların nasazlığından danışmaq lazımdır:
“İnsanlar cihazların sazlığını yoxlamırlar. Bu da tam yanmanın qarşısını alır. Nəticədə dəm qazı meydana çıxır və zəhərlənməyə səbəb olur. Ona görə də insanlar ilk növbədə cihazlarının sazlığını yoxlamalıdırlar. Yeri gəlmişkən bir məqamı da deyim ki, qazdan boğulma halı olmur. Bu, zəhərlənmə halıdır. Ancaq mediada çox zaman ”boğuldu" kimi yazırlar. Bu, doğru deyil. Mövzuya qayıdaraq bildirim ki, “Azəristiliktəchizat” ASC açıqlama verir ki, yalnız noyabrın 15-də istiliyi verə bilər. Bir statistikaya baxaq görək ki, noyabrın 15-nə qədər neçə adam qazdan zəhərləndi? Bəlkə oktyabrda qar yağdı. O zaman camaat yorğana bürünüb gəzməlidir? Bu, köhnədən qalma bir sistemdir və ləğv edilməsinin də vaxtı çoxdan yetişib. Dəm qazından daha çox zəhərlənmə halları vanna otağında baş verir. Bunun da səbəbi odur ki, qaydalara əməl edilmir. Bir daha həmin qaydaları insanların diqqətinə çatdırıram ki, bunlara əməl etməklə, həyatlarını riskə atmasınlar. Belə ki, vanna otağının həcmi 7.5 kubmetr olmalıdır. Hündürlüyü 2.20 sm, qapısı da bayıra açılmalı və aşağısında deşiklər olmalıdır. Səbəb də xaricdən havanın daxil olaraq, yanma prosesinə kömək etməsidir. Havalandırma elə işləməlidir ki, 1 saatda 3 dəfə içərinin havası dəyişsin. Heç kim bu normativlərə fikir vermir. Özbaşınalıq, səhlənkarlıq isə ölümlərə səbəb olur. Bəziləri deyir ki, qazımız zəhərlidir. Yaxşı bu qaza zəhəri kim qatıb? Bütün dünya üzrə qəbul olunub ki, ən təmiz qaz Azərbaycanda çıxarılır. Tərkibi 94-96 faiz metandan ibarətdir. Qazla məşğul olan ustaların da lisenziyası olmalıdır ki, bu da yoxdur. Şəxsin özü qaz qurğularını quraşdırmamalıdır. Çünki o, müvafiq standartları bilmədiyi üçün yanlışlığa yol verə bilər. Qazla yanlış davranış isə faciə ilə nəticələnir. Bundan əlavə gecə yatan zaman da qızdırıcını mütləq söndürmək lazımdır. Çünki gecə saatlarında qaz kəsilə, yaxud bacadakı problem səbəbindən dəm qazı formasında evə dola bilər. Bunun da sonu bəllidir. Qazı yandırma qaydasına da diqqət etmək lazımdır. Öncə odu gətirmək lazımdır, sonra qazı açmaq gərəkdir. Rezin, plastik borularla qaz çəkmək olmaz. Havalandırma sisteminə də diqqət etmək lazımdır. Dəm qazının iyi var. Bu, sarımsaq iyinə oxşayır. Həmçinin dəm qazı gözü də acışdırır. Bunlara diqqət etmək lazımdır ki, həyatda qalasınız".
“Yeni Müsavat” olaraq ən çox qazdan zəhərlənmə hallarına hansı səhlənkarlıq hərəkətinin səbəb olduğunu qeyd edirik:
- suyu qazla qızdırılan duş və vanna otaqlarında nəfəsliklərin olmaması (duş qəbul edən şəxsi nəzarətdə saxlamaq və tez-tez maraqlanmaq vacib şərtdir);
- soba ilə qızdırıcı sistemlərdə texniki təhlükəsizlik qaydalarının pozulması;
- standarta uyğun olmayan və kustar yolla hazırlanmış qızdırıcı cihazlardan istifadə edilməsi;
- sobanın qapağının vaxtında bağlanmaması;
- yanacağa yanma üçün lazımı miqdarda havanın daxil olmaması;
- tüstü çıxarıcı boruların və tüstü bacasının yaxşı işləməməsi;
- sobanın və tüstü çəkən bacanın nasaz vəziyyətdə olması;
- sobada və borularda çatların və nasazlıqların olması;
- insanların yanğın ocaqlarında olması;
- qarajda avtomobilin işlək vəziyyətdə olması.